Gürcüstanda “2-ci qızılgül”: “Rustavi-2” yenidən inqilabın qərargahına çevrilir
Bizi izləyin

Dünya

Gürcüstanda “2-ci qızılgül”: “Rustavi-2” yenidən inqilabın qərargahına çevrilir

Tiflis şəhər məhkəməsi “Rustavi-2” telekanalının keçmiş səhmdarı Kibar Xalvaşinin iddiasını təmin edib.

Publika.az xəbər verir ki, məhkəmə teleşirkətin səhmlərinin bütünlüklə Kibar Xalvaşinin ona qaytarılması barədə qərar verib.

Məhkəmə qərara gəlib ki, 2006-cı ildə Gürcüstan prezidenti Mixail Saakaşvili, daxili işlər naziri Vano Merabişvili və baş prokuror Zurab Adeişvilinin “təhdid və təzyiqləfri” ilə “Rustavi-2” kanalı üzərindəki nəzarət paketi hakimiyyətə yaxın biznesmenlərin, xüsusilə Ukraynada yaşayan Georgi və Levan Karamanişvilinin adına tərtib edilib.

İş adamı Kibar Xalvaşi telekanalı sabiq dövlət başçısı Mixail Saakaşvilinin hakimiyyəti zamanı alıb və satıb. Sənədlərə görə o, “Rustavi-2” üçün 2 milyon 200 min ABŞ dolları ödəyib. Kibar Xalvaşi iddia qaldırıb ki, Saakaşvili rəhbərliyi onu telekanaldakı hissələrindən qanunsuz olaraq məhrum edib.

Məhkəmənin qərarına qədər isə TV-nin səhmlərinin 90 faizinin sahibləri sabiq prezident Saakaşviliyə yaxınlığı ilə tanınan Karamanişvili qardaşlarına məxsus olub. Beləliklə, sabiq prezident və onun yaxın silahdaşları əsas media silahından məhrum olacaqlar. Lakin kanalın rəhbərliyi, kollektivi və müxalifət məhkəmənin qərarından şikayət etmək niyyətindədir. Onlar Tiflis şəhər məhkəməsinin qərarını “Avrasiya tipli diktatura”nın əlaməti hesab edirlər. Əgər ən yüksək məhkəmə instansiyası da sözügedən qərarı təsdiqləsə, ölkədə ciddi qarşıdurmanın başlanacağı gözlənilir.

“Rustavi-2”nin vəkilləri məhkəmə iclasına etiraz əlaməti olaraq zalı tərk ediblər. “Tamaz Urtmelidze biabırçı hakim kimi tarixə düşəcək və o, mütləq cəzalandırılacaq”, - vəkil Tamta Muradaşvili qərarı şərh edib.

İkinci vəkil Zaza Bibilaşvili də baş verənləri “geosiyasi miqyaslı hadisə” adlandırıb: “Gürcüstanda Rusiya oliqarxı Bidzina İvanişvili Avrasiya tipli diktaturanı rəsmiləşdirib”.

Eyni zamanda vəkillər bildiriblər ki, şirkətin idarəetməsində heç bir dəyişiklik olmayacaq. Onlar əvvəlcə Apellyasiya Məhkəməsinə, istədikləri qərar verilməsə Ali Məhkəməyə şikayət edəcəklər. Gürcüstanın Konstitusiya Məhkəməsi isə Apellyasiya Məhkəməsinin qərarına qədər Tiflis şəhər məhkəməsinin qərarının icrasını dayandırıb. Əlavə edək ki, Konstitusiya Məhkəməsinin bütün üzvləri prezident Saakaşvili dövründə təyin edilib.

Daha əvvəl Saakaşvilinin "Rustavi-2"nin rəhbərliyi ilə telefon danışıqları yayılıb. Keçmiş prezident telefon söhbətlərinin gedişatında öz tərəfdarlarını, həmçinin jurnalistləri kanalın əməkdaşlarını barrikadalar qurmağa, televiziya şirkətini müdafiə etməyə və daha sonra inqilab ssenarini həyata keçirməyə çağırıb. “Düşünürəm ki, 1500–2000 döyüş bacarığı olan kişi tapacağıq. Əgər polis gülləm atsa qan töküləcək və müharibə, daha sonra isə inqilab başlanacaq”, - Ukraynanın Odessa vilayətinin qubernatoru bildirib.

Yüzlərlə insan isə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları ilə qarşıdurmaya hazır olduğunu göstərmək üçün kanalın həyətində keşik çəkir. “Biz Bidzina İvanişviliyə kanalı ələ keçirməyə icazə verməyəcəyik. Biz nümayiş etdirməliyik ki, fiziki müqavimətə hazırıq”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili vətəndaşları sakitliyə çağırıb və “Rustavi-2”nin jurnalistlərinə məsləhət görüb ki, çirkli siyasi oyunlara oyuncaq olmasınlar.

Bu telekanal “Gürcü arzusu” blokunun hakimiyyətə gəldiyi müddətdən etibarən hakimiyyətin siyasətini tənqid edən proqram və verilişləri ilə efirə çıxır. Telekanalı 2003-cü ildə baş vermiş “Qızılgül inqilabı”nın əsas səbəbkarlarından idi və inqilabçılara informasiya dəstəyi göstərirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm