• USD 1,7000 0,00% EUR 2,0271 +0,03%
    • GBP 2,3731 +0,21% RUB 0,0234 +0,43%

Türk əsilli alimə Nobel mükafatı təqdim edildi - VİDEO/FOTO

  • Dünya
  • 10 Dekabr 2015 21:47
  • 1 150 Baxış
Türk əsilli alimə Nobel mükafatı təqdim edildi - VİDEO/FOTO

İsveçin paytaxtı Stokholmda Türk əsilli alim Əziz Səncərə Kimya elmi üzrə Nobel mükafatının təqdimetmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Əziz Səncərin mükafatını İsveç Kralı 16-cı Qustaf təqdim edib.

2015-ci il Nobel mükafatı Tomas Lindal (Britaniya), Pol Modriç və Əziz Səncərə (ABŞ-da çalışırlar) verilib. Onlar zədələnən DNT-nin "təmiri" və genetik informasiyanın saxlanılması zamanı molekulyar səviyyəni göstərən üsulun tapılmasına görə bu mükafata layiq görülüblər.

Professor Əziz Səncər xərçəng xəstəliyi ilə bağlı əhəmiyyətli elmi işləri olan dünyada tanınan alimdir. O, xərçəng xəstəliyində "ritmik saat" müalicəsinin müəllifidir.

Əziz Səncər hazırda ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin müəllimidir.

Xatırladaq ki, 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il Sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata verilir.

İsveç paytaxtında keçirilən tədbirdə fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatların təqdim edilməsi baş tutub. Burada bu ilki 11 Nobel mükafatı laureatından 10-u Stokholm Filarmoniyasında keçirilən mərasimdə İsveç Kralı ХVI Karl Qustavın əlindən üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və pul mükafatlarını alıblar.

Fizika sahəsində 2015-ci ilin Nobel mükafatı neytrinonun kütləsinin mövcud olmasını təsdiq edən neytrino ossilyasiyalarının kəşfinə görə iki alimə - yaponiyalı Takaaki Kodzitaya və kanadalı Artur Makdonalda verilib.

Tibb sahəsi üzrə Nobel mükafatlarına amerikalı Uilyam Kempbell, yaponiyalı Satosi Omura və çinli qadın Yuyu Tu layiq görülüblər. Onlar bu mükafatı parazit qurdların səbəb olduğu infeksiyaların, həmçinin malyariyanın müalicəsinin yeni metodlarına görə alıblar.

Ədəbiyyat sahəsində Nobel mükafatına isə görkəmli əsərlərinə görə Belarus yazıçısı Svetlana Aleksiyeviç layiq görülüb.

İqtisadiyyat üzrə Nobel mükafatı mikroiqtisadi proseslərin və istehlakçıların davranışı sahəsində tədqiqatlara görə britaniyalı alim Enqus Ditona verilib.

Qeyd edək ki, 2015-ci ildə də Nobel mükafatı laureatlarının pul mükafatı formal olaraq dəyişməyib və əvvəlki iki ildə olduğu kimi yenə də 8 milyon İsveç kronu təşkil edir. Amma İsveç kronunun məzənnəsinin dollara nisbətdə zəifləməsi səbəbindən həmin məbləğ 2001-ci ildən bəri ilk dəfə bir milyon dollardan az olacaq və 950 min dollar təşkil edəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR