16 ildir dünyanı gəzən ailə Türkiyədə - FOTOLAR
Bizi izləyin

Dünya

16 ildir dünyanı gəzən ailə Türkiyədə - FOTOLAR

Dörd uşaqları və 1928-ci il modelli avtomobillə 16 ildir dünyanı gəzən argentinalı Herman Zapp ailəsi 60 ölkədən sonra Türkiyəyə gəlib.

Publika.az xəbər verir ki, Zapp ailəsi İstanbulda yaşayan, bir internet saytının sahibi Duygu Şarın evində qonaq olub. Qonaqlıqda Herman Zappın həyat yoldaşı Kandeleria Zapp, övladları - Pampa (14 yaş), Tehue (11 yaş), Paloma (9 yaş) və Uallabi (7 yaş) iştirak edib.

Herman Zapp Türkiyə vətəndaşı ilə söhbəti zamanı bildirib ki, o, Argentinada telefon şəbəkəsi çəkmək işi ilə məşğuldur. Həyat yoldaşı da bu sektorda çalışır.

Dünya səyahəti ilə əlaqədar yeddi ildir heç bir daimi işi olmadığını diqqətə çatdıran H.Zapp daimi gəlirlərinin olmadığını söyləyib: “Çoxdan dünya səyahətinə çıxmaq arzusunda olmuşuq. Ancaq maddi imkansızlıq bunu reallaşdırmağa imkan vermirdi. Günlərin bir günü 1928-ci il modelli avtomobil tapdıq və dərhal dünya səyahətinə çıxmağa qərar verdik. İlk dəfə 16 il öncə Argentinadan başlayaraq Alyaskada bitən 6 aylıq dünya səyahətinə çıxdıq. Həmin vaxt üzərimizdə götürdüyümüz 4 min dollar pulun hamısını xərcləmişdik. Təsəvvür edin ki, həmin vaxt ölkəmizə geri qayıtmağa pulumuz yox idi. Ancaq bütün bu çətinliklərə baxmayaraq, qərar verdik ki, dünya səyahətini davam etdirək. İndiyədək artıq 60 ölkəni gəzmişik. Hər bir ölkədə də fərqli vəziyyətlərlə rastlaşmışıq. Bu gün olduğumuz Türkiyə səyahət etdiyimiz 61-ci ölkədir”.

Afrika qitəsində 3,5 il yaşadıqlarını vurğulayan H.Zapp qeyd edib ki, bəzən pulları bitdiyi zaman getdikləri ölkədən kömək edilib: “İndiyədək bir çox ölkələrdə türklərlə rastlaşmışıq. Türk insanı o qədər qonaqpərvər və ürəyiaçıqdır ki, hər kəs üçün əlindən gələn köməyi göstərməməyə çalışır. İstanbulun tarixi və təbiəti ilə yanaşı, buranın insanları da valehedicidir. Türklər bizi görən kimi dərhal evlərinə aparıb qonaq etdilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm