Kreml mühacirət hökuməti yaratdı: Poroşenkonu onunla əvəz edəcəklər
Bizi izləyin

Dünya

Kreml mühacirət hökuməti yaratdı: Poroşenkonu onunla əvəz edəcəklər

Ukraynadan qaçaraq Rusiyaya sığınan sabiq baş nazir Nikolay Azarov Ukrayna prezidenti postuna “layiqli namizəd”in adını açıqlayıb.

Publika.az “RBK-Ukrayan” agentliyinə istinadən xəbər verir ki, Azarovun fikrincə, Ali Radanın keçmiş deputatı Vladimir Oleynik Pyotr Poroşenkonu əvəz etməlidir.

Sabiq baş nazir bu barədə Ukraynanın Qurtuluşu Komitəsinin yaradılması ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Azarov Ukraynın Qurtuluş Komitəsini isə “mühacirətdəki hökumət” kimi təqdim edib. Onun sözlərinə görə, təşkilat prezident postuna Oleynikin namizədliyini irəli sürməyə qərar verib və bu barədə qərar yekdilliklə qəbul edilib. Sabiq baş nazir təşkilatın üzvlərinin Ukraynanın ərazisində də gizli fəaliyyət göstərdiyini deyib. Azarovun sözlərinə görə, yaxın vaxtlarda yaradılmış komitənin üzvlərinin adlarını təhlükəsizlik səbəbindən açıqlaya bilməz: “Çünki onlar Ukraynada yaşayır və işləyirlər. Onların adlarının açıqlanması isə çox təhlükəlidir. Vaxt gələndə onları Ukrayna xalqına təqdim edəcəyik. Əmin edə bilərəm ki, bu insanlar vətənpərvərlərdir və indiki hakimiyyətlə bağlı deyillər. Biz bilirik ki, kimlər Ukraynada dövlət çevrilişini həyata keçirərək öz xalqı ilə dialoqdan imtina edib. Qurtuluş Komitəsi hesab edir ki, ölkənin siyasi rəhbərliyi dəyişmədən razılığı bərpa etmək mümkün deyil. Təəssüf ki, Qurtuluş Komitəsi Ukraynadan kənarda yaradılır, amma əminəm ki, biz qayıdacağıq. Biz Ukrayna xalqına müraciət edirik, biz Ukraynanın inkişafı üçün məsuliyyəti öz üzərimizə götürməyə hazırıq”.

Mətbuat konfransında Azarov həmçinin qeyd edib ki, hazırkı Ukrayna hakimiyyəti qeyri-müstəqildir və Qərbin göstərişi üzrə hərəkət edir: “Bu rejim qeyri-müstəqildir. Onlar sadəcə əmrləri yerinə yetirirlər və buna görə də kreditlər şəklində tulapayları alırlar”.

Azarov Qurtuluş Komitəsinin adından Ukraynada bütün səviyyələrdə növbədənkənar seçkilərin keçirilməsini tələb edib. Sabiq baş nazir əlavə edib ki, ona və silahdaşlarına qarşı saxta ittihamlarla cinayət işləri qaldırılıb.

Qeyd edək ki, Poroşenkonun əvəzedici kimi təqdim olunan Vladimir Oleynik də hazırda Rusiyadadır və barəsində axtarış elan edilib. Azarovla birlikdə mətbuat konfransında iştirak edən Oleynik bildirib ki, onlar Luqansk və Donetskə Kiyev vasitəsilə qayıdacaqlar.

Vladimir Oleynik Ukrayna siyasətçisi və menecerdir. O, beşinci, altıncı və yeddinci çağırışlarda Ali Radanın deputatı olub. Oleynik qalmaqallı 2014-cü il 16 yanvar qanunlarının həmmüəllifi kimi də xatırlanır.

Nikolay Azarov isə mütəmadi olaraq Moskvada təşkil etdiyi mətbuat konfranslarında Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü siyasəti təbliğ edir və anti-Kiyev bəyanatları verir. Bu baxımdan da onun Poroşenkonun əvəzləyicisi kimi görmək istədiyi şəxsin həm də Kreml tərəfindən qəbul olunan şəxs olması ehtimalı olduqca yüksəkdir.

“Qazeta.ru” saytının iddiasına görə, Azarov və onun komandası sözügedən layihəni Rusiya rəhbərliyi ilə uyğunlaşıb. Ancaq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks” agentliyinə açıqlamasında bildirib ki, layihənin rəsmi Moskva ilə uyğunlaşdırılması haqqında heç bir söhbət gedə bilməz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm