Dünya məhvə doğru: Rusiya və ABŞ nüvə müharibəsini bu silahlarla aparacaq
Bizi izləyin

Dünya

Dünya məhvə doğru: Rusiya və ABŞ nüvə müharibəsini bu silahlarla aparacaq

İyulda Rusiya və ABŞ taktik nüvə silahlarını - Rusiya “İskəndər -M” raket komplekslərini, Birləşmiş Ştatlar isə əsas istilik-nüvə silahının yeni modifikasiyası olan B61-12 atom bombalarını sınaqdan keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The National Interest” nəşri yazır.

Nəşr bildirir ki, Rusiya Kalininqrad vilayətində yeni “İskəndər-M” raket komplekslərini yerləşdirə bilər. ABŞ-ın isə Avropadakı hərbi bazalarının nüvə arsenalını yeniləməyə hazırlaşdığı bildirilir.

Rusiya Silah Qüvvələrinin Cənub hərbi dairəsi “İskəndər-M”döyüş raketlərinin tətbiqi ilə keçiriləcək təlimlərə hazırlaşır. Təlimlər Həştərxan vilayətindəki Kapustin Yar poliqonunda keçiriləcək. Daha əvvəl Rusiyanın müdafiə sənayesinin nümayəndələri bildiriblər ki, “İskəndər-M” operativ-taktik raket komplekslərinin bütün sertifikatlı sınaqları 2015-ci ilin sonuna kimi başa çatdırılacaq.

Qeyd edək ki, “İsgəndər M” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər M” raketlərinin əsas özəlliyi ondan ibarətdir ki, bu raketlər xüsusi uçuş trayektoriyasına malikdir və hələ dünyada mövcud olan heç bir raketdən müdafiə sistemi, o cümlədən İsrail və ABŞ-ın sərəncamında olan raketdən müdafiə sistemləri onu vura bilməz. Yaxın gələcəkdə də heç kimin belə raketdən müdafiə sisteminə malik olacağı gözlənilmir.

Bir neçə il bundan əvvəl Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemlərinin elementlərini yerləşdirmək planlarına cavab olaraq “İsgəndər M” raketlərini Kalininqrad vilayətinə yerləşdirib. Müxtəlif təyinatlı döyüş başlıqları daşıya bilən “İsgəndər M” raketləri kvaziballistik, yəni manevrli hərəkət trayektoriyasına malikdir. Bütün uçuş boyu raket avtomatik olaraq aerodinamik və qazodinamik sükanlar vasitəsilə idarə olunur. “Stels” texnologiyası ilə hazırlanıb və radarlara yaxalanmır. Yer səthindən cəmi 50 metr hündürlükdə uçur və bu səbəbdən onu radarlarla aşkar etmək praktiki olaraq mümkün deyil.

“The National Interest” nəşri xatırladır ki, Rusiya Kalininqrad vilayətində “İskəndər M” raket komplekslərini yerləşdimək barədə niyyətini dəfələrlə ifadə edib. Nəşr diqqətə çatdırır ki, Kalininqrad vilayəti NATO-ya üzv ölkələrin - Polşa və Baltikyanı ölkələrin qonşuluğunda yerləşir.

“Birləşmiş Ştatlar çətin ki, Rusiyanın nüvə silahını müasirləşdirməsinə laqeyd qalacaq. Nüvə Təhlükəsizliyi üzrə ABŞ-ın Milli Administrasiyası (NNSA) və ABŞ Hərbi Hava Qüvvələri iyul ayının əvvəlində B61-12 ağır atom bombasının ilk sınaqlarını keçirdi. Bu, 2015-ci ilə planlaşdırılan üç sınaqdan birincisi idi. Bomba “F-15E Strike Eagle” təyyarəsindən atılıb. B61-12 Silahlı Qüvvələrin arsenalına daxil edilməsindən sonra ABŞ-ın əsas istilik-nüvə silahı olan B61 bombasının əvvəlki modifikasiyalarını əvəz edəcək”, - ABŞ nəşri dəqiqləşdirir.

Nəşrin məlumatına görə, ABŞ B61 bombalarını Avropanın beş ölkəsindəki altı Amerika hərbi bazasında yerləşdirib.

Qeyd edək ki, ABŞ iyulun 10-da Nevada ştatının Tonop poliqonunda yeni nüvə bombasının sınağını həyata keçirib. Rusiya Müdafiə Nazirliyi buna dərhal reaksiya verib. Müdafiə nazirinin müavini Anatoli Antonov Vaşinqtonun bu addımını təxribat adlandırıb.

"Nüvə silahının sınağının keçirilməsi Vaşinqtonun "nüvə silahları olmamalıdır" bəyanatına tamamilə ziddir. Yeni sınağın həyata keçirilməsi F-15E bombardmançı qırıcıların nüvə başlıqlı silahları daşımasını sübut edən faktdır. Bu, onu deməyə əsas verir ki, nüvə sınağı В61-12 atom bombasının Avropada yerləşdirilən NATO bombardmançı qırıcılarında istifadə mümkünlüyünü yoxlamaq üçün keçirilib", - Antonov bildirib.

Nazir müavininin sözlərinə görə, bu sınaqlar ABŞ-ın Avropada Rusiya ərazilərini dəqiq vura bilən nüvə silahlarını yerləşdirmək planının olduğunun bariz nümunəsidir.

Amma bundan daha əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunun nüvə arsenalına bu il 40 yeni qitələrarası və ballistik raket daxil ediləcəyini bildirib. Onun sözlərinə görə, Rusiya ordusunun nüvə arsenalına bu il əlavə olunacaq yeni qitələrarası və ballistik raketlər hər cür müdafiə sistemlərini keçə biləcək gücdə olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm