Tacikistanda referendum hazırlığı
Bizi izləyin

Dünya

Tacikistanda referendum hazırlığı

Tacikistan Konstitusiyasına dəyişikliklər və əlavələrlə bağlı mayın 22-də keçiriləcək referendumla əlaqədar ölkədə artıq 68 dairə yaradılıb. Bu barədə Tacikistan Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyası məlumat yayıb.

Məlumatda deyilir ki, referenduma hazırlıqla bağlı əsas tədbirlərin təqvim planı hazırlanıb, əhali arasında Konstitusiyaya ediləcək əlavə və düzəlişlərlə bağlı təbliğat işi aparılır.

Konstitusiyaya düzəliş və əlavələr ümumxalq səsverməsi yolu ilə qəbul olunarsa, Tacikistan Prezidenti, ötən ilin sonunda “Sülhün və milli bərabərliyin banisi - Millətin Lideri” statusunu alan Emoməli Rəhmon istənilən qədər prezident seçilə bilər. Yeni düzəlişə görə, prezidentliyə namizədin yaş senzi 35-dən 30-a endirilib.

Konstitusiyaya edilən əlavəyə əsasən Konstitusiya Şurası ləğv olunacaq, dini xarakterli partiyanın yaradılması qadağan ediləcək.

Tacikistan Konstitusiyası 1994-cü il noyabrın 6-da ümumxalq səsverməsi yolu ilə qəbul edilib. 1999-cu və 2003-cü illərdə Konstitusiyaya düzəliş və əlavələr olunub.

Xatırladaq ki, Tacikistan Prezidentinin indiki səlahiyyət müddəti 2020-ci ildə başa çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm