Çin idxal və ixrac rüsumlarını azaldır
Bizi izləyin

Digər

Çin idxal və ixrac rüsumlarını azaldır

Çin gələn il yanvarın 1-dən etibarən 700-dən çox adda məhsulun idxal və ixrac rüsumlarını azaldacaq və ya müvəqqəti ləğv edəcək.

Publika.az xəbər verir ki, bu barədə Çinin Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilən elanda qeyd edilir. Bildirilir ki, rüsumların azaldılması “Bir kəmər, bir yol” təşəbbüsünü və Çinin digər ölkələrlə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsini dəstəkləmək, daxili bazarın xaricə daha çox açılmasını təşviq etmək məqsədi daşıyır.

Təyyarə mühərrikləri, təbii toxumlar da daxil olmaqla ölkədə ehtiyac duyulan məhsullara tətbiq olunan idxal rüsumları azaldılacaq. Məhsulların idxal rüsumları azaldılacaq ölkələr arasında azad ticarət sazişlərinin imzalandığı Yeni Zelandiya, Peru, Kosta-Rika, İsveçrə, İslandiya, Cənubi Koreya, Avstraliya da var.

Elana əsasən, Çin gələn il iyulun 1-dən daha 300 adda yüksək texnologiya məhsulunun rüsumlarını aşağı salacaq.

Bundan başqa, yanvarın 1-dən etibarən gübrə və dəmir filizi daxil olmaqla, 90 adda məhsul ixrac rüsumlarından azad ediləcək.

Qeyd edək ki, Çin bundan əvvəl avtomobil və dərmanlar da daxil olmaqla, bir neçə məhsulun idxal rüsumlarını aşağı salıb. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm