İranda azərbaycanlılar ayağa qalxdı, saxlanılanlar var - VİDEO
Bizi izləyin

Dünya

İranda azərbaycanlılar ayağa qalxdı, saxlanılanlar var - VİDEO

Noyabrın 9-da İranın Azərbaycan türkləri yaşayan şəhərlərində izdihamlı etiraz aksiyaları keçirilib. 10 minlərlə insanın iştirak etdiyi yürüşlər Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkiş şəhərlərində və paytaxt Tehranda baş tutub.

Publika.az xəbər verir ki, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Haray, haray, mən türkəm!”, “Ölüm olsun rasizmə!”, “Türk dilində mədrəsə!” kimi şüarlar səsləndirilib. Etirazçılar noyabrın 6-da İranın “Kanal 2” telekanalında yayımlanmış proqramda azərbaycanlıların təhqir edilməsinə etirazlarını bildiriblər.

Aksiya iştirakçıları ilə polis arasında toqquşmalar olub, yüzlərlə döyülənlər və saxlanılanlar var. Təbrizdə polis aksiyanı dayandırmaq üçün gözyaşardıcı qaz və suvuran maşınlardan istifadə edib.

Aksiyalara ilk olaraq Urmiya universitetinin tələbələri başlayıblar. Əllərində plakat tutan və irqçiliyə qarşı şüarlar səsləndirən öyrəncilər İran televiziyasının türkləri təhqir etməsini kəskin qınayıblar. Məlumata görə, universitetin bir neçə azərbaycanlı məsul şəxsi də etirazlara qoşulub. Etiraz aksiyalarının ardınca Güney Azərbaycanın bir sıra iri şəhərlərində, o cümlədən Ərdəbildə elan edilməmiş fövqəladə vəziyyət hökm sürməkdədir.

Noyabrın 9-u axşam saatlarından başlayaraq silahlı polis və təhlükəsizlik qüvvələri şəhərin küçə və meydanlarında nəzarəti ələ alıb və vətəndaşların sərbəst hərəkətinə məhdudiyyət qoyub. Səhər televiziyası isə “İran 2” telekanalının efirində səslənən təhqirə görə İranda yaşayan azərbaycanlılardan üzr istəməsi barədə məlumat yayıb. Teleradio təşkilatının yaydığı məlumatda qeyd olunur ki, “İrib” telekanalında yayımlanan “Fitilə hoteli” verilişinin yayımı dayandırılıb və verilişin yaradıcı heyəti cəzalandırılıb.

Qeyd edək ki, uşaqlar üçün nəzərdə tutulan komediya proqramında bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçası ilə təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Sosial şəbəkələrə yerləşdirilən bu video azərbaycanlıların hiddətinə səbəb olub.

Xatırladaq ki, 2006-cı ildə də oxşar hadisə olmuşdu. Həmin il mayın 12-də İran qəzetinin saqlar üçün “Kudək” adlı bazar buraxılışında çap edilən karikaturada uşaq tarakanla fars dilində danışmağa çalışır, tarakansa ona azərbaycan dilində cavab verərək “nə mənə” Təbriz ləhcəsində “nə” deyir. Həmin karikaturaya etiraz olaraq İranın Təbriz, Ərdəbil, Xoy, suldus və başqa şəhərlərində azərbaycanlılar kütləvi aksiya keçiriblər. Təbriz şəhərində keçirilən aksiya iğtişaşlara çevrilib, polislə qarşıdurma yaranıb. Rəsmi məlumatlara görə, 4 nəfər ölüb, 330 nəfər həbs edilib. Etirazlardan bir müddət sonra qəzet bağlanıb, baş redaktor Mehrdat Qasemfar və rəssam Mane Neistani həbs edilib. Ancaq sonradan hər iki şəxs azadlığa buraxılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm