Rusiya və Çindən ABŞ-a qarşı İTTİFAQ
Bizi izləyin

Digər

Rusiya və Çindən ABŞ-a qarşı İTTİFAQ

Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında Pekində görüş keçirilib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, danışıqların nəticəsinə görə birgə bəyanat imzalanıb.

15 səhifəlik bəyanatda ikitərəfli münasibətlərə aid müxtəlif məsələlər, həmçinin beynəlxalq problemlər əksini tapıb.

Tərəflər bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi və bu hədəflər üçün yüksək səviyyədə strateji dialoqun inkişaf etdirilməsi niyyətini ifadə ediblər. Sənədin mətninə əsasən, 2001-ci il iyulun 16-da imzalanan dostluq və əməkdaşlıq haqqında müqavilə müasir mərhələdə və uzunmüddətli perspektivdə ikitərəfli münasibətlərin konseptual əsası olaraq qalır. Bundan başqa, bəyanatda deyilir ki, ölkələr ikitərəfli münasibətlərin yeni mərhələyə çıxarılmasına yönəldilən birgə səylərə hazırdır.

Sənəddə həmçinin İranın nüvə sazişi üzrə beynəlxalq razılaşmaya toxunulub. ABŞ-ın sazişdən çıxmasından məyusluq ifadə olunub və qeyd edilib ki, Rusiya ilə Çin İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planının saxlanılması üçün bütün mümkün səylərə təşəbbüs edəcək.

Bundan başqa, Moskva və Pekin Koreya yarımadasının nüvə probleminin sülh yolu ilə həlli üzrə səyləri əlaqələndirməyə davam edəcək.

Rusiya və Çin həmçinin Suriyanın ərazi bütövlüyünün saxlanılmasına dəstəyini ifadə ediblər. Artan qeyri-sabit şəraitdə Rusiya və Çin strateji təhlükəsizlik məsələləri üzrə konsultasiyaları dərinləşdirməyə razılaşıblar.

“Rusiya və Çin iki ölkənin silahlı qüvvələri arasında strateji əlaqələr və koordinasiya qurmaq, hərbi əməkdaşlığın mövcud mexanizmlərini təkmilləşdirmək, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı münasibətləri genişləndirmək, qlobal və regional təhlükəsizlik çağırışlarına qarşı birgə durmaq niyyətindədir", - sənəddə qeyd edilir.

Sənədin mətninə əsasən, tərəflər hüquq-mühafizə və təhlükəsizlik sferalarında əməkdaşlıq mexanizmlərindən tam ölçüdə istifadə edəcəklər.

Putin və Si Cinpin bəyanatda BMT Təhlükəsizlik Şurasının mandatı və ya ölkənin qanuni hökumətinin razılığı olmadan hərbi əməliyyatların keçirilməsi cəhdlərinə mane olmaq niyyətini ifadə ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm