Jurnalist İŞİD-in istehkamında başına gələnləri yazdı
Bizi izləyin

Dünya

Jurnalist İŞİD-in istehkamında başına gələnləri yazdı

Günlərlə davam edən planlaşdırmadan sonra Amerikanın Səsinin jurnalistləri İŞİD-in nüfuz əldə etməyə başladığı Əfqanıstanın Nənqahar vilayətinə gedə bilib. Cənubi Asiya üzrə journalist Ayişə Tanzim həmkarı Gül Sarvanla gördüklərindən danışır.

Planlaşdırma günlərlə davam etdi. Bizim əsas plan və daha sonra ikinci plan var idi. Əminliklə bilirdik ki, bu planların hər biri hər an iflasa uğraya bilərdi.

Çünki məqsədimiz yalnız Əfqanıstanda İŞİD yaraqlılarının mərkəzinə çevrilməkdə olan Nənqahar vilayəti deyildi, həm də onların istehkamı hesab edilən Açin qəsəbəsinə getməyi planlaşdırırdıq.

Yalnız İŞİD-mi?

İŞİD bizim yeganə problemimiz deyildi. On illərdir davam edən münaqişələr, zəif hökumət, gündən-günə tükənməkdə olan təhlükəsizlik qüvvələri və eləcə də zəngin kimi görünən əcnəbilərin orada olması Əfqanıstanı kriminallar üçün cənnətə çevirib. Pul üçün insanların oğurlanması əsas narahatlıqlardandir.

Əgər pulu olan adam təsiri bağılaşasan, hədəfə düşürsən. Əgər əcnəbisənsə, üzərindəki hədəf daha da böyüyür.

Digər çətinlikləri də xülasə edim. Partlayışlar və intiharçı hücumları hər an baş verə bilər və bu vəziyyətə hazırlaşmaq çox çətindir. Bəli, bura Əfqanıstandır. Kafeyə getdiyin yerdə qəlpə yarası da ala bilərsən. Yəni, bir növ bunların öhdəsindən gəlməyi öyrənirsən.

Qərara gəldik ki, Əfqanıstanda adi sayılan qırıq-salxaq Toyota Korolladan istifadə edək. Bu maşına heç kəs ikinci dəfə baxmayacaqdı.

Daha sonra düzgün mövzu tapılmalı və saxta kimliklər əldə edilməli idi. Yoxlama məntəqəsindəki yerli polisləri və ya hotel işçilərini Amerikanın Səsi üçün çalışan əcnəbi jurnalist olduğum barədə xəbərdar etməyim heç də yaxşı fikir deyildi. Söz çox tez yayılır və bu məlumat pis insanların qulağına çata bilərdi.

Burada mənim Cənubi Asiyalı görünüşüm yardımçı oldu. Əgər yerli paltarlardan geyinsəydim və ağzımı açmasaydım əfqan kimi qəbul oluna bilərdim. Kameramanım və təşkilatçım əfqan idilər.

Əcnəbilərin və zənginlərin qalmayacağı sşağı səviyyəli mehmanxana kirayələdik və otaqların ikinci mərtəbədə olmasını istədik. Məqsədimiz hər hansı hücum zamanı qaçmaq üçün yetərli zamanımızın olması və ikinci mərtəbədən tullanıb qaça bilməyimiz idi.

Cəlalabad

Nənqaharın paytaxtıdır. Kabildən qat-qat mühafizəkardır. Kamera qarşısında dayanan hər hansı bir qadın, hətta bürqədə də olsa şübhə obyektinə çevrilir. Yəni son günədək küçədə çəkiliş aparmamalıyam. İlk öncə qapalı məkanlarda çəkilişləri bitirib, bayırdakı çəkilişləri planlaşdırdıq ki, hərəsinə 10 dəqiqədən çox vaxt ayırmayaq və dərhal da Kabilə yola düşdük. Bütün yol boyu maşının güzgüsündə arxaya baxaraq heç kəs bizi izləmədiyindən əmin olmağa çalışırdıq.

Səfərin ən təhlükəli hissəsi isə Açinə səfər idi. Planımız yaxınlaşdıqca daha görünən olmalı idi. Yerlilərdən biri olmaq. Lanfşaftın bir hissəsi olmaq.

Buraya hətta təbii ehtiyaclarımızın nəzarətdə saxlanması da daxil idi. Cəlalabadda hoteli tərk edəndən sonra ayaq yolundan istifadə variantımız ola bilməzdi, çünki bu, bizi üzə çıxara bilərdi. Ona görə də mən bir gün öncə bacardığım qədər çox su içməyə çalışdım və növbəti gün axşam saat 5-dək susuzluğumu yatırmaq üçün saqqız çeynədim.

Biz həmçinin bilirdik ki, Açində kameramızı çıxardığımız andan hədəfə çevriləcəkdik. Ona görə də, bunun qarşısını almaq üçün bizə mühafizə lazım idi.

Əfqanıstanın prezidenti kimi

Rahim Gül Sarvan – mənim əfqan həmkarım. Əminliklə deyə bilərəm ki, bu şəxs olmasa idi mənim orada sağ qalmağım mümkün olmazdı. Bir çox təhlükəli yerlərdə jurnalistlik təcrübəsi olan Sarvan qəsəbənin qubernatoru Hacı Qaliblə tanışlığı var idi. Qalib yerli mediada İŞİD-ə qarşı mövqeyinə görə qəhrəman kimi tanınır. O, Açində təhlükəsizliyimizi təmin etməyə söz verdi. Bir gün əvvəl müsahibə apardığımız Nanqahar vilayətinin şura üzvü Zabiullah Zmaray da qəsəbədə bizi müşayiət etməyə razılıq verdi.

O, İŞİD-ə qarşı ictamai şəkildə danışan nadir yerli liderlərdəndir və ona görə də İŞİD-in hədəfindədir. Bundan başqa onda ənənəvi əfqan qonaqpərvərliyi var idi və mən də onun qonağı idim.

Beləliklə Açinə getməyə hazırlaşanda qapıda bizi AK-47-lərlə silahlanmış zirehli jiletli onlarla kişi və iki maşının gözlədiyini gördük. Yolda bizə Əfqanıstan Milli Ordusunun əsgərləri də qoşuldu. Minomyotlarla silahlanmış zirehli Hamvilər! Bir anlıq düşündüm ki, deyəsən mən bu ölkənin prezidenti seçilmişəm. Bu, indiyədək gördüyüm ən VIP rəftar idi, özü də dünyanın ən təhlükəli yerində.

Ancaq bu, həm də o demək idi ki, biz artıq gözəgörünməz deyilik. Bunun qarşısını ala bilməzdim, ancaq unutmayın ki, bu ölkədə hücumların bəziləri öz hüquq-mühafizəçiləri tərəfindən həyata keçirilib.

İŞİD-in nəzarətindəki Açin qəsəbəsi

Açin tozlu-dumanlı bir yerdir. Getdiyimiz yol İŞİD və Talibanla döyüşlərə səhnə olan ərazilərlə əhatə olunub. Sürücü mənə dedi ki, yaxınlıqda görünən bazar çox təhlükəlidir, çünli yaraqlılar oradan hərəkət edən avtomobillərə qumbaralar atır.

Son məntəqəyə çatanda burada Əfqanıstan hökumətinin səlahiyyətləri bitirdi. İnsanlarmənə yenicə partladılmış maşımları göstərirdi.

Biz artıq zirehli maşınları tərk etmişdik və zirehli jilet əynimdə Hamvidə idim. Hamvidən çıxan kimi mənə dedilər ki, başını aşağı əyərək dayanmadan baryerlərin arxasına qaç. Sonra öyrəndim ki, İŞİD-in uzunməsafəli snayperi bu postdakı əsgərləri nişan almaq üçün pusquda durur.

Sonda reportajımız alındı və mən sağ qaldım, bunları sizə danışa bilirəm. Amma buna dəyərdimi? Mənim üçün bəli. Bəs bunu yenidən edərdimmi? Düşünmədən!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm