İŞİD-in qlobal şəbəkəsi: 3 qitə, 20 ölkə - XƏRİTƏ
Bizi izləyin

Dünya

İŞİD-in qlobal şəbəkəsi: 3 qitə, 20 ölkə - XƏRİTƏ

Suriya və İraq ərazisinin xeyli hissəsini ələ keçirərn “İslam dövləti” (İŞİD) terror qruplaşmasının qlobal müttəfiqlərinin sayı artır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Afrikada “Boko Haram” qruplaşmasından sonra “Əl-Qaidə”nin Afrikadakı qolu hesab olunan “Eş-Şebab” təşkilatı da İŞİD-ə biət etməyə hazırlaşır.

İngiltərənin “Daily Mail” qəzetinin ingilis kəşfiyyatı, Somali ordusu və “Eş- Şebab” təşkilatının yüksək vəzifəli komandirinə istinadən verdiyi xəbərə görə, təşkilat İŞİD-lə gizli danışıqlar aparır. Təxminən 9 min üzvü olan, Somali və Keniyada terror aktları təşkil edən “Eş-Şebab” İŞİD-in liderlər qrupu ilə ötən ay Somalinin paytaxtı Moqadişunun yaxınlığında toplantı keçirib. “Eş-Şebab”ın komandiri qeyd edib ki, təşkilatın lider heyəti hələ qərar verməsə də, yaxın 1-2 həftə ərzində İŞİD-ə biət edilməsi barədə qərar açıqlana bilər.

İŞİD Nigeriyadan Pakistana qədər bir çox ölkədə fəaliyyət göstərən cihadçı qruplaşmaların simpatiyasını qazanıb. Təşkilata ilk biət edən qrup Misirin Sinay yarımadasındakı “Ənsar Beyt əl-Makdis” təşkilatı olub.

İŞİD-in Liviya qolu isə noyabr ayında təşkilatın lideri Əbubəkr Əl-Bağdadiyə biət etdiyindən sonra xeyli aktivləşib. Noyabr ayında Liviyada üç “İŞİD vilayəti”nin yaradıldığı elan edilib. Liviyada əsasən əcnəbiləri hədəf alan təşkilat ötən ayın əvvəlində Sirt şəhərində nəzarəti tamamilə ələ keçirdiyini açıqlayıb.

Əlcəzairdə ötən il “Əl-Qaidə”nin Şimali Afrika qolundan ayrılan “Cundi El-Hilafa” özünü İŞİD-in “Əlcəzair Vilayəti” elan edib. Pakistanlı keçmiş Taliban komandiri Hafiz Sayed bu ilin yanvarında 10 cihadçı liderlə birlikdə İŞİD-ə biət edib. Lakin o, bir neçə gün bundan əvvəl Əfqanıstanda təşkil edilən hava hücumunda öldürülüb.

Mart ayında Nigeriya, Niger və Çadda təsirli olan “Boko Haram” təşkilatı İŞİD-lə ittifaq qurduğunu açıqlayıb. İŞİD-ə son qatılan Rusiyanın Şimali Qafqaz bölgəsində mücahidləri ətrafına toplayan “Qafqaz Əmirliyi” (“İmarat Qazfqaz”) olub. Təşkilatın Tunis, İndoneziya və Filippində də tərəfdarlarının olduğu və tezliklə bu ölkələrdə “özək”lərin yaradılacağı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm