Putinin planı dəyişdi: Türkiyə...
Bizi izləyin

Dünya

Putinin planı dəyişdi: Türkiyə...

“Suriyada Rusiyanın son hərəkətləri qəddarlıq və amansızlıqla fərqlənir. Barak Obama administrasiyası Moskvaya bombardmanların dayandırılması üçün təzyiq göstərir”.

Publika.az xəbər verir ki, bunu Suriyadakı son prosesləri şərh edən “The Financial Times” nəşri yazıb.

Rəsmi versiyaya görə, Cenevrədəki sülh danışıqları müvəqqəti dayandırılıb. Amma “The Financial Times” hesab edir ki, danışıqların bərpası qeyri-mümkün görünür. Çünki Suriyanın hökumət gücləri Rusiyanın dəstəyinə söykənərək ölkənin şimalında irimiqyaslı əməliyyatlar aparır. Bəşər Əsədin son məqsədi müxalifətin ən böyük qalası olan Hələb şəhəridir.

Kəşfiyyat məlumatlarına istinad edən Avropa diplomatlarından biri nəşrə açıqlamasında bildirib ki, ən azı 3 min Rusiya hərbi qulluqçusu, həmçinin xüsusi təyinatlılar Dəməşqə dəstək verir.

“Putin özünün ilkin planını dəyişib. Rusiya prezidentinin planı ən azı Hələb şəhəri və ətraf əraziləri geri almaq üçün Əsədə kömək etməkdən ibarət idi. İndi isə türk sərhədinə qədər olan ərazilərin azad edilməsi gündəmdədir. Amma bunun üçün Suriyaya əlavə resursları atmaq lazım gələcək”, - “The Financial Times” yazıb.

Avropa kəşfiyyatındakı mənbə iddia edir ki, Rusiya Suriyanı təsir zonalarına bölüb. ABŞ-ın rəhbərlik etdiyi koalisiya Rusiyanın əməliyyatlarını saxlamaqda praktik olaraq gücsüzdür. Rusiya İŞİD-lə mübarizədə ABŞ-la əməkdaşlıq etməyə çalışan müxalifət güclərini bombalayır.

“Le Huffington Post” nəşri isə yazıb ki, Putin Suriyada Rusiyanın “böyük dövlət” statusunu bərpa etmək istəyir. Nəşr hesab edir ki, Rusiyanın hərbi hərəkətləri Suriyada Bəşər Əsəd və İŞİD-in möhkəmlənməsinə gətirib çıxarır. “Le Huffington Post” qeyd edir ki, nəticədə qaçqınlarların artan axını Avropada vəziyyətin gərginləşməsinə səbəb olur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm