ABŞ üçün rus ruleti: digər yollar III Dünya Müharibəsinə aparır
Bizi izləyin

Dünya

ABŞ üçün rus ruleti: digər yollar III Dünya Müharibəsinə aparır

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Suriya rejiminə hərbi dəstəyi ilə bağlı iddialara tam olmasa da cavab verib. Kremlin rəhbəri bildirib ki, rəsmi Moskva Suriya prezidenti Bəşər Əsədə hərbi dəstəyini davam etdirəcək. Bəs, Rusiya Suriyada nə etməyə çalışır?

Moskva iddia edir ki, Dəməşqə hərbi yardımı terrorizmə qarşı mübarizə üçün edir. Putin dünən başqa ölkələri də Suriyaya hərbi-texniki yardım göndərməyə səsləyib. Amma Qərb, o cümlədən Suriyanın qonşusu Türkiyə “terrorizmə qarşı mübarizə” versiyasını qəbul etmək istəmirlər. Onlar Rusiyanın Suriyada hərbi baxımdan güclənməsinin dərin hədəflərinin olduğunu düşünürlər.

Publika.az xəbər verir ki, bunu Türkiyənin “Radikal” nəşrinin yazarı Fehim Taştekin “Suriyada rus ruleti” başlıqlı yazısında Rusiyanın Suriyada nə axtardığına dair məsələyə aydınlıq gətirmək istəyib.

Qeyd edək ki, Rusiyanın Suriyaya silah çatdırmasını sürətləndirməsi və Tartus dəniz bazasından əlavə Lazikiyədə hava bazasını da əldə etməsi gözlənildiyi kimi müzakirələri gücləndirdi. “Rusiya nə etməyə çalışır?”, “Rusiyanın Suriyada hərbi baxımdan güclənməsi müharibə meydanındakı vəziyyətə necə təsir edəcək?” və “ABŞ və müttəfiqlərin buna qarşı hansı variantları var” kimi suallara cavab axtarılır.

Türkiyəli yazar qeyd edir ki, Suriya böhranının ilk illərində Moskvanın Əsədin üstündən xətt çəkəcəyi, 2014-cü ildən sonra isə ilhaq etdiyi Krımın əvəzində “Soyuq müharibə” dövründən qalan müttəfiqini satacağına dair ssenarilər gündəmdən düşmədi. Amma onun sözlərinə görə, Putin bütün bu ssenariləri zibil qutusuna atdı. İran da Rusiya kimi 1979-cu ildən bəri ərəb dünyasındakı yeganə müttəfiqini tək buraxmadı.

İki ildir Ukrayna problemi ilə məşğul olan Rusiyanın Suriya səhifəsinə yenidən və daha güclü şəkildə qayıtmasını asanlaşdıran proseslər aşağıdakı kimi sıralana bilər:

- Sanksiyalara baxmayaraq, Rusiya Krımın ilhaqını Qərbə həzm etdirdi. İlhaq beynəlxalq alımdə legitimlik qazanmasa da, artıq ABŞ və Abropa Birliyi Krımda tarixin geri qayıtmayacağını qəbul etmiş vəziyyətdədir. Yəni, Ukrayna cəbhəsində Rusiya üçün risklər azalıb.

- ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bir ildir İŞİD-ə qarşı apardığı əməliyyatlar nəticə vermədi. Bu isə Rusiyaya “Suriya rəhbərliyini koalisiyaya daxil etməsəniz, İŞİD-lə mübarizədə müvəffəqiyyətli ola bilməzsiniz” deməsinə imkan verdi. Bir neçə həftədir ki, İŞİD-ə qarşı mübarizədə Rusiyanın da iştirak edəcəyi daha geniş bir koalisiyanın vacibliyindən danışılır.

- Qərbdə Əsədin alternativinin “Əl-Qaidə”, ya da İŞİD olduğuna dair qənaət gücləndi və “silahla rejimin dəyişdirilməsi üçün edilən cəhdlər terror təşkilatlarına meydan açacaq” deyən Rusiyanın tezisini gücləndirdi.

Bütün bu şərtlərdən yaxşı istifadə edən Rusiya bir tərəfdən siyasi həll üçün müzakirələri davam etdirdi, digər tərəfdən isə Əsədi danışıqlar masasında daha güclü etmək üçün ona hərbi dəstəyi artırdı.

ABŞ-ın Rusiyaya cavab variantları da məhduddur. ABŞ-ın Ukraynada birbaşa qarşı-qarşıya gəlməkdən qaçdığı Rusiya ilə Suriyada qarşılaşması Vaşinqton üçün prioritet seçim ola bilməz. Bu vaxta kimi Vaşinqtonun verdiyi reaksiya Rusiya təyyarələrinin Bolqarıstan, Yunanıstan və İraqın hava məkanından keçməsinin qarşısını almaqdan ibarət oldu. Və buna demək olar ki, nail olmadı. Rusiya hərbi yardımı gəmilərlə çatdırmaqda davam edir. Son iki ayda İstanbul boğazlarından 39 rus gəmisi keçib. Rusiya bu addımları Suriya ilə 1971-ci ildə bağladığı hərbi əməkdaşlıq razılaşmaları çərçivəsində edir. Yəni, beynəlxalq hüquq baxımından qeyri-qanuni heç nə yoxdur. Putin həmçinin diplomatiya meydanını boş qoymamaq üçün BMT Baş Assambleyasının sessiyasına gedir. Onun Nyu-Yorkda keçirəcəyi görüşlərdəki çıxışını aşağıdakı tezislər üzərində quracağı qətidir:

- Suriya ilə əməkdaşlıq etmədən İŞİD kimi terror təşkilatlarını bölgədən çıxarmaq mümkün deyil.

- Terrorla mübarizə bitmədən və siyasi həll olmadan qaçqın böhranını həll olunmayacaq.

- Suriyada terror təşkilatlarının sıralarında minlərlə Rusiya vətəndaşı var. Onlar mənim üçün də təhdiddır. Buna görə də İŞİD-ə mübarizədə mən də varam və sair.

Müəllif iddia edir ki, Qərbin bu arqumentlər qarşısında deyə biləcəyi heç nə yoxdur. Bu baxımdan Rusiya Suriya strategiyası ilə ABŞ-ı İŞİD-ə qarşı döyüşdə Dəməşqlə əməkdaşlığa məcbur edə bilər.

Digər variantlar müharibə deməkdir. İki qlobal gücün müharibədən qaçmasının nə qədər həyati əhəmiyyət daşıdığını İkinci Dünya Müharibəsindən bu yana hamı bilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm