Çeçenistandan Suriyaya qədər: Putin yeni dünya nizamını formalaşdıra biləcəkmi?
Bizi izləyin

Dünya

Çeçenistandan Suriyaya qədər: Putin yeni dünya nizamını formalaşdıra biləcəkmi?

Rusiya ötən həftə Suriyada hava əməliyyatlarına başladı. Moskvanın iddiasına görə, əməliyyatların məqsədi Bəşər Əsədin “qanuni hakimiyyəti”nə qarşı vuruşan terror təşkilatlarını məhv etməkdir.

Suriya əməliyyatları “soyuq müharibə”nin başa çatmasından sonra Rusiyanı öz sərhədləri xaricində il hərbi müdaxiləsi idi. Sovet rejiminin xilası üçün 1979-cu ildə Əfqanıstana edilən hərbi müdaxilə isə 10 ildən sonra fiasko ilə nəticələndi. Dünyanın ən güclü ordularından hesab olunan SSRİ ordusu ABŞ və bir çox müsəlman dövlətləri tərəfindən silahlandırılan silahlı qruplaşmalarla bacarmadı. 15 min hərbi qulluqçunu itirən SSRİ 1989-cu ildə Əfqanıstandan çıxdı. Sonradan məlum oldu ki, bu sovet imperiyasının süqutunun başlanğıcı oldu.

Suriyada Əfqanıstan ssenarisi?

Rusiya prezidenti Vladimir Putin bildirir ki, Suriyaya quru qoşunları göndərmək niyyətində deyil. Moskvanın bu mövqeyi dəyişə bilərmi?

İsrailin “Walla” nəşri hesab edir ki, əgər qarşıya qoyulan hədəflərə çatmaq mümkün olmasa, Rusiyanın quru qoşunlarını da Suriyada görmək mümkündür. Nəşr yazır ki, Putin SSRİ-nin Əfqanıstandakı və sələfi Boris Yeltsinin Çeçenistandakı məğlubiyyətindən fərqli olaraq Suriyada qələbə qazanacağına ümid edir.

“Walla” nəşri xatırladır ki, Vladimir Putinin döyüşdə ilk iştirakı 1998-ci ilə təsadüf edib. Federal Təhlükəsizlik Xidmətinin rəhbəri postundan gələn Putin baş nazir olur. Çeçen döyüşçüləri həmin ilin avqustunda yerli döyüşçülərə Moskvanın nəzarətindən çıxmasına kömək etmək üçün qonşu Dağıstana soxulurlar. 1994-1996-cı illərdə Rusiyanın alçaldıcı məğlubiyyətindən sonra Çeçenistan Respublikası faktiki müstəqil idi. Putinin rəhbərliyi altında rus qüvvələri 11 oktyabr 1999-cu ildə Çeçenistana hücum edir. 1999-cu il dekabrın 31-də Boris Yeltsin istefa verir və onun səlahiyyətlərini Putin icra etməyə başlayır. Putin sələfindən fərqli olaraq Şimali Qafqazda separatçıları əzir və yarım il ərzində Çeçenistanı qaytarır. Qələbəyə baxmayaraq, Qroznı iki aylıq mühasirə zamanı praktik olaraq tamamilə dağıdılmışdı. BMT müharibədən sonra Qroznını “dünyanın ən dağıdılmış şəhəri” adlandırdı.

Putinin “sakitliyi”

Putin bundan sonrakı müddətdə keçmiş sovet respublikalarında “rəngli inqilab”ları izləməyə başladı. 2003-cü ildə Gürcüstandakı “Qızılgül inqilabı” nəticəsində Mixail Saakaşvili hakimiyətə gəldi. O, bir neçə il sonra Putinin əlinin ağırlığı hiss edəcəkdi. 2004-cü ildə baş verən “Narıncı inqilabı” Ukraynada Viktor Yuşşenkonu hakimiyyətə gətirdi. Növbəti il isə Putin daha bir ölkəni itirdi: 2005-ci ilin əvvəlində Qırğızıstanda Əsgər Akayev devrildi. Putin isə baş verənləri hələ “sakitcə” kənardan izləyirdi.

Putinin Gürcüstan qisası

Putinin “sakit” davranışı 2008-ci ildə başa çatdı. Bütün dünyanın Pekində Yay Olimpiya Oyunlarına baxdığı bir vaxtda Rusiya qonşu ölkəyə soxuldu. Moskva iddia edirdi ki, Cənubi Osetiya və Abxaziyadakı rus azlığının müdafiəsinə qalxıb. Amma rus tankları demək olar ki, Gürcüstanın paytaxtı Tiflisin divarlarına qədər yaxınlaşmışdı. Beş günlük müharibədən sonra Putin Gürcüstana vurulan zərbələrdən razı qaldı və onun sərəncamlarını yerinə yetirən prezident Dmitri Medvedev döyüş əməliyyatlarının başa çatdığını elan etdi. Və Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Çoxları hesab edirlər ki, faktiki olaraq bu ərazilər Rusiyaya birləşdirilmişdi.

Qərbə Krım və Donbasdan sərt cavab

2013-cü ilin sonunda Ukraynada Putinin sadiq dostu Viktor Yanukoviçin hakimiyyəti əleyhinə başlayan nümayişlər 2014-cü ilin fevralında onun ölkədən qaçması ilə nəticələndi. Bundan sonra Krıma “yaşıl adamcığazlar” çıxaran Moskva martın 18-də yarımadanın ilhaqını rəsmiləşdirdi. Apreldə isə Moskva tərəfindən dəstəklənən separatçılar Donetsk və Luqansk vilayətlərində dövlət idarələrini tutdular. Bununla barışmayan Kiyev anti-terror əməliyyatlarına başladı. Kiyev itirilən ərazilərin bir hissəsini qaytarmağa nail olsa da, Donbasın xeyli hissəsi hazırda separatçıların nəzarəti altındadır.

Son vaxtlar Ukraynanın şərqində sakitlik hökm sürür. Putinin Ukrayna məcarası da bitmiş kimi görünür. Daha doğrusu Rusiyanın Suriyada əməliyyatlara başlaması Ukraynanın yaddan çıxarılması üçün lazım idi. Amma bunun da Putin üçün sonuncu olub-olmayacağını demək çətindir. Hər şey ona verilən cavabın hansı gücə malik olmasından asılı olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm