Obamanın Putin planı: İraqdakı son əməliyyat nəyə hesablanmışdı?
Bizi izləyin

Dünya

Obamanın Putin planı: İraqdakı son əməliyyat nəyə hesablanmışdı?

İngiltərənin “Times” nəşri ABŞ-ın İraqda Rusiyanı dayandırmaq üçün hərəkətə keçdiyini yazıb.

Publika.az xəbər verir ki, nəşr ABŞ-ın xüsusi təyinatlılarının İraq ordusu ilə bilrikdə İŞİD-ə qarşı təşkil etdiyi əməliyyatın da məhz Rusiyanın İraqa girməsinin qarşısını almağa xidmət etdiyini qeyd edib.

“ABŞ-ın İraqda quru birliklərindən istifadə etməsi təsadüf sayıla bilməz. Ağ Ev aylardır ki, İŞİD-ə qarşı yalnız hava gücündən istifadə etdiyi üçün tənqid olunurdu. ABŞ əvvəlcə Rusiyanın Suriyada hava əməliyyatlarına başlayacağını hesablaya bilmədi. Daha sonra Rusiya, Suriya, İran və İraq Bağdadda ortaq kəşfiyyat qərargahı qurdu. Bu, ABŞ-ın bölgədəki nüfuzuna açıq şəkildə meydan oxumaq idi. İraqda şiə millət vəkilləri həftələrdir ki baş nazir Haydar Əl-İbadidən Rusiyaya kömək üçün müraciət etməsini tələb edirlər. Onların fikrincə, ABŞ-ın İŞİD-ə qarşı həyata keçirdiyi hava hücumları müsbət nəticə verməyib”, - “Times” nəşri yazıb.

Nəşrin yazdığına görə, amerikalı səlahiyyətlilər Vaşinqtonun İraq strategiyasını yenidən nəzərdən keçirir. Amma İraqa quru qüvvələrinin göndərilib-göndərilməyəcəyi isə hələ dəqiqləşməyib.

“Amerika İraq təhlükəsizlik gücləri üçün 20 milyard dollar xərcləyib. Ancaq Bağdadda bəzi dairələr belə düşünür ki, İranın dəstəklədiyi şiə qüvvələri döyüşə daxil olmasa, İraq ordusunun İŞİD-i məğlub etməsi çətin olacaq. Barak Obama xarici siyasətdə İŞİD-lə mübarizəyə və Suriyadakı vətəndaş müharibəsinə daha az diqqət ayırmaqla əsas diqqəti İranla nüvə razılaşmasına yönəltmişdi. Bu siyasət artıq kifayət etməyə bilər”, - nəşr qeyd edir.

Qeyd edək ki, dünən ABŞ-ın xüsusi təyinatlıları İraq ordusu ilə birlikdə İŞİD-in əlində olan və “edam edilmək üzrə olan” 69 girovun xilas edilməsi üçün əməliyyat keçirib. Əməliyyat zamanı bir Amerika hərbçisi ölüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm