• USD 1,7000 0,00% EUR 1,8701 -0,13%
    • GBP 2,1822 -0,10% RUB 0,0264 -0,38%

ABŞ-dan seçim istəyən Ərdoğana cavab: “Onlar terrorçu deyil”

  • Dünya
  • 9 Fevral 2016 14:07
  • 1 742 Baxış
ABŞ-dan seçim istəyən Ərdoğana cavab: “Onlar terrorçu deyil”

“Biz PYD-ni terror təşkilatı olaraq görmürük”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatına cavab olaraq bildirib.

“Türkiyənin YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı – red.) təşkilatı ilə əlaqədar narahatlığını anlayırıq. Ancaq YPG İŞİD-lə mübarizədə ən əhəmiyyətli güclərdən biridir. Biz onları terrorçu təşkilat olaraq görmürük və dəstəyimizi davam etdirəcəyik”, - Kirbi deyib.

O, həmçinin Suriyada PYD-yə verilən silahların Türkiyəyə göndərildiyi barədə iddialara cavab verib: “Biz bu iddianı təsdiqləyəcək bir dəlil görmədik. Kürd döyüşçülərinə silah deyil, yalnız sursat verilib. Lakin bu mövzunu yaxından izləyirik. Əgər iddiaları təsdiqləyəcək bir dəlil tapsaq, lazımı addımları atacağıq”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan fevralın 7-də Seneqal səfərindən qayıdan zaman təyyarədə jurnalistlərə PYD-yə edilən silah yardımlarına sərt şəkildə reaksiya verib.

“PYD-yə göndərilən silahların bir hissəsinin İŞİD-ə gedəcəyi barədə ABŞ-ı xəbərdar etmişdim. PKK-dan ələ keçirdiyimiz silahlar Rusiya, ABŞ və Qərbin silahlarıdır. Bu silahlar haradan gəlir? PYD-dən. “Etməyin, göndərəcəyiniz silahların bir qismi da İŞİD-ə gedəcək” deyə xəbərdarlıq etdik. İndi ən müasir silahlar İŞİD-in əlindədir. Biz strateji müttəfiqik, biz bu silahların bəzilərini almaqda çətinlik çəkirik. Dost adlandırdığımız ölkələrlə görüşəndə bunları açıq şəkildə söyləyəcəyik”, - Ərdoğan bildirib.

Türkiyə prezidenti Amerikanın milli təhlükəsizlik nümayəndəsinin Cenevrədə qəbul edilməyən PYD-nin ayağına getməsini də sərt şəkildə tənqid edib: “PYD bir terror təşkilatıdır. YPG bir terror təşkilatıdır. PKK nədirsə, PYD də odur. Bu mövzunu bütün beynəlxalq təşkilatların gündəminə daşıyacağıq. Bunu etmədiyimiz hər bir an bizim üçün itkidir. Amerikalı milli təhlükəsizlik nümayəndəsi Cenevrədə qəbul edilməyən PYD-nin ayağına Kobaniyə gedir. Biz necə etibar edəcəyik? Sənin müttəfiqin mənəm, yoxsa Kobanidəki terrorçular? ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya İŞİD-lə mübarizə görüntüsü verir. Əsəd rejimi ilə əlaqədar heç bir addım yoxdur. Təhlükəsiz bölgə ilə bağlı irəliləyiş yoxdur”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR