Moskvadan “sürətli hakimiyyət dəyişikliyi” mesajı – onları qaytarırlar
Bizi izləyin

Dünya

Moskvadan “sürətli hakimiyyət dəyişikliyi” mesajı – onları qaytarırlar

Ukraynada yaxın vaxtlarda sürətli hakimiyyət dəyişikliyi baş verəcək.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” nəşrinə müsahibəsində Ukraynanın keçmiş baş naziri Nikolay Azarov deyib.

Keçmiş baş nazirin sözlərinə görə, vətənə (o, hazırda Rusiyada yaşayır – red.) qayıdış haqqında fikirləşmək lazımdır.

“Mənim üçün əhəmiyyətlidir ki, Kiyevdə Ukraynanın milli maraqlarının nədən ibarət olduğunu anlayan rejim hakimiyyətə gəlsin. Hazırda hakimiyyətdə olanlar ciblərini doldurmaqla məşğul olurlar və bunu müvəffəqiyyətlə edirlər”, - Azarov qeyd edib.

Keçmiş baş nazir Ukrayna hökumətinin iqtisadi siyasətini tənqid edib: “Mən həmişə əmin idim ki, ölkə rəhbərliyi iqtisadi inkişafı təmin etmirsə, hakimiyyətdə qalmamalıdır. Ümumi daxil məhsul, demək olar ki, 15 faiz aşağı düşüb. İxrac yalnız 2015-ci il ərzində 36 faiz azalıb. İxrac mənim dövrümdə 80 milyard dollar idi, amma indi 34 milyard dollardır”.

Siyasətçi həmçinin qeyd edib ki, indiki Ukrayna hakimiyyətinin nümayəndələri ilə əlaqələri qalmayıb: “Onlarla əlaqə saxlamaq mənim üçün alçaldıcı olardı. Onlar mənə qarşı cinayət işi qaldırdılar, mənim mülkiyyətimə, mənzilimə, bank hesablarıma həbs qoydular”.

Azarov əminliyini ifadə edib ki, qərb ölkələri Krımı gələcəkdə Rusiyanın tərkib hissəsi kimi tanıyacaqlar. Onun sözlərinə görə, istənilən Ukrayna rəhbəri üçün bu nə qədər ağrılı səslənsə də reallığı qəbul etmək lazımdır.

Qeyd edək ki, Azarov 2010-cu ildən 2014-cü ilin əvvəlinə kimi Viktor Yanukoviçin prezidentliyi dövründə Ukraynanın hökumətinə başçılıq edib. O, hakimiyyət dəyişikliyindən sonra ölkədən qaçıb. Ukraynada keçmiş baş nazirə qarşı cinayət işi qaldırılıb. Azarov Ukrayna rəhbərliyinin digər keçmiş nümayəndələri ilə birlikdə Avropa Birliyinin sanksiyalarına məruz qalıb.

Rusiyaya sığınan sabiq baş nazir uzun müddətdir ki, Ukraynada yenidən hakimiyyətə qayıtmaq niyyətini ortaya qoyub. Azarov ötən ilin yayında Moskvada Ukraynanın Qurtuluşu Komitəsini yaradıb. Komitəni “mühacirətdəki hökumət” kimi təqdim edən Azarov Ali Radanın keçmiş deputatı Vladimir Oleyniki Ukrayna prezidenti Pyotr Poroşenkonun əvəzləyicisi kimi təqdim edib.

Vladimir Oleynik də hazırda Rusiyadadır və barəsində axtarış elan edilib. Yanukoviçin ən yaxın tərəfdarlarından olan Oleynik beşinci, altıncı və yeddinci çağırışlarda Ali Radanın deputatı olub. O, qalmaqallı 2014-cü il 16 yanvar qanunlarının həmmüəllifi kimi də xatırlanır.

Nikolay Azarov mütəmadi olaraq Moskvada təşkil etdiyi mətbuat konfranslarında Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü siyasəti təbliğ edir və anti-Kiyev bəyanatları verir. Bu baxımdan da onun Poroşenkonun əvəzləyicisi kimi görmək istədiyi şəxsin həm də Kreml tərəfindən qəbul olunan şəxs olması ehtimalı olduqca yüksəkdir.

“Qazeta.ru” saytı iddia etmişdi ki, Azarov və onun komandası sözügedən layihəni Rusiya rəhbərliyi ilə uyğunlaşdırıb. Ancaq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, layihənin rəsmi Moskva ilə uyğunlaşdırılması haqqında heç bir söhbət gedə bilməz.

Xatırladaq ki, fevralın 16-da Ukrayna prezidenti Pyotr Poroşenko baş nazir Arseniy Yasenyuk və Baş prokuror Viktor Şokini “hakimiyyətə etibarın bərpası üçün” könüllü istefaya verməyə çağırıb. Çağırışa cavab olaraq Viktor Şokin istefa verib. Ukraynanın Ali Radası isə Arseniy Yasenyukun başçılıq etdiyi hökumətə etimadsızlıq haqqında qətnamə layihəsini qəbul etməyib. Qətnamə layihəsinin lehinə 194 deputat səs verib. Layihənin qəbul olunması üçün minimum 226 səs tələb olunurdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm