Con Kerri: “Türkiyənin rus qırıcılarını vurmağa ixtiyarı var”
Bizi izləyin

Dünya

Con Kerri: “Türkiyənin rus qırıcılarını vurmağa ixtiyarı var”

ABŞ-ın dövlət katibi Con Kerri ötən gün Rusiya hərbi hava qüvvələrinə məxsus 2 qırıcı təyyarənin Suriya ərazisində uçuş edən zaman Türkiyə hava sərhədlərini pozmasına münasibət bildirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, C.Kerri bu hadisədən narahat olduğunu bəyan edib. Onun sözlərinə görə, Rusiyaya məxsus qırıcı təyyarələrin Türkiyə hava sərhədini kobud şəkildə pozması vəziyyəti daha da gərginləşdirə bilərdi: “Mən bu hadisəyə görə çox təəssüf hissi keçirirəm. Çünki Rusiya təyyarələri Türkiyə hava məkanına icazəsiz daxil olub. Buna görə də Türkiyə öz hüquqlarından istifadə edərək, həmin təyyarələri vura bilər. Buna tam ixtiyarı çatır. Biz Rusiyanı bu cür məsələlərə görə əvvəlcədən xəbərdar etmişik”.

Türkiyə və ABŞ-ın eyni ittifaqda yer aldığını və NATO ölkəsi olduğunu diqqətə çatdıran C.Kerri Rusiyanı bu cür halları təkrarlamamağa çağırıb.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri rus qırıcılarının Türkiyə hava məkanını pozmasından dərhal sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon açaraq, narahatlığını çatdırıb.

Bundan əlavə, türkiyəli nazir sözügedən məsələ ilə bağlı ABŞ, Böyük Britaniya, Fransa, İtaliya xarici işlər nazirləri ilə də telefon danışıqları aparıb. Yaxın günlərdə isə Türkiyənin xarici işlər naziri NATO-nun baş katibi və Almaniyanın xarici işlər naziri ilə də məsələni müzakirə edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm