Moskva nüvə raketlərini hazır vəziyyətə gətirdi
Bizi izləyin

Dünya

Moskva nüvə raketlərini hazır vəziyyətə gətirdi

Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarının “Topol” raket kompleksləri alayı döyüş hazırlığı vəziyyətinə gətirilib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin RVSN üzrə idarənin mətbuat xidmətinin nümayəndəsi polkovnik İqor Yeqorov bildirib.

Onun sözlərinə görə, “Topol” raket kompleksləri alayının döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr Strateji Təyinatlı Raket Qoşunlarının komandanı general polkovnik Sergey Karakayev tərəfindən verilib. İqor Yeqorov qeyd edib ki, “Topol” raket komplekslərinin mobil alayları anti-diversiya istiqamətli məsələləri yerinə yetirməlidir.

Qeyd edək ki, 14-cü raket diviziyasının döyüş hazırlığının qəfildən yoxlanılması sentyabrın 28-də başlanıb. Təlimlərə təxminən 3000 hərbi qulluqçu və texnikanın 200-dən çox vahidi cəlb edilib.

Dünən isə Rusiyanın Pleseçk kosmodromunda “Topol-M” qitələrarası ballistik raketinin sınağı keçirilib. İqor Yeqorovun sözlərinə görə, bu sınaq “Topol-M” raket kompleksinin döyüş tapşırığına tam hazır olduğunu göstərib. Raket Kamçatka yarımadasındakı poliqonda şərti hədəfi məhv edib.

Rusiyanın strateji təyinatlı raket qoşunlarının arsenalının yarıdan çoxunu mobil platformalar üzərində daşınan “Topol” və “Topol-M” raketləri, həmçinin “Yars” raketi təşkil edir. “Topol” raketi 550 kilotonluq termonüvə başlığını 10 min kilometr, modernləşdirilmiş “Topol-M” raketi isə eyni gücdə nüvə başlığını 11 min kilometr məsafəyə çatdıra bilir. Həmçinin “Topol-M” döyüş başlığının konstruksiyası fərqlənir, bu raketlər uçuş zamanı verilmiş kurs və hündürlük üzrə manevr edə bilir. Nəticədə düşmənin raketdən müdafiə sistemi üçün onu “tutmaq” qat-qat çətinləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm