MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı başa çatıb - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı başa çatıb - FOTO (YENİLƏNİB)

Qazaxıstanın Akmolin vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı başlayıb.

Publika.az “tengrinews.kz” saytına istinadən xəbər verir ki, tədbir “Rixos Borovoe Hotel”də keçirilir.

Zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Almazbek Atambayev, Rusiya prezidenti Vladimir Putin, Tacikistan prezidenti Emomali Rahmon, Özbəkistan prezidenti İslam Kərimov, Moldovanınn xarici işlər naziri Andrey Qalbur, Türkmənistan baş nazirinin müavini Satlık Satlıkov, Ukraynanın Qazaxıstandakı müvəqqəti işlər vəkili Yuri Lazebnik və MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak edir.

Açılış nitqi edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev tədbirin ölkənin ən mənzərəli guşələrindən birində keçdiyini bildirib. O, Aleksandr Lukaşenkonu da prezident seçkilərində qələbə münasibətilə təbrik edib. Qazaxıstan prezidenti qeyd edib ki, tədbirin gündəliyinə 17 məsələ, o cümlədən BMT-nin 70 illiyi, Çernobıl AES-də baş vermiş qəzanın 30 illiyi, miqrasiya, cinayətkarlıqla mübarizə, mədəniyyət, fövqəladə halların aradan qaldırılması, sərhədlərin qorunması və hərbi sahədə əməkdaşlıq məsələləri daxil edilib. Nazarbayev bildirib ki, tədbirdə 2020-ci ilə qədər hərbi əməkdaşlığın konsepsiyası və xarici sərhədlərlə bağlı əməkdaşlıq və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi proqramı qəbul olunacaq.

“Qazaxıstan lap əvvəldən ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın aktivləşməsini dəstəkləyir. Bu postsovet məkanın 11 dövlətini birləşdirən universal meydandır. Biz burada beynəlxalq siyasətin ən vacib problemləri üzrə fikirləri mübadilə edə, çoxtərəfli əməkdaşlığımızın istənilən məsələlərini müzakirə edə bilərik”, - Nazarbayev çıxşını yekunlaşdırıb.

Günün ikinci yarısında Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. Qazaxıstan, Ermənistan, Belarus, Qırğızıstan və Rusiya dövlət başçılarının iştirak edəcəyi iclasda azad ticarət zonasının yaradılması üzrə İsraillə danışıqlar haqqında qərarın qəbul ediləcəyi gözlənilir.

***

Sonra iclas işini geniş tərkibdə davam etdirdi.

Geniş tərkibdə iclasın əvvəlində Belarus Prezidenti Aleksandr Lukaşenko MDB çərçivəsində xalqların və dövlətlərin dostluğuna verdiyi töhfəyə görə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə “Xalqlar Dostluğu” ordenini təqdim etdi.

Məhdud tərkibli görüşdə MDB-nin gələcək inkişafı ilə bağlı cari məsələlərin müzakirə edildiyini deyən Nursultan Nazarbayev bildirdi ki, son vaxtlar dünyanın qlobal dəyişikliklərə məruz qaldığı zamanda MDB də həmin şəraitə uyğun fəaliyyət göstərməlidir. Buna görə, bugünkü iclasda müzakirə olunan məsələlərdən biri təhlükəsizlik sahəsində beynəlxalq vəziyyətdir.

Qazaxıstan Prezidenti BMT-nin razılığı ilə ümumdünya terrorizmə qarşı mübarizə şəbəkəsinin yaradılmasının vacibliyini bildirdi, bu sahədə MDB-nin antiterror mərkəzinin potensialından maksimum yararlanmağın zəruriliyini qeyd etdi. O vurğuladı ki, bu gün MDB dövlət başçılarının beynəlxalq terrorizmə qarşı BMT-nin yaradılmasının 70 illiyi münasibətilə qəbul etdiyi bəyanat olduqca əhəmiyyətlidir.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirdi ki, məhdud tərkibli iclasda toplantının gündəliyi və reqlamenti təsdiqlənib, iki mühüm bəyanat - BMT-nin yaradılmasının 70 illiyi və beynəlxalq terrorizmlə mübarizə ilə əlaqədar MDB dövlət başçılarının bəyanatları qəbul edilib. Həmçinin MDB dövlət başçıları Şurasının növbəti iclasının 2016-cı il sentyabrın 16-da Qırğızıstanda keçirilməsi qərara alınıb.

Sonra Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 30 illiyi ilə bağlı dövlət başçılarının müraciəti müzakirə olundu. Belarusun fövqəladə hallar naziri Vladimir Vaşenkonun məlumatından sonra qəzanın 30 illiyi ilə əlaqədar MDB ölkələrinin birgə müraciətinin dünya ictimaiyyətinə çatdırılması təklif edildi və bununla bağlı qərar qəbul olundu.

Daha sonra iclasda MDB-yə üzv ölkələrin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Şurası və Hava Hücumundan Müdafiə Koordinasiya Komitəsinin rəhbərlərinin namizədliyi təsdiqləndi.

MDB Dövlət Başçıları Şurasının iclası sənədlərin imzalanması ilə yekunlaşdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm