Türkiyə üçün tarixi gün – “Təkbaşına, iş başına!”, yoxsa...
Bizi izləyin

Dünya

Türkiyə üçün tarixi gün – “Təkbaşına, iş başına!”, yoxsa...

Bu gün Türkiyədə növbədənkənar parlament seçkiləri keçirilir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, seçkilərə 16 siyasi partiya və 19 müstəqil namizəd qatılıb.

Partiya siyahısından millət vəkili adı uğrunda mübarizə aparan namizədlərin sayı 8399-dur.

Seçki qanunvericiliyinə görə, 10 faizlik baryeri keçən partiyalar parlamentdə təmsil olunmaq hüququna sahib olacaqlar. İyunun 7-də keçirilən parlament seçkilərinə görə, 4 partiya parlamentdə təmsil olunmaq hüququ qazanmışdı: Ədalət və İnkişaf Partiyası (AKP) – 40,85 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) – 24,96 faiz, Milliyyətçi Hərəkat Partiyası (MHP) – 16,30 faiz, Xalqların Demokratiya Partiyası (HDP) – 13,10 faiz.

Bu nəticələrə əsasən AKP 258, CHP 132, MHP və HDP isə hərəyə 80 millət vəkili yeri qazanmışdı. Təkbaşına hökumət qurmaq üçün azı 276 səs tələb olunduğundan koalisiya hökuməti qaçılmaz olub. Baş nazir və AKP-nin sədri Əhməd Davudoğlunun 45 gün ərzində CHP, MHP və HDP ilə apardığı koalisiya danışıqları isə nəticəsiz qalıb. Koalisiya danışıqlarının nəticəsiz qalması növbədənkənar seçkiləri qaçılmaz edib. Türkiyə Mərkəzi Seçki Komissiyası avqustun 25-də növbədənkənar seçkilərin noyabrın 1-də keçiriləcəyini açıqlayıb.

Hazırkı seçkilərin nəticələrinə görə də parlamentdə 4 partiyanın – AKP, CHP, MHP və HDP-nin təmsil olunacağına şübhə edən yoxdur. 7 iyun seçkilərində olduğu kimi AKP-nin birinci, CHP-nin ikinci, MHP-nin üçüncü, HDP-nin isə dördüncü yeri tutacağı təxmin edilir. Lakin müəyyən ehtimallara görə, MHP-nin koalisiya danışıqlarında tutduğu mövqe partiyanın yerinə mənfi təsir göstərə və MHP-nin bir nömrəli rəqibi olan HDP qabağa keçə bilər.

Amma yalnız səsvermə tamamlandıqdan sonra cavabı aydın olacaq bir sual var: AKP təkbaşına hökumət qurmaq üçün lazım olan mandat sayını əldə edəcəkmi? İndiyə kimi keçirilən rəy sorğuları da bu suala “yox” cavabı verir. KONDA araşdırma şirkətinin rəhbəri Bekir Ağırdırın sözlərinə görə, MHP-nin tərəfdarlarında seçici fəallığı azalarsa, bu sadəcə AKP-nin deyil, CHP və HDP-nin lehinə olan vəziyyət yaradır. O, qeyd edib ki, AKP 7 iyundakı 18 milyon nüvə səslərinə 2 milyona yaxın yeni səs əlavə edib. Amma Bekir Ağırdır hesab edir ki, AKP-nin əlavə olaraq qazandığı bu səslər də təkbaşına iqtidar olmaq üçün kifayət etmir: “Çünki digər partiyaların seçiciləri də öz partiyalarına sahib çıxmaq niyyətindədirlər”, - araşdırma şirkətinin rəhbəri seçkilərdən AKP üçün təkbaşına iqtidarın çıxmayacağına işarə vurub.

Koalisiya hökumətləri demokratik cəmiyyətlərdə özünü kifayət qədər müsbət tərəfdən göstərə bilsə də, Türkiyə tarixindəki koalisiya hökumətləri özləri barəsində mənfi imic formalaşdırıb və əksər hallarda ölkəyə sabitlik gətirməyib. Əhməd Davudoğlu da mitinqlərdə ölkə vətəndaşlarına səslənərək sabitlik üçün təkbaşına iqtidar üçün AKP-yə səs verməyə çağırıb. Davudoğlu vətəndaşlara üzünü tutaraq “məni hökumət qurmaq üçün Kamal Kılıcdaroğluya, Dövlət Baxçalıya və Səlahəddin Demirtaşa möhtac etməyin” deyib. Bu, AKP-nin seçki şüarında da xüsusi olaraq vurğulanıb: “Tək başına, iş başına!”

Qeyd edək ki, xarici ölkələrdə Türkiyə vətəndaşları üçün səsvermə prosesi başa çatıb. Türkiyə vətəndaşları 8-25 oktyabr tarixlərində 54 ölkə və 113 nümayəndəlikdə səs veriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm