Rusiyaya qarşı qlobal terror? - Səudiyyə sünni dünyasını cihada hazırlayır
Bizi izləyin

Dünya

Rusiyaya qarşı qlobal terror? - Səudiyyə sünni dünyasını cihada hazırlayır

Suriyaya hərbi müdaxilə hələ ki Kreml üçün ağrısız keçir. Ancaq ötən həftənin sonunda Misirdə Rusiya təyyarəsinin qəzası müəyyən suallar doğurdu. Təyyarənin qəzasına görə məsuliyyəti İŞİD üzərinə götürdü. Və terror versiyası öz təsdiqini taparsa, belə bir sual yaranır: Rusiyaya qarşı terror aktlarının dalğası yaranarsa, prezident Vladimir Putin Suriyanı bombalamaqda davam edəcəkmi?

ABŞ-ın “Foreign Policy” nəşri yazır ki, Bəşər Əsəd rejiminə qarşı vuruşan üsyançı sünnilərin mövqelərinə zərbələr endirən Moskva əslində onların cavab hərəkətləri ilə qarşılaşacağını gözləyirdi. Ancaq hələ aydın deyil ki, terrorizm təhlükəsi qısa müddət ərzində Rusiyanı təhdid altında qoysa və onun vətəndaşları arasında qorxu hissi yaratsa, nəticədə fövqəladə vəziyyət yaranarsa, Moskvanın reaksiyası necə olacaq.

Çeçenistan təcrübəsi göstərir ki, dinc əhali arasında mümkün qurbanlara baxmayaraq, Putinin Suriyada daha ağır bombalardan istifadə etməsi, həmçinin quru əməliyyatlarına başlaması mümkündür. Baxmayaraq ki, Rusiya Çeçenistan və Şimali Qafqazın digər respublikalarında islam döyüşçülərinin terror təhlükəsini üzərində hiss edir. “Əl-Qaidə” terror təşkilatının Suriya qolu “An-Nüsra” Cəbhəsinin lideri Əbu Məhəmməd əl-Culani tərəfdarlarını Əsədin rejiminin tərəfində vətəndaş müharibəsinə qoşulan Moskvaya cavab olaraq Rusiyanın dinc əhalisinə hücümlar etməyə çağırıb. Əbu Məhəmməd əl-Culani həmçinin Qafqaz döyüşçülərini Moskvanın diqqətini Suriyadan yayındırmağa çağırıb. Çağırışın səsləndiyi gün - sentyabrın 12-də Rusiyanın Dəməşqdəki səfirliyi minaatandan atəşə tutulmişdu. Şübhəsiz ki, bu təsadüf deyildi.

İŞİD terror qruplaşmasının Misir qolu ötən həftənin sonunda Sinay yarımadasında Rusiyanın sərnişin təyyarəsinin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürdü. Hələ ki bu bəyanatın doğruluğunu təsdiqləmək mümkün deyil. Amma təyyarənin sahibi olan “Metrodjet” aviaşirkətinin rəhbərliyi bazar ertəsi bildirib ki, aviaqəzanın mümkün səbəbləri arasında pilotun səhvi və ya texniki nasazlıq kimi versiyalar tamamilə istisna edilir.

Rusiyanın Suriyaya müdaxiləsinə görə tənqid olunan Barak Obamanın administrasiyası isə çox rahat görünür. Administrasiyadan bildirilib ki, Rusiya “bataqlıq”da batacaq və çarəsiz vəziyyətə düşəcək. Ağ Evin nümayəndələri iddia edirlər ki, bu müdaxilə Moskva üçün ciddi nəticələr doğuracaq. Suriyaya müdaxiləni Vaşinqtonda hətta SSRİ üçün məhvedici nəticələrə səbəb olan Əfqanıstana müdaxilə ilə müqayisə edirlər. Hesab edilir ki, Əfqanıstana müdaxilə SSRİ-nin dağılmasında birbaşa təsir edibsə, Rusiyanın Suriyaya müdaxiləsi ona qarşı genişmiqyaslı terror dalğasını yarada bilər.

Adının çəkilməyən istəməyən ABŞ kəşfiyyatının nümayəndəsi bildirib ki, Rusiyanın hərbi kampaniyası Putin hökuməti üçün “barıt çəlləyi” rolunu oynaya bilər. “Rusiya və ya keçmiş SSRİ-dən olan ekstremistlərin Əfqanıstan və Çeçenistan Respublikasında vuruşmaq imkanları yox idi. Amma indi onlar Suriyaya yollanacaqlar. Bundan başqa,1980-ci illərdə cavab tədbirləri yalnız Əfqanıstanla məhdudlaşırdı. Amma Rusiya hazırda ümid edə bilməz ki, cavab yalnız Suriya ilə kifayətlənəcək”, - o, anonimlik şəraitində “Foreign Policy” nəşrinə deyib.

Suriyada Rusiya hərbi qulluqçularının arasında itkilər Putin üçün daha bir təhlükə ola bilər. Suriyadakı hərbi itkilər onun ölkədəki reytinqinə mənfi təsir edə bilər. Rusiya Yaxın Şərq ölkəsində artıq ilk itkisini verib. 19 yaşlı Vadim Kostenko Latakiyada yerləşən aerodromda ölüb. Rəsmilərin məlumatına görə, o, intihar edib. Lakin onun ailəsi Rusiya Müdafiə Nazirliyinin bəyanatını təkzib ediblər. Məlumdur ki, Moskva hərbi itkilərlə bağlı faktların gizlədilməsi üzrə böyük təcrübəyə malikdir. Rusiya Ukraynanın şərqində gedən döyüş əməliyyatlarının gedişatında həlak olan rusiyalı hərbçilərilə bağlı məlumatları gizlətdiyinə görə ittiham edilir.

SSRİ-nin Əfqanıstana müdaxiləsi zamanı qonşuluqda yerləşən Pakistan Moskvaya qarşı döyüş əməliyyatlarına böyük dəstək göstərib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Bryus Ridel hesab edir ki, Suriya ilə sərhəddə belə ölkə yoxdur: “Suriyanın bilavasitə yaxınlığında Pakistan kimi ölkə yoxdur ki, riski öz üzərinə götürərək ruslarla döyüşmək üçün Suriyaya döyüşçüləri göndərsin”.

Amma Yaxın Şərqdə işləmiş MKİ-in keçmiş əməkdaşı hesab edir ki, Əsəd rejiminə şiə İranın dəstək göstərməsi regiondakı sünni ərəb ölkələrində, xüsusən Səudiyyə Ərəbistanında hiddət doğurur. Hazırda Brukinsk İnstitutun elmi işçisi olan Ridelin sözlərinə görə, sünni ərəb ölkələr Əsəd rejiminə, dolayısı ilə İran və Rusiyaya qarşı vuruşan üsyançılara daha çox silah çatdırmağa hazır olacaqlar.

Ridel bildirib ki, Səudiyyə bütün sünniləri Rusiyaya qarşı kökləmək niyyətindədir.

Hələ ki Birləşmiş Ştatlar Suriya müxalifətinə daşınabilən zenit-raket sistemlərini catdırmamaq üçün müttəfiqləri olan ərəb ölkələrini razı salır. Amma Rusiya aviazərbələrini davam etdirərsə, zenit-raket sistemlərinin müxalifətin əlinə keçməsi təhlükəsi də artacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm