Ankaradan Kremlə mesaj: “Hücuma hazırlaşmırıq, amma...”
Bizi izləyin

Dünya

Ankaradan Kremlə mesaj: “Hücuma hazırlaşmırıq, amma...”

“Türkiyə beynəlxalq koalisiya və ya BMT Təhlükəsizlik Şurasının qərarı olmadan Suriyada quru əməliyyatı keçirməyəcək”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Halit Çevik bildirib.

Türkiyəli diplomat vurğulayıb ki, Ankara Suriyanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir. Halit Çevik həmçinin qeyd edib ki, Türkiyə terror təşkilatlarının təhdidi altındadır və özünümüdafiə hüququndan istifadə edəcək.

Dünən isə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinə istinadən yazıb ki, Moskva Suriyadakı vəziyyət və Türkiyənin bu ölkəyə müdaxilə planları haqqında son bəyanatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq niyyətindədir. Rusiya həmçinin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə qətnamə layihəsini təqdim etməyi planlaşdırır. Qətnamədə Suriyanın ərazi bütövlüyü və müstəqilliyini pozan, böhranın diplomatik yolla nizama salınmasını nəzərdə tutan Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi ilə razı olmayanlardan hərəkətlərinə son qoyulması tələb olunacaq.

Qeyd edək ki, son günlər dünya KİV-ində Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin Suriyaya hərbi müdaxilə edəcəyi barədə silsilə materiallar verilir. Rəsmi Dəməşq Suriya hakimiyyətinin razılığı olmadan ediləcək istənilən müdaxilənin təcavüz aktı kimi qiymətləndiriləcəyini bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm