Türkiyədə parlament seçkilərini ləğv etmək istəyirlər – Terror haqda yeni xəbər
Bizi izləyin

Dünya

Türkiyədə parlament seçkilərini ləğv etmək istəyirlər – Terror haqda yeni xəbər

Ankarada 97 nəfərin ölümü, 200-dən çox şəxsin yaralanması ilə nəticələnən terror aktının ardından bu hücumun kimlər tərəfindən və hansı məqsədlə törədilməsi əsas müzakirə mövzusudur.


Publika.az bununla bağlı türkiyəli politoloqların fikrini öyrənib.


Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının direktoru, məşhur türk politoloq Kamer Kasım hesab edir ki, Ankara terrorunun arxasında dayanan güclər noyabrın 1-də keçiriləcək seçkilərin gedişinə təsir etmək, hətta ümumiyyətlə seçkinin ləğvinə nail olmaq məqsədinə xidmət edirlər: “Lakin seçkilərin təxirə salınacağı gözlənilmir. Bütün siyasi partiyalar seçkinin keçirilməsinin vacib olduğunu dəstəkləyir. Bu baxımdan hesab etmirəm ki, Ankara terroru seçkinin ləğvinə səbəb olacaq”.


K. Kasım qeyd edib ki, bu terror hücumu konkret hansısa partiyaya qarşı yönəlməyib.


“Bu, ümumilikdə türk xalqına qarşı yönəlmiş addımdır. Məqsəd Türkiyənin gözünü qorxutmaq və xüsusilə Yaxın Şərq siyasətinə təsir etməkdir. Lakin buna nail olduqlarını düşünmürəm. Xalq bu hücumdan sonra daha sıx birləşdi”, - deyə o bildirib.


Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə analitik Toğrul İsmayılın fikrincə, bu terror aktı Türkiyə daxilində qeyri-stabil vəziyyətin yaranmasına hesablanmış addımdır: “Həmçinin bu, dolayısı ilə hakim partiyaya qarşı yönəlib. Hazırda Türkiyə rəhbərliyini bir çox hadisədə günahkar kimi ittiham edirlər. Lakin heç kəs terrordan sığortalanmayıb. Təhlükəsizlikdə böyük boşluğun olması isə ayrı məsələdir”.

Onun sözlərinə görə, bu terror aktının qabaqdan gələn seçkilərə necə təsir edəcəyini indidən demək çətindir: “Hesab etmirəm ki, bunun seçkiyə təsiri çox olacaq. İndi hər kəs bu terrorun arxasında kimin dayandığı ilə maraqlanır. Əgər təhlükəsizlik qüvvələri bunu ortaya çıxaracaqsa, bu, seçkinin nəticələrinə də təsir edəcək”.

Digər türkiyəli politoloq Nihad Dağdələn isə məsələyə fərqli rakursdan baxır.


“Bu hadisələrin seçkiyə təsiri olacağına əminəm. Bu gün seçkinin ləğvini istəyənlər seçkiqabağı dövrdə təhlükəsizliyin zəif olmasını istisna edirlər. Çoxları bildirir ki, bunu seçkidə daha çox səs toplamaq istəyən HDP törədib. Lakin mənim fikrimcə, tək günahkar varsa, o da Türkiyə dövlətidir. Təhlükəsizlik qüvvələri Diyarbəkirdə, Suruçda və Ankarada terrorun qarşısını ala bilmədi. Deməli, günahkardırlar. Bu gün hakimiyyətə qarşı böyük etibarsızlıq yarandı. Hesab edirəm ki, xalq seçkiyə gedəcək və düzgün seçimini edəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm