Ankaranı qana boyayan terrorçunun qardaşı əsir düşdü
Bizi izləyin

Dünya

Ankaranı qana boyayan terrorçunun qardaşı əsir düşdü

Ankarada 99 nəfərin öldüyü terror aktını həyata keçirən 2 kamikadzedən biri olduğu deyilən Ömər Dəniz Dündarın əkiz qardaşı Mahmud Qazi Dündar Suriyada YPG-yə (PKK terror təşkilatının Suriyadakı qolu PYD-nin hərbi qanadı) əsir düşüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Toxucular” qrupunun üzvü olan Ömər Dəniz Dündar əkiz qardaşı ilə birlikdə qeyri-qanuni yollarla Suriyaya keçib və burada İŞİD-ə qatılıb.

Türkiyənin Adıyaman vilayətindən olan gənclərin daxil olduğu “Toxucular” qrupuna Suriyada “Konsantin” Batalyonu adı verilib. Türk gənclərdən təşkil edilən batalyon İŞİD-in paytaxtı hesab olunan Rakka və İŞİD-in bu ilin iyun ayına qədər nəzarətdə saxladığı Tel-Abyad mahalında hərbi təlim alıb.

Tel-Abyad iyun ayında YPG və Azad Suriya Ordusunun qolu olan “Burxan Əl-Firat” qrupu tərəfindən İŞİD-dən alınıb. Bundan sonra İŞİD-in bir çox üzvü Rakkaya qaçıb. YPG gücləri isə mahalda axtarışlar zamanı Mahmud Qazi Dündarı ələ keçirib və İŞİD üzvü olduğunu öyrənəndən sonra Tel-Abyad həbsxanasına salıb.

YPG-dəki mənbələr də Mahmud Qazi Dündarın Tel-Abyad həbsxanasında olduğunu təsdiqləyiblər. Onun həyat yoldaşı Merve Dündarın isə Rakkaya qaçdığı təxmin edilir.

Qeyd edək ki, oktyabrın 10-da Ankarada terror aktı törədilib. İki partlayış nəticəsində 99 nəfər həlak olub. Partlayışı törədən kamikadzelərin Yunus Əmrə Alagöz və Ömər Dəniz Dündar olduğu açıqlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm