Faktlar açıqlandı: İŞİD-dən neft alan Rusiya vətəndaşı çıxdı - VİDEO
Bizi izləyin

Dünya

Faktlar açıqlandı: İŞİD-dən neft alan Rusiya vətəndaşı çıxdı - VİDEO

Rusiya prezidenti Vladimir Putinin Türkiyəni İŞİD terror təşkilatından neft almaqda ittiham etdiyi bir vaxtda həqiqət ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi noyabrın 25-də açıqladığı bir məlumatda Bəşər Əsəd rejiminin İŞİD-dən neft aldığını bildirib.

Amma əsas məsələ ticarətdə vasitəçi olan şəxsin Suriya və Rusiya vətəndaşı olmasıdır. O, Suriya əsilli Corc Hasvanidir.

ABŞ Maliyyə Nazirliyinin məlumatlarına görə, Əsəd rejimi neft yataqlarını itirdikdən sonra İŞİD-dən neft almağa başlayıb. Nazirlik noyabrın 25-də bu ticarətdə vasitəçilik edənlərin adlarını açıqlayaraq onların bank hesablarını dondurub. Beləliklə, ABŞ ilk dəfə İŞİD-in neft satışı ilə əlaqəli olan şəxslərə qarşı sanksiyalar qəbul edib. Açıqlanan adlardan ikisi önə çıxır. Birincisi, Suriyada doğulan və Rusiya vətəndaşlığı da olan Corc Hasvanidir. Hasvani HESCO mühəndislik və inşaat şirkəti vasitəsilə Əsəd rejimi və İŞİD arasındakı neft ticarətində vasitəçilik edir.

ABŞ Maliyyə Nazirliyinin “qara siyahı”sına daxil etdiyi ikinci şəxs isə Rusiya vətəndaşı və eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının prezidenti olan Kirsan İlümjinovdur.

Qeyd edək ki, Rusiya Su-24 bombardmançı təyyarəsinin vurulmasından sonra davamlı olaraq Türkiyə İŞİD terror qruplaşmasından neft almaqda ittiham edir. Putin son olaraq Parisdəki Qlobal İqlim Zirvəsi çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib ki, Su-24 bombardmançı təyyarəsi İŞİD terror qruplaşmasının çıxardığı neftin çatdırılmasının təmin olunması üçün Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulub.

“Rusiya informasiya alıb ki, terrorçular tərəfindən nəzarət edilən yataqlardan çıxarılan neft Türkiyəyə daşınır”, - Putin deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Putinə cavabında ABŞ Maliyyə Nazirliyinin açıqladığı siyahını xatırladıb. Ərdoğan söyləyib ki, İŞİD-dən neft alan adamın Rusiya və Suriya vətəndaşlığının olması ABŞ tərəfindən də açıqlanıb. Ərdoğan Türkiyənin İŞİD-dən neft almasının sübut olunacağı halda, istefa verəcəyinə söz verib.

ABŞ Maliyyə Nazirliyinin adını açıqladığı Hasvani suriyalı xristian ailəsində doğulub. Əsədin qohumlarından biri ilə evlidir və vətəndaş müharibəsindən əvvəl Suriyadakı neftayırma zavodlarında çalışıb. Rusiyada təhsil alıb. Həmin illər Rusiyanın müdafiə və təhlükəsizlik elitası ilə əlaqə yaradıb. HESCO mühəndislik və inşaat şirkətini quran Hasvani əlaqələri sayəsində Rusiyanın neft və qaz şirkətlərindən bir sıra imtiyazlar əldə edib. Corc Hasvani Suriyanın neft sektoru ilə əlaqələrini də müxtəlif vəsilələrlə gücləndirib. Hasvani İŞİD-i də fəhlə və savadlı kadrlarla təmin edərək neftayırma zavodlarının işləməsində iştirak edib. Hətta iddiaya görə, o, zavodlardan birini İŞİD-lə birgə işlədib.

2015-ci ilin mart ayında Hasvaninin fəaliyyət istiqamətləri Avropa Birliyi (AB) tərəfindən də müəyyənləşdirilib və AB-nin “qara siyahı”sına daxil edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm