Kabil - Nyu York narkotik marşrutu, “kürd dəhlizi”nin gizli üzü – ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

Kabil - Nyu York narkotik marşrutu, “kürd dəhlizi”nin gizli üzü – ŞOK FAKTLAR

“Türkiyə-Suriya-İraq-İran xəttində yaşayan kürdlərə “azadlıq” və “müstəqillik” vədi ilə özünə insan qaynağı təmin edən PKK hər il Qərbi Avropaya gedən 200 tona yaxın əfqan heroini ilə təşkilata lazım olan pulu əldə edir”.

Publika.az xəbər verir ki, bu fikirlər Türkiyənin “Takvim” nəşrində dərc olunan “Kabil - Nyu York narkotik xətti və PKK iqtisadiyyatı” başlıqlı yazıda yer alıb. Həmin yazını təqdim edirik.

“Kürd məsələsi deyilən şey Qərbin narkomanlığıdır”

Nəşrin yazıdığına görə, istənilən bölgənin dizaynı üçün ilk şərt olan “müqəddəs xaos” terror təşkilatlarının vasitəsilə təmin edilir. Terror təşkilatları körpələri güllələmək, uşaqları qaçırmaq, baş kəsmək, adam yandırmaq, avtomobilləri partlatmaq, dövlətlərin nüfuzunu sarsıtmaq, qaranlıq ticarəti istiqamətləndirmək üçün həm insan qaynağına, həm də pula ehtiyac duyur.

Kabil - Nyu York xəttində “yeraltı gözətçi” vəzifəsi verilən PKK da insana və pula ən çox möhtac olan təşkilatlardan biridir.Türkiyə-Suriya-İraq- İran xəttində yaşayan kürdlərə “azadlıq” və “müstəqillik” vədi ilə özünə insan qaynağı təmin edən PKK hər il Qərbi Avropaya gedən 200 tona yaxın əfqan heroini ilə təşkilata lazım olan pulu əldə edir. Bu məlumata baxaraq “kürd məsələsi deyilən şey Qərbin narkomanlığıdır” desək hər halda doğru qiymətləndirmə olar.

Kabildə 3 min, Londonda 45 min dollar

Xaşxaş, yəni tiryək ən bahalı narkotiklərdən olan heroin üçün ilkin xammaldır. Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlığa qarşı Mübarizə ofisinin məlumatına görə, tiryək istehsalı illik 10 min tona yaxınlaşır. Əfqanıstan isə bunun 90 faizini istehsal edir. Ölkədə narkotik maddələri üçün ayrılan ərazi 250 min hektardır. 9 min tonluq tiryək saqqızından isə ildə təxminən 500 ton heroin əldə edilir. Tiryək saqqızlarından Əfqanıstanın Pakistan və İran sərhədlərindəki laboratoriyalarında heroin əldə olunur. Əldə olunan heroinin isə təxminən 400 tonu digər ölkələrə göndərilir.

400 tonluq “əfqan malı”nın 100 tonunun hər il şimal istiqamətində - Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan marşrutu ilə Rusiyaya çatdırıldığı təxmin edilir. Heroinin 100 tonu da müxtəlif yollarla Çin, ABŞ, Kanada və Afrika ölkələrinə göndərilir. Qalan 200 ton heroinin ünvanı isə Avropadır. Son məlumatlara görə, Əfqanıstanda bir kiloqramı 3 min dollara alınan heroinin qiyməti Türkiyəyə çatanda 12 min dollara çatır. Heroin Türkiyə üzərindən Avropaya çatanda isə qiyməti 45 min dollara satılır. Terror təşkilatları isə narkotikin daşındığı marşrutların “təhlükəsizliyi”nin təmin edilməsi üçün çox əhəmiyyətlidir. Kabil - Nyu York xəttində ilk mərhələ olan Kabil-London marşrutunun “təhlükəsizliyi”ni isə PKK üzərinə götürür.

PKK isə bu işin əvəzində Qərb ölkələrindən aldığı silahlarla hücumlarını davam etdirir.

Qəndilin istehsal mərkəzləri

PKK Əfqanıstan sərhədindəki İran bazarından aldığı heroini Avropaya çatdırmaq üçün Qəndil xəttindən istifadə edir. Məhsul əvvəlcə Türkiyəyə çatdırılır və onun kiçik bir qismi Türkiyə daxilində satılır. Qalan “böyük partiya mal” isə Yunanıstan, Bolqarıstan, Serbiya, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, Hollandiya marşrutlarından istifadə edilərək bu ölkələrdə paylanılır, məhsul sonda İngiltərəyə çatdırılır. PKK bəzən də əfqan tiryəkini xam halda alaraq özünün laboratoriyalarında istehsal edir və daha çox qazanır. PKK-nın həm İran torpaqlarındakı Qəndil dağlarında, həm də Şimali İraqdakı düşərgələrində heroin istehsal edən mərkəzləri var.

Əfqanıstandan Avropaya daşınan 200 ton heroinin nəqli və paylanılmasından PKK-ya il ərzində 2 milyard dollar çatdığı təxmin edilir. Bura digər qazanclar daxil deyil. ABŞ-da hazırlanan hesabatlar PKK-nın illər ərzində yaratdığı büdcənin 86 milyard dollarlıq olduğunu bildirir.

Bu qədər böyük pulun üstündə oturan və qeyri-qanuni əməliyyatları rahat şəkildə həyata keçirən bir təşkilat üçün Türkiyədə sülhün çox da cazibədar olmadığı, daha doğrusu təşkilatın maraqlarına uyğun gəlmədiyini söyləmək mümkündür. PKK silah alarkən artıq qaçaqmalçılığa ehtiyac duymur. Tüfənglər, toplar, tank əleyhinə sistemlər və raketlər ABŞ və Almaniyadan birbaşa gəlir. Türkiyənin cənubunda yaradılan “kürd dəhlizi”nin Kabil - Nyu-York xəttində narkotik transferinin xərcini nə qədər aşağı salacağı isə maraqlı mövzudur.

Kürd Siciliyası

Əldə olunan məlumatlara görə, PKK-nın dəstəklədiyi cinayətkar qruplaşmalar arasındakı əlaqələr və koordinasiya Siciliya mafiyasını xatırladır. İllər ərzində çoxtəbəqəli təşkilata çevrilən PKK narkotik ticarəti və daşınmasından başqa insan ticarəti, qaçaqmalçılıq, şantaj, oğurluq, saxta sənədlərin düzəldilməsi və digər fəaliyyətlərdən qazanır. Türkiyə və Avropada bu işlərlə məşğul olan şəbəkələrin bir çoxu PKK-ya xərac ödəmək məcburiyyətindədir. PKK-nın himayəsi altında işləyən qruplaşmalar bir növ toxunulmazlıq əldə edirlər.

Asiyadan Avropaya daşınan yüzlərlə ton heroinin son istifadəçiyə çatmasında terror təşkilatının ciddi əməyi var. Fransanın təhlükəsizlik qurumları paytaxt Parisə gətirilən narkotikin 80 faizinin PKK tərəfindən gətirildiyini bildirirlər. Almaniya rəsmiləri də Avropada tutulan narkotikin 80 faizinin PKK ilə əlaqəsinin olduğunu deyir. Almaniya ilə birlikdə İtaliya, Hollandiya və İspaniyada narkotik qaçaqmalçılığı edən “kürd klanları”nın çoxunun PKK tərəfindən dəstəklənildiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm