• USD 1,7000 0,00% EUR 1,8941 +0,46%
    • GBP 2,2470 +0,60% RUB 0,0269 +0,74%

Si Cinpin: “Bu müharibələrin qalibləri olmayacaq”

Si Cinpin: “Bu müharibələrin qalibləri olmayacaq”

Çin Xalq Respublikasının sədri Si Ci Cinpin Yohannesburqda BRİKS ölkələrinin (CAR, Çin, Rusiya, Braziliya və Hindistan) biznes forumunun açılış mərasimində dünyanı ticarət müharibələrindən imtina etməyə çağırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu müharibədə qaliblərin olmayacağını bildirib.

“Ticarət müharibələri rədd edilməlidir, çünki onların qalibi olmayacaq. İqtisadiyyatda hegemonluq yolunu gedənlər özləri ilə daha çox maneələr gətirir, onlar özlərinə ziyan vuracaqlar. Hazırda insan sivilizasiyası heç vaxt rastlaşmadığı vəziyyətlə rastlaşır. Bu, inkişaf edən ölkələr üçün də yeni imkanlar və çağırışlar təqdim edir”, - o deyib.

Si Cinpin BRİKS dövlətlərini birtərəfli hərəkətlərə və proteksionizm siyasətinə qarşı çıxış etməyə çağırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp CNBC telekanalına müsahibəsində Vaşinqtonun ehtiyac yaranacağı halda, Çindən idxal olunan bütün məhsullara rüsumları tətbiq etməyə hazır olduğunu açıqlayıb.

“Mən 500 milyard dollarlıq rüsumları tətbiq etməyə hazıram. Mən bunu siyasətə görə deyil, ölkəmiz üçün faydalı şeyləri etmək üçün edirəm. Biz Çin tərəfindən çoxdan aldadılmışıq”, - prezident birbaşa yayımda deyib.

Statistikaya əsasən, 2017-ci ildə ABŞ Çinə 129,9 milyard dollarlıq məhsul ixrac etdiyi halda, Çinin ABŞ-a ixracı 505,5 milyard dollar təşkil edib.

Xatırladaq ki, ABŞ hökuməti iyulun 6-da 34 milyard dollar dəyərində qiymətləndirilən Çinin 800-dən çox məhsuluna 25 faiz həcmində gömrük vergisi tətbiq etməyə başlayıb. Çin elə həmin gün ABŞ-ın gömrük rüsumlarına qarşı cavab addımı atıb. Pekin ABŞ-ın 800 məhsulunun idxalına 25 faizlik gömrük rüsumu tətbiq edib.

Çin Gömrük İdarəsinin verdiyi məlumata görə, rüsumların ümumi məbləği 34 milyard dollar təşkil edir.

Ötən həftə mənbələrə istinadən “The Wall Street Journal” nəşri bildirib ki, Amerika hakimiyyəti Çin mallarına 200 milyard dəyərində növbəti rüsumları tətbiq etməyə hazırlaşır.

Ekspertlər xəbərdarlıq edirlər ki, iki qüdrətli ölkənin ticarət məsələsində razılığa gəlməməsi qlobal iqtisadiyyata ciddi təsir edəcək və beynəlxalq ticarət müharibəsinə səbəb olacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR