Raymond Veyonis: Qaçqın böhranı Avropanı dağıtmayacaq
Bizi izləyin

Dünya

Raymond Veyonis: Qaçqın böhranı Avropanı dağıtmayacaq

Latviya prezidenti Raymond Veyonis bu günlərdə yerli LNT telekanalına müsahibə verib. Prezident bildirib ki, qaçqın böhranı Avropanı dağıtmayacaq. Amma, eyni zamanda vurğulayıb ki, Avropa bu böhranı həll etmək üçün təcili tədbirlər görməlidir. Əks halda qaçqınların axını artaraq, Avropanın təhlükəsizliyini təhdid altına qoyacaq. R.Veyonis deyib: “Qaçqınların məsələsi Avropanın təhlükəsizliyi məsələsidir”.

Prezident qeyd edib ki, Avropa bir neçə məsələni təcili surətdə həll etməlidir. İlk növbədə, artıq Avropa ölkələrində olan insanlarla bağlı vəziyyət həll edilməlidir. Avropanın sərhədlərini möhkəmləndirərək, qaçqın axınlarının bura daxil olmaması üçün səy göstərmək və insanların qurtulmağa çalışdığı münaqişələrin baş verdiyi ölkələrə yardım əli uzatmaq lazımdır. Özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmaya qarşı mübarizəyə qoşulmaq da əhəmiyyət kəsb edir.

Ölkəsindəki insanların yaxşı yaşadığını bildirən Latviya Prezidenti əlavə edib ki, inkişaf prosesində ölkənin hər bir sakini iştirak etməlidir.

Dövlətin inkişafından, əhalinin rifahından, habelə cəmiyyətin həyat səviyyəsindən narazı olmasından söz açan prezident xatırladıb ki, Avropada köhnə və yeni ölkələr arasında fərq mövcuddur: “Biz həmişə “Ulmanisin dövrü” adlandırdığımız vaxtları xatırlayırıq. Onda biz çox yaxşı yaşayırdıq, inkişaf etmişdik və zəngin dövlət idik. Təəssüf ki, sonra sovet rejimi gəldi və inkişafımızı davam etdirməyə imkan vermədi. Bütün Avropanın inkişaf etdiyi illər ərzində bizim iqtisadiyyatımız 50 il geri qaldı”.

R.Veyonis deyib: “Buna baxmayaraq, Baltik ölkələri yenə də inkişafın ən yüksək pilləsindədir, çünki MDB-nin bəzi ölkələri yüksək həyat tərzi ilə fəxr edə bilmir, hərçənd ilkin mövqelər bu və ya digər dərəcədə eyni olub. Biz yaxşı yaşayırıq, amma elə etməliyik ki, daha yaxşı yaşayaq”.

Latviya prezidenti bildirib ki, hazırda Daxili İşlər Nazirliyi ilə birlikdə Latviyanın dövlət sərhədinin ABŞ texnologiyalarının və investisiyalarının köməyi ilə möhkəmləndirilməsi üzrə təklif işlənib hazırlanır.

Prezident Baltik ölkələrinin müdafiə sahəsində əməkdaşlığı barəsində suala cavabında qeyd edib ki, hələ müdafiə naziri olarkən daha sıx əməkdaşlığa tərəfdar olub.

R.Veyonis deyib: “Bizə ordulararası sıx informasiya mübadiləsi lazımdır. Xərcləri azaltmaq üçün ümumi satınalmalar da mümkündür. Sərhədlərimizdə nələr baş verdiyini birbaşa qoşulma rejimində müşahidə etmək və regional hadisələrin inkişafını proqnozlaşdırmaq üçün sistemlərə ehtiyacımız var”. Prezident, həmçinin hesab edir ki, çevik xəbərdarlıq sistemi lazımdır ki, bu da geniş regional miqyasda mümkündür.

R.Veyonis başqa ölkələrin, məsələn ABŞ-ın sərhədlərin mühafizəsində texniki və praktiki iştiraka maraq göstərib-göstərmədikləri barədə suala cavab verərək bildirib ki, ölkənin Daxili İşlər Nazirliyi ilə birlikdə sərhədlərin ABŞ investisiyalarının və texnologiyalarının köməyi ilə möhkəmləndirilməsi üzrə təklif hazırlanıb. Amma bunu əldə etmək üçün tərəfdaşlarla yaxşı münasibət saxlamalı, özümüz də fəaliyyətə hazır olmalıyıq.

Prezident deyib: “ABŞ təkcə NATO-da deyil, bir sıra sahələrdə də bizim əsas strateji tərəfdaşımızdır. ABŞ təkcə Baltik ölkələrinin deyil, həm də bütün Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsinə daim vəsait yatırır. Prezident əlavə edib ki, vəsait Baltik ölkələrinin müdafiə infrastrukturuna, o cümlədən Adajidəki hərbi bazaya, Lielvarde aerodromuna, habelə Litva, Estoniya və Polşada analoji obyektlərə yatırılır./Azırtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm