Ankara terrorunun hədəfi, yaxud Türkiyəni kimlər qana boyayır? – TƏHLİL
Bizi izləyin

Dünya

Ankara terrorunun hədəfi, yaxud Türkiyəni kimlər qana boyayır? – TƏHLİL

Türkiyə yenə qana boyandı, bu dəfə ölkənin siyasi mərkəzində - Ankarada. Seçkiyə 20 gün qalmış, Türkiyənin Suriyada Rusiya ilə üz-üzə gəldiyi, Yaxın Şərqdə əsas oyunçu olmaq uğrunda Qərb və Şərq arasında qanlı döyüşün hər an başlaya biləcəyi bir vaxtda Ankarada solçular “sülh yürüşü”nə çıxdı, bir kamikadzenin özünü partlatması nəticəsində 97 insan həyatını itirdi, 186 nəfər yaralandı.


Bir nəfərin ölümü faciə, min nəfərin ölümü statistikadır”.


Lakin məşhur aforizmdə deyildiyi kimi, Türkiyədəki ölümlər statistika deyil. Çünki bir hadisə birinci dəfə təsadüf, ikinci dəfə zərurət, üçüncü dəfə məqsədli şəkildə baş verir.

2015-ci il 6 iyun: Türkiyədə parlament seçkilərinin keçirilməsinə bir ay qalmış kürdlərin (solçular da dolayısı ilə onları dəstəkləyir – red.) partiyası HDP-nin Diyarbəkir mitinqində bomba partladı. Hadisə iki nəfərin ölümü, yüzdən çox insanın yaralanması ilə nəticələndi.


2015-ci il 20 iyul: 7 iyul parlament seçkilərindən 13 gün sonra. Şanlıurfanın Suruç mahalındakı Amara Mədəniyyət Mərkəzi qarşısında kamikadze özünü partlatdı. Hücumda 32 adam öldü, 29 adam yaralandı.

Və nəhayət, 2015-ci il 10 oktyabr: Növbədənkənar parlament seçkilərinə 20 gün qalmış Ankarada terror törədilir.

Hər üç terrorun hədəfi solçulardır. Lakin proseslərin analizi solçu və kürdlərin qurban olaraq seçildiyini, əsl hədəfin isə Türkiyə olduğunu deməyə əsas verir və heç də hər şey təsadüf deyil.


Hadisənin baş verdiyi gün Türkiyə Milli İstihbarat Təşkilatının şefi Bakıda türkdilli dövlətlərin kəşfiyyat rəhbərlərinin toplantısında iştirak edirdi. Bununla yanaşı, Rusiya Suriyada Türkiyənin hava məkanını pozmasından bir neçə gün keçirdi. Hadisədən bir gün öncə PKK birtərəfli olaraq atəşkəs elan etdi, lakin Ankara bunu qəbul etmədi. Bu baş verənlər terror aktının hesabladığı hədəfin daha uzaq olduğunu göstərir.


Açıq düşmənin gizlətmədiyi hücum


- İlk baxışdan, terror aktı Suriyada hərbi əməliyyatlar keçirən Türkiyəyə İŞİD-in “geri çəkil” mesajıdır. Solçuların qurban seçilməsi dolayısı ilə onların yaxın olduğu Rusiyaya da cavabdır. Çünki Rusiya da sentyabrın 30-dan başlayaraq Suriyada terror təşkilatını bombalayır.

- İkinci versiyaya görə, terror aktını Rusiya xüsusi kəşfiyyat xidməti törədə bilər. Moskva bununla Suriyada üz-üzə gəldiyi Türkiyəyə mesaj verir. Solçuları qurban verməklə ölkədəki sol kəsimi hökumətə qarşı çevirir.


- Daha bir versiyaya görə, terror aktını Bəşər Əsəd rejimi törədib. Türkiyə KİV-də yayılan iddialar da bu yöndədir. Belə ki, məlumatlar terror aktının arxasında Suriyanın kəşfiyyat təşkilatı “Əl Muhaberat”ın olduğunu göstərir. Son dövrlər PYD (PKK terror təşkilatının Suriya qanadı – red.) ilə yaxınlaşan “Əl Muhaberat” hücum üçün PKK-dan istifadə edib. İddiaya görə, Rusiyadan dəstək alaraq yenidən gücünü nümayiş etdirən Əsəd rejimi Türkiyədə 1 noyabr parlament seçkiləri öncəsi xaos yaratmaq üçün “Əl Muhaberat” kəşfiyyat təşkilatına təlimat verib.

Lakin terror aktının arxasında görünməyən güclərin olması ehtimalı daha böyükdür.


Qərb faktoru: HDP-nin Diyarbəkir mitinqində törədilən terror aktından çıxış etsək, Ankaradakı terrorun da kürdlərin parlamentdə daha çox səs toplamasını istəyən Qərbin etdiyini demək mümkündür. Diyarbəkirdə məqsəd kürdləri sülhsevər və hədəfdə olan kəsim olaraq göstərmək və daha çox səs toplamasını təmin etmək idi. Nəticədə HDP 12 faizlik baryeri aşaraq Türkiyə Böyük Millət Məclisində 80 yeri təmin etdi. Növbədənkənar seçkilərə 20 gün qalmış solçuların, yəni HDP-ni dəstəkləyənlərin Ankaradakı “sülh yürüşü”nə hücum da eyni məqsədə xidmət edə bilər. Çünki 7 iyul seçkilərindən sonra koalisiya hökuməti qurulmadı, ardınca Suruç terroru baş verdi və Türkiyə İŞİD-lə PKK-ya qarşı genişmiqyaslı hücuma keçdi. Türk ordusunun verdiyi şəhidlərin sayı artdıqca HDP-nin səsi azaldı. Sosial sorğulara görə, noyabrın 1-də keçiriləcək seçkilərdə HDP nəinki baryerə yaxınlaşa, ümumilikdə 3 faiz səs belə toplaya bilməyəcək. Bu, HDP-nin arxasındakı Qərbi narahat edir. Çünki lap əvvəldən məqsəd qurulacaq koalisiya hökumətində HDP-nin də payının olması, uzaq perspektivdə isə kürdlərin Türkiyə üzərində təsir imkanlarının yaradılmasıdır. Bu baxımdan hesab etmək olar ki, Ankara terroru ilə kürdləri yenə “əzilən” tərəf kimi göstərmək və seçkidə səslərini çoxaltmaq istəyirlər.

İran-Rusiya-Əsəd faktoru: Hazırda Suriyada rus hərbiçiləri havadan, İran qurudan Əsədə dəstək verir. İŞİD adı altında başlanan əməliyyatlar əslində Türkiyənin dəstəklədiyi müxalifləri də vurmaqdır. Belə bir vəziyyətdə Türkiyənin Suriya müxalifətinə dəstəyi gücləndirəcəyi gündəmə gəlir. Suriyada Əsədlə ittifaqa gedən Rusiya və İran Ankarada terror törətməklə Türkiyəyə ciddi mesaj verirlər. Bu ittifaqın son günlər PYD ilə əməkdaşlığa getməsi də xüsusi vurğulanmalıdır.


Dövlət faktoru: Terrorun Türkiyə dövləti tərəfindən məqsədli şəkildə törədildiyi ehtimalları da səslənir. Plana görə, Türkiyə solçulara hücum etməklə bunun İŞİD tərəfindən törədildiyini iddia edir və İŞİD-lə yanaşı, PKK-nı da vurmağa əsas yaradır. Xüsusilə, terrordan bir gün öncə PKK-nın atəşkəs çağırışı etməsi bu ehtimalı müdafiə edənlərin əsas istinad nöqtəsidir. Tarixdə böyük dövlətlərin siyasi gedişlər üçün öz vətəndaşını qurban verməsi təcrübəsi var. Misal üçün, II çeçen müharibəsinə əsas yaradan Moskva terrorunun məhz Rusiya dövləti tərəfindən törədildiyi iddia olunur. Yaxud, ABŞ 2001-ci ildə Nyu-Yorkda əkiz qüllələrə təyyarə hücumu ilə hazırda qarışdırdığı Yaxın Şərqə müdaxiləyə əsas yaratdı. Lakin bir sıra amillər bu terrorun arxasında Türkiyə dövlətinin dayandığı ehtimallarını azaldır.

Ankaradakı terrordan sonra məlumat yayıldı ki, eyni səviyyəli hücum Moskvada da olacaqmış. Lakin Rusiya kəşfiyyatı bunun qarşısını ala bilib. Bunun doğru olduğuna inansaq, hesab etmək olar ki, eyni əl Türkiyə və Rusiyanı eyni anda vurur və bununla hər iki ölkəni Suriyada daha dərin münaqişəyə sövq edir.


Terror aktını törədənin kimliyi haqda yayılan ilkin informasiya isə hadisəyə baxışı ümumiyyətlə dəyişir. İŞİD terror təşkilatının üzvü olan 16 nəfərin ailəsindən götürülən DNT nümunələrinin ilkin nəticələrinə görə, şübhəlilərdən biri Suruçdakı terror aktını törədən Şeyx Əbdürrəhman Alagözün böyük qardaşı Yunus Əmrə Alagöz ola bilər. İlk araşdırmalarda bomba və partlayıcı qurğunun Suruçda 34 nəfərin həyatına son qoyan kamikadzenin istifadə etdiyi bomba və partlayıcı qurğu ilə eyni olduğu müəyyənləşdirilib.

Bu məlumatlar terror aktının arxasındakı qüvvənin İŞİD-i dəstəkləyənlər, yəni Qərb olduğunu iddia etməyə imkan verir. Unudulmamalıdır ki, məhz Suruç terrorundan sonra Türkiyə Suriyada hava əməliyyatlarına başladı. Doğrudur, dövlət bunu öz xeyrinə çevirərək, 3 illik atəşkəs dövründə güclənən PKK-nı da məhv edə bildi. Lakin ümumi mənzərədə Qərb Türkiyəni müharibəyə soxa bilmişdi.


Terroru sifariş verən Qərbin məqsədi nədir?


1. Hər şeydən öncə Türkiyəni İŞİD-ə qarşı əməliyyatları davam etdirməyə sövq edir. Bu, Ankaranın Suriya bataqlığından çıxmaması və Rusiya ilə qarşıdurmanın dərinləşməsi ilə nəticələnəcək. İkitərəfli münasibətlərin pozulması regionda Qərbin istəmədiyi bir çox iqtisadi layihələri dayandıracaq, Türkiyəni anti-Rusiya koalisiyasına qoşulmasını sürətləndirəcək.

2. Hədəfin solçular olması ölkə daxilində xaosu gücləndirəcək. Eyni zamanda, kürdlərin “terroru dövlət törədib” iddialarına güc verəcək. Beləliklə, Türkiyə daxilində bir-birinə qarşı olan iki cəbhə yaranacaq və ölkəni zəiflədəcək. Həmçinin, başı daxili problemlərə qarışan Ankara xarici siyasətində, xüsusilə Yaxın Şərq siyasətində uğursuz olacaq.


3. Terrorun İŞİD tərəfindən törədilməsi kürdləri, eləcə də Suriyadakı kürd silahlılarını – PYD-ni qəhrəmana çevirə bilər. “Türkiyə İŞİD-ə qarşı PYD ilə ittifaqa getməli idi” kimi fikirlər ictimai rəyə çevrilə və AKP seçkidə təkhakimiyyətlilik qura biləcək qədər səs toplamaya bilər. Halbuki Türkiyə İŞİD-ə qarşı əməliyyatlara başlayandan Avropa dövlətləri onu PYD ilə əməkdaşlıq etməyə çağırırdı. Əslində bu, PKK-nın Türkiyə dövləti tərəfindən tanınmasına, təşkilatın leqallaşmasına hesablanmış çağırışlar idi.
Bu hadisədən sonra noyabrın 1-də HDP-nin uçuruma yuvarlanan səslərinin tədricən yüksəlməsi heç də gözlənilməz nəticə olmayacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm