Əfqanlar ruslarla çiyin-çiyinə -“düşmənlər” Əsəd üçün vuruşur
Bizi izləyin

Dünya

Əfqanlar ruslarla çiyin-çiyinə -“düşmənlər” Əsəd üçün vuruşur

İran ölkədəki yoxsul əfqan qaçqınlarını yüksək maaş və yaşamaq izni qarşılığında rejim güclərinin tərəfində vuruşmaq üçün Suriyaya göndərir.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Guardian” nəşri yazıb.

“İran davamlı şəkildə Əsədə hərbi təlimatçılar və yüksək rütbəli komandirlər göndərdiyini, hərbi əməliyyatları planlaşdırdığını bildirir. Ancaq əfqanların döyüşə göndərilməsi İranın başqa vasitələrdən də istifadə etdiyini göstərir”, - nəşr qeyd edib.

“Guardian” bildirir ki, əfqanlar ən çox Məşhəd və Qum şəhərlərində silahlı dəstələrə cəlb olunur.

İngiltərə nəşrinin əldə etdiyi məlumatlara görə, ailələri yazılı şəkildə icazə verdiyi halda 18 yaşı tamam olmayan əfqanlar da Suriya cəbhəsinə göndərilir. Xəbərə görə, bir müddət əvvəl Suriyada 16 yaşlı bir əfqan döyüşçü ölüb.

İranda rəsmi qeydiyyatda olan bir milyon əfqan qaçqını var. Amma ölkədə 2 milyondan çox əfqan qaçqının olduğu təxmin edilir.

Əfqanların tərkibində olduğu “Fatimiyyun” hərbi birləşməsinin neçə üzvü olduğu dəqiq açıqlanmır. Ancaq bu ilin əvvəlində “Fatimiyyun”un statusu briqadadan diviziyaya yüksəldilib. Bu isə onun tərkibində 10-12 min döyüşçünün ola biləcəyini göstərir. “Fatimiyyun” diviziyasının komandiri Reza Hevari isə keçən ay müxalif güclərlə döyüşdə öldürülüb.

İddiaya görə, “Fatimiyyun” diviziyası Suriyaya “şiə türbələrini qorumaq” üçün göndərilib. Diviziya “Hizbullah”dan sonra Əsədin tərəfində döyüşən ikinci ən böyük xarici hərbi qüvvədir. İrandakı xəbər agentliklərinin məlumatına görə, Suriyadakı döyüşlərdə “Fatimiyyun”un 200-dən çox döyüşçüsü öldürülüb.

Qeyd edək ki, Rusiya və İran Bəşər Əsəd rejiminin ayaqda qalmasında əsas rol oynayan ölkələrdir. Rusiya isə sentyabrın 30-dan Suriyada hava əməliyyatlarına başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm