Putinin təcridi rəsmiləşir – Yeni strategiyanın ŞOK DETALLARI
Bizi izləyin

Dünya

Putinin təcridi rəsmiləşir – Yeni strategiyanın ŞOK DETALLARI

“Rusiyanın milli təhlükəsizlik strategiyasının yeni versiyası dekabrın 31-də dərc edilmişdi. Sənəddə qorxular və təlaş var idi”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin ötən ilin son günündə imzaladığı milli təhlükəsizlik strategiyasını şərh edən “Bloomberg” agentliyi yazıb.

Agentlik qeyd edir ki, Putin üçüncü prezidentliyi müddətində Qərbi Rusiyanı “məhv etməyə çalışan” düşmən obrazında təqdim etdi və bu obraz strateji sənəddə də əksini tapdı: “Keçmiş prezident Boris Yeltsin 1997-ci ildə Milli Təhlükəsizlik Konsepsiyasını imzaladı. Rusiya həmin illər var gücü ilə Qərb dünyası ilə yaxınlaşmağa çalışırdı. Bununla belə, sənəddə NATO-nun Şərqə genişlənməsi Rusiyanın milli təhlükəsizliyinə təhdid adlandırılmışdı”.

“Bloomberg” hesab edir ki, əslində konsepsiyanı tərtib edənlər və Yeltsinin özü üçün NATO-nun Şərqə genişlənməsi ən ciddi təhlükə deyildi: “Onları həyəcanlandıran iqtisadiyyat idi. Əsas səbəb Rusiya iqtisadiyyatındakı böhran idi. İstehsal azalır, investisiya və innovasiya fəallığı aşağı düşür, Rusiya elmi-texniki baxımdan inkişaf etmiş ölkələrdən geri qalır, ərzaq və istehlak malları, avadanlıqlar və texnologiyaların idxaldan asılılığı güclənirdi. Xarici və daxili dövlət borcu artırdı. Yeltsinin həyəcanı tamamilə anlaşılan idi və özünü doğrultdu. Milli Təhlükəsizlik Konsepsiyası haqqında fərmanın imzalanmasından bir il sonra neftin bir barelinin qiyməti 10 dollara qədər düşdü. Ölkə iqtisadi mənada tamamilə köməksiz olmuşdu. Yalnız kəskin devalvasiya və istifadə olunmayan mövcud sənaye gücləri vasitəsilə istehsalın artırılması Rusiyaya tədricən sağalmağa imkan verdi.

Bu sənəd 2000-ci ildə - Vladimir Putin hakimiyyətə gələndən sonra bir qədər dəyişdirildi. Onu tərtib edənlərin diqqət mərkəzində hələ də iqtisadi problemlər var idi, ancaq sənəddə Qərbin müdaxiləsi və NATO-nun genişlənməsi barədə artan həyəcan əksini tapmışdı. İlkin sənəddən fərqli olaraq, burada həddindən artıq böyük ordunun Rusiyanın zəiflədilmiş iqtisadiyyatı üçün ciddi yük olması barədə heç nə yox idi. Bütövlükdə, Putin öz planlarını reallaşdırmağı bacardı. Neftin satışından əldə olunan gəlirlərin artması buna imkan yaradırdı.

Milli təhlükəsizlik proqramının növbəti versiyası 2009-cu ildə hazırlandı. Dimitri Medvedev müvəqqəti olaraq Putini prezident vəzifəsində əvəz edirdi. Strategiyanın yeni versiyası 2020-ci ilə qədər qüvvədə olmalıydı. Hazırda baş nazir vəzifəsini tutan Medvedev uzun və həddindən artıq proqressiv sənədləri sevir. Əvvəlki iki versiyasından fərqli olaraq, strategiyanın yeni versiyası bir qədər şöhrətpərəst idi. Orada deyilirdi ki, Rusiya iqtisadi azalmanın nəticələrini aradan qaldıra bilib, resurslar və sərvətlər Rusiyaya beynəlxalq səhnədə öz təsirini artırmağa kömək edir.

NATO haqqında bənddə deyilirdi ki, ittifaq Rusiyanın milli maraqlarına yalnız kiçik maneə təşkil edir və qətiyyətli diplomatik addımların köməyi ilə bunun öhdəsindən gəlmək olar.

Milli təhlükəsizlik strategiyasının indiki versiyası bütövlükdə anti-Qərb yönümlüdür. NATO və Avropa Birliyi Avropanın təhlükəsizliyini təmin edə bilmədiyi üçün tənqid olunur. Sübut olaraq miqrasiya böhranı göstərilir. Sənəddə deyilir ki, ABŞ və Avropa Birliyi Ukraynada “konstitusiya əleyhinə dövlət çevrilişi”ni dəstəkləyib və bu, Ukrayna cəmiyyətində dərin parçalanmaya və silahlı konfliktin yaranmasına gətirib çıxarıb.

Sənədin müəllifləri iddia edirlər ki, Qərb “qanuni siyasi rejimləri” devirmək fikrindədir bu siyasət yeni qaynar nöqtələrin yaranmasına gətirib çıxaracaq. Orada həmçinin deyilir ki, “İslam dövləti”nin yaranmasında “ikili standartlar siyasəti” əhəmiyyətli rol oynayıb.

Təhdidlərin siyahısında iqtisadi problemlər ikinci yeri tutur. Kreml enerji resurslarının ixracından yaranan yüksək asılılıqdan narahatdır. Putin həmçinin “Rusiyada ənənəvi mənəvi əxlaqi dəyərlərinin yuyulması, xarici mədəni və informasiya ekspansiyası yolu ilə Rusiyanın çoxmillətli xalqının birliyinin zəifləməsindən” narahatdır”.

“Milli təhlükəsizlik strategiyasının 2015-ci il versiyası müdafiə və təcrid bəyannaməsidir. Putinin yeni strategiya ilə qlobal bazarlara inteqrasiyanı gücləndirərək Rusiyanın iqtisadi problemlərini həll etməyi planlaşdırdığını güman etməyə heç bir əsas yoxdur. O, əks istiqamətdə hərəkətini davam etdirməyi planlaşdırır. Rusiyada bu ilin sonuna kimi istifadə olunacaq qədər qızıl-valyuta ehtiyatları qalıb. Düzdür, qənaətlə xərclənsə, 2018-ci ili prezident seçkilərinə qədər də kifayət edər. Mümkündür ki, rus xalqının əfsanəvi səbri gec-tez partlasın. Amma çox güman ki, Putin geniş təhlükəsizlik aparatı sayəsində 2018-ci ilə qədər qalacaq. Hətta Putin növbəti seçkilərin nəticəsi olaraq hakimiyyətdən getməli olsa da, Rusiya daha çox qapalı və təcrid edilmiş cəmiyyət olacaq”, - “Bloomberg” yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm