Suriyada “Yeni Əfqanıstan” variantı? – Tarix və reallıqlar - TƏHLİL
Bizi izləyin

Dünya

Suriyada “Yeni Əfqanıstan” variantı? – Tarix və reallıqlar - TƏHLİL

Rusiya ictimaiyyəti daha çox sərt qaydalara üstünlük verən Kreml rəhbərliyini dəstəklədiyini növbəti dəfə nümayiş etdirdi. “Levada” araşdırma mərkəzinin keçirdiyi sorğu sentyabrın 30-da Suriyada hava əməliyyatlarına başlayan Moskvanı rahatlaşdıra bilər.

Rusiyalıların 78 faizi “Yeni Əfqanıstan”dan narahatdır

Sorğunun nəticələrinə görə, rəyi soruşulan respondentlərin 47 faizi hesab edir ki, Rusiya Suriya prezidenti Bəşər Əsədi İŞİD terror qruplaşması və müxalifət güclərindən müdafiə etməlidir. Respondentlərin 72 faizi İŞİD-i təhlükə olaraq görür və hesab edir ki, Rusiya aviasiyası terror qruplaşmasının mövqelərini bombalamalıdır. Ancaq rusiyalıların xeyli hissəsi “Yeni Əfqanıstan” variantından ehtiyat edir. Sorğunun məlumatlarına əsasən, 39 faiz respondent bu ssenarini “tamamilə ehtimal edilən” sayır, 7 faizi isə əmindir ki, Rusiya Suriyada SSRİ-nin Əfqanıstanda yaşadıqlarını yaşayacaq.

O da məlumdur ki, “Levada” araşdırma mərkəzi Kremlə yaxınlığı ilə tanınır. Ehtimal etmək olar ki, sorğunun nəticələri bir qədər hakimiyyətin siyasətinə uyğun olaraq dəyişdirilib. “Birja lideri" internet nəşrinin “Dünya xəbərləri” bölməsinin keçirdiyi sorğu rusiyalıların qorxusunu daha açıq şəkildə ortaya qoyur. Keçirilən sorğu göstərib ki, rusiyalıların təxminən 78 faizi Suriyadakı silahlı qarşıdurmanın “Yeni Əfqanıstan” doğuracağına tamamilə əmindir. Rusiyalıların əksəriyyəti Suriyadakı döyüşlərdən ölkələri üçün pozitiv nəticələr gözləmir.

Doğrudanmı, Rusiyanı Suriyada “Yeni Əfqanıstan” gözləyir?

Qərb mediası və analitikləri, həmçinin siyasətçilər Rusiyanın Suriyada hava əməliyyatlarına başladığı ilk günlərdən Rusiya üçün “Yeni Əfqanıstan”dan danışırlar. ABŞ Müdafiə Nazirliyi Eşton Karter Moskvanı Suriyada ağır nəticələrlə təhdid edib. Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cübeyr və müdafiə naziri Məhəmməd bin Salman isə Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşdə Moskvanı açıq şəkildə təhdid ediblər. “Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı müharibənin yeni bumuna gətirib çıxaracaq və müharibəyə bütün dünyadan daha çox döyüşçü cəlb edəcək”, - krallığın baş diplomatı deyib.

Rusiyanın sentyabrın 30-da Suriyada hava əməliyyatlarına başlaması 4 ildən artıqdır davam edən “vətəndaş müharibəsi”nin (“vətəndaş müharibəsi” ifadəsi artıq 2011-ci ildə anlamını itirmişdi) axarını dəyişdirdi. Son vaxtlar ardıcıl hərbi məğlubiyyətlərə uğrayan və Aralıq dənizinin sahillərinə sıxışdırılan Bəşər Əsəd rejimi rus qırıcılarının dəstəyi ilə əks-hücuma keçib. Son məlumatlara görə, rejim gücləri İŞİD və müxalifət qüvvələrinin əlində olan yüzlərlə kəndi geri qaytarıb. Hazırda Rusiya rəhbərliyi rus qırıcılarının 15 günlük bombardmanlarının nəticələrindən çox razı görünür. Moskva iddia edir ki, 15 günlük bombardman ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın bir illik aviazərbələrindən daha uğurlu olub. Və indiki halda Rusiyanın yanaşmasından belə çıxış etmək olar ki, “Yeni Əfqanıstan” variantından söhbət belə gedə bilməz.

Amma heç də belə deyil. Rusiyanın “Yeni Əfqanıstan” xəbərdarlıqlarını nəzərə alması üçün kifayət qədər əsaslar var.

1.Moskva iddia edir ki, hava əməliyyatlarından uzağa getmək və Suriyaya quru qoşunları daxil etmək niyyətində deyil. Rusiya rəhbərliyi Suriyaya quru qüvvələrini göndərməyəcəyini, hava əməliyyatlarının 3-4 ay davam edəcəyini bildirir. Bu halda isə “Yeni Əfqanıstan” variantından qaçmaq da asan görünə bilər. Ancaq hərbi ekspertlərin fikrincə, hava əməliyyatları aldadıcıdır və qəti qələbə qazanmaq üçün kifayət etməyəcək. Analitiklər bu fikirdədir ki, Rusiya addım-addım quru əməliyyatlarına doğru gedir, bunsuz Yaxın Şərqdəki yeganə müttəfiqi olan Bəşər Əsədi qorumaq mümkün olmayacaq. Rusiyanın quru əməliyyatlarında iştirakı isə onu böyük bataqlığın tam mərkəzinə çəkəcək. Qərbin istədiyi də elə budur.

2.Suriyada Rusiyaya qarşı çox güclü cəbhə formalaşmaqdadır. Səudiyyə Ərəbistanın dini liderləri Rusiyanı rəsmi şəkildə “ağır nəticələr”lə təhdid etməmişdən bir neçə gün əvvəl - oktyabrın 5-də Suriyada hərbi əməliyyatlara başladığına görə Moskvaya cihad elan etdilər. Heç kimə sirri deyil ki, dünyanın müxtəlif ölkələrində on minlərlə döyüşçünü Suriyaya gətirərək onları maliyyələşdirən və silahlandıran əsas ölkə məhz Səudiyyədir. Rusiya Ər-Riyadın xəbərdarlığını kifayət qədər ciddi qəbul etməlidir.

Bundan başqa, səudiyyəli dini liderlərin Çeçenistan və bütövlükdə Şimali Qafqazda böyük nüfuz sahibləri olduğu heç kimə sirr deyil. Bu üzdən cihad çağırışının Çeçenistan və Şimali Qafqazda hansı rezonans doğuracağını təsəvvür etmək o qədər də çətin deyil.

Suriyada Rusiyaya qarşı ittifaqın ilk siqnalları da bir neçə gün əvvəl verilib. Aralarında Azad Suriya Ordusu və “Ahrar əl-Şam” təşkilatının da olduğu 41 silahlı qrup bölgə ölkələrini “Suriyanı işğal edən Rusiya-İran ittifaqına qarşı” əməkdaşlığa çağırıb. Rejim əleyhdarı qüvvələrin çağırışında konkret ölkələrin adı çəkilməsə də, bu ölkələrin Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin olduğu məlumdur.

Suriyada rejim qüvvələrinə qarşı vuruşan “Əl-Nüsra” Cəbhəsinin lideri Əbu Məhəmməd əl-Culani Rusiyanı intiqam hücumları ilə təhdid edib. “Əgər Rusiya ordusu Suriyadakı xalqı öldürsə, o zaman öz xalqı da öləcək. Əgər onlar əsgərlərimizi öldürsələr, onların əsgərləri də öləcək. Gözə göz, dişə diş” - “Əl-Nüsra” Cəbhəsinin lideri bəyan edib.

Nəhayət və ən təhlükəlisi, Rusiyada 20 milyondan çox müsəlman yaşayır. Rusiyanın düşmənləri Suriyada baş verənləri Moskvanın islam aləmi ilə müharibəsi kimi təqdim edə bilsələr, bu toplumun Rusiya üçün hansı təhlükə yaradacağını təsəvvür etmək çətin deyil.

Göründüyü kimi, Rusiyaya qarşı çox güclü cəbhə formalaşır və Moskvanın “ildırım sürətli” planın iflasa uğrayacağı ilə bağlı xəbərdarlıqlar ciddiyə alına bilər.

1979-cu il dekabrın 24-də ilk sovet hərbi qüvvələri Əfqanıstan sərhədini keçərək ölkəyə hərbi müdaxilə edəndə də məqsəd Suriyadakı olduğu kimi ölkədəki daxili sabitliyi bərpa etmək idi. 1978-ci ildə Əfqanıstan Xalq Partiyasının (ƏXP) rəhbəri, SSRİ-yə meylliliyi ilə tanınan Nur Məhəmmər Tərəki rəqibi Həfizulla Əmin tərəfindən qətlə yetirilir. Aminin rəhbərliyi altında olan ƏXP-nin "Hezb" qanadı hakimiyyəti ələ keçirir. Aminin ölkədə həyata keçirdiyi iqtisadi-siyasi islahatlar iri mülkədarlar tərəfindən müsbət qarşılanmadığından Əfqanıstanın müxtəlif əyalətlərində mərkəzi hakimiyyətə qarşı çıxışlar baş verməkdə idi. Bu çıxışlar Pakistan, həmçinin ABŞ daxil olmaqla, bir sıra qərb ölkələri tərəfindən dəstəklənirdi. Belə bir məqamda SSRİ Əfqanıstandakı dayaqlarını itirməmək üçün bu ölkəyə qoşun yeritmək qərarı verir. SSRİ də Əfqanıstanda “ildırım sürətli” hücum planlaşdırmışdı, amma biabırçı məğlubiyyətlə nəticələnən müharibə düz 10 il davam etdi. “Böyük imperiya” ABŞ-ın başçılıq etdiyi Qərb, Səudiyyənin başçılıq etdiyi ərəb ölkələri və Pakistanın dəstəklədiyi mücahidlər tərəfindən məğlub edildi. Demək olar ki, hazırda Suriyada da Rusiyaya qarşı eyni qüvvələr durur. Ortada bir başqa məsələ də var. Moskva Karnegi Mərkəzinin Yaxın Şərq üzrə eksperti Nikolay Koşanov bildirir ki, Rusiya qoşunlarının Suriyaya müdaxiləsi yerli əhali tərəfindən də müsbət qarşılanmayacaq.

3.Amerikalı politoloq Şveyner yazırdı: “Sovet İttifaqı ancaq zaman bizim tərəfımizdə olduğuna görə iflasa uğramadı. Kreml SMT-nin (strateji müdafıə təşəbbüsü - müəl.) kumumetiv təsiri, müdafıə xərclərinin artması, Əfqanıstanda geosiyasi maneələrlə, enerji daşıyıcıları ixracından sabit valyutada on milyonlarla dollar itirilməsi, texnologiyalardan istifadənin məhdudlaşdırılması ilə üzləşməsəydi, onun təlatümlərə duruş gətirəcəyini məntiqi şəkildə təxmin etmək mümkün idi”.

“Yeni Əfqanıstan”a “bəli” demək üçün üç səbəb

İqtisadi baxımdan getdikcə Qərbə uduzan SSRİ Əfqanıstanda külli miqdarda vəsait xərcləməklə öz sonunu hazırladı. Dünya cəmiyyətində birmənalı olaraq belə bir fikir mövcuddur ki, Əfqanıstan müharibəsi SSRİ-nin sonunu daha da yaxınlaşdırdı. Hazırda daha bir müsəlman ölkəsində döyüş meydanına atılan Rusiya sələfinin səhvlərini təkrarlamırmı? Dəqiq proqnoz vermək mümkün olmasa da, müəyyən ehtimallara əsaslanaraq “bəli” cavabı vermək mümkündür.

a) Rusiya 1980-cu illərin SSRİ-si ilə müqayisədə xeyli zəifdir. Qərb həmin dövrdə iqtisadi baxımdan daha güclü olsa da, SSRİ də bugünkü Rusiyadan güclü idi. Hazırda Rusiya iqtisadiyyatı və maliyyə sisteminin Qərbdən asılılıq dərəcəsi “soyuq müharibə” dövründə olduğundan daha çoxdur. Ukrayna böhranından sonra enerji ehtiyatlarının qiymətinin iki dəfədən də çox aşağı düşməsi Rusiyanı iflas həddinə gətirdi. Bugünkü Rusiya SSRİ dövrü ilə müqayisədə neft və təbii qazın qiymətlərindən daha çox asılıdır. Rusiyadan başqa on dörd müttəfiq respublikanın imperiyaya verdiyi gücü də nəzərə alsaq, “Yeni Əfqanıstan” daha real görünür. Sirr deyil ki, ABŞ-ın Əfqanıstan və İraqdan çıxmasının əsas səbəblərindən biri də bu müharibələrə çəkilən trilyonlarla dollar oldu. Rusiyanın isə bugünkü ağır maliyyə vəziyyəti ilə Suriyada qələbə qazanacağı inandırıcı görünmür.

b) SSRİ-nin Əfqanıstan müharibəsində məğlubiyyəti mərkəzdənqaçma meyllərini gücləndirdi və 70 illik imperiya parçalandı. Kreml rəhbərliyi sözsüz ki, Suriyada məğlubiyyəti ağla belə gətirmir və başa düşür ki, mümkün məğlubiyyət Moskvanın nüfuzuna ciddi zərbə vuracaq, muxtar subyektlərin içində bəzi qüvvələrin müstəqillik arzularının ucadan səslənməsi ilə nəticələnəcək.

c) Suriya məğlubiyyəti Putinin dönəmində qazanılan hərbi uğurların itirilməsinə gətirib çıxara bilər. Məğlubiyyət Moskvanın sərhədləri boyu yaratdığı separat rejimlərə dəstəyini azalda, bu isə keçmiş sovet respublikalarını Rusiyadan daha da uzaqlaşdıra bilər.

Suriya Rusiya üçün ikinci Əfqanıstan ola bilərmi? İstisna deyil. Amma bu halda Yaxın Şərqdə daha dəhşətli və dağıdıcı dövrün başlanacağı şübhəsizdir. Rusiyanı “Yeni Əfqanıstan”dan sonra nələr gözlədiyi barədə də dəqiq fikir söyləmək mümkün deyil. Amma bir şeyi əminliklə söyləmək olar ki, Suriyada yaşanacağı istisna edilməyən məğlubiyyət Rusiyanı qlobal güc iddiasından tamamilə geri atacaq və ikiqütblü dünya arzuları tarixə gömüləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm