Bu ölkə İŞİD-in yeni bazası olacaq – KƏŞFİYYAT HESABATI
Bizi izləyin

Dünya

Bu ölkə İŞİD-in yeni bazası olacaq – KƏŞFİYYAT HESABATI

İŞİD terror təşkilatı sabitliyin təmin edilmədiyi ölkələrdən olan Liviyada güclənir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın kəşfiyyat hesabatlarında deyilir.

Hesabatlara görə, Suriya və İraqda 20 mindən 33 minə qədər olduğu təxmin edilən İŞİD döyüşçülərinin sayı 19-25 minə qədər azalıb. Lakin terror qruplaşması Liviyadakı döyüşçülərinin sayını iki dəfə artırıb. Hazırda İŞİD-in Liviyada 5 min döyüşçüsü var.

İŞİD-in Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin məmləkəti Sirti ələ keçirdiyini deyən ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) keçmiş analitiki Patrik Skinnerin sözlərinə görə, İŞİD-in ələ keçirdiyi əraziləri qaytarmaq olduqca qanlı və bahalı olur.

İŞİD-in Liviyada gücləndiyini ötən həftə ABŞ-ın dövlət katibi Con Kerri də dilə gətirib. O, terror qruplaşmasının digər ölkələrə, əsasən də Liviyaya sürətlə yayıldığını deyib.

Qeyd edək ki, Amerikanın “Newsweek” nəşri ilin əvvəlində dərc etdiyi “2016-cı ildə Yaxın Şərqi dəyişəcək 9 hadisə” başlıqlı yazısında İŞİD-in Liviyada güclənəcəyini qeyd edib. Nəşrin proqnozuna görə, İŞİD-ə qarşı mübarizə Yaxın Şərqin xaricinə - Şimali Afrikaya keçəcək.

“İŞİD Sirtdə güclənərək Liviyada özünə istehkam yaradıb. Ölkədəki siyasi boşluq İŞİD-in Liviyadakı gücünün artmasına gətirib çıxarıb. Bu vəziyyət həmçinin Avropanın təhlükəsizliyini də təhlükəyə atır. Çünki İtaliya Şimali Afrikanın yarım günlük dəniz yolu məsafəsindədir. Fransa Liviyada kəşfiyyat uçuşlarına başlayıb. ABŞ noyabr ayında İŞİD-in Liviyadakı liderini öldürüb, beynəlxalq güclər 2016-ci ildə quru əməliyyatına hazırlaşır”, - Amerika nəşri yazmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm