“Uinston” qasırğası 5 can aldı - FOTO
Bizi izləyin

Dünya

“Uinston” qasırğası 5 can aldı - FOTO

Dağıdıcı “Uinston” (Winston) qasırğasının Ficiyə çatması nəticəsində ən azı 5 nəfərin həlak olduğu bildirilir.

Fevralın 21-də səhər saatlarında Ficidən daxil olan xəbərlərdə qeyd edilir ki, həlak olanların sayı arta bilər. Beynəlxalq Qızıl Xaç Komitəsinin Ficinin paytaxtı Suvada yerləşən filialının nümayəndəsi bildirib ki, dağıntıların əhatə dairəsi çox genişdir. Qasırğa nəticəsində həlak olanların sayı, neçə evin dağılması barədə danışmaq hələ tezdir.

Qasırğanın mərkəzi Ficinin ən böyük adası Viti-Levunun şimalından keçib. Bu adada paytaxt Suva şəhəri, beynəlxalq “Nadi” aeroportu yerləşir. Ən yüksək – beşinci dərəcə gücü verilmiş “Uinston” qasırğasının mərkəzində küləyin sürəti saatda 220 kilometrə, ani şiddəti isə saatda 315 kilometrə çatır.

Ficinin Baş naziri Voreqe Baynimar xalqa müraciətində deyib: “Bir xalq olaraq biz çox ağır sınaq qarşısındayıq. Biz birlikdə olmalı və bir-birimizin qayğısına qalmalıyıq. Ayıq olmağa və çətinliklərə sinə gərməyə hazır olun”.

Hökumət orqanları əhaliyə yaxınlaşan təhlükə və 750-dən artıq təxliyə mərkəzi barədə xəbərdarlıq edib. Ehtiyac yaranacağı təqdirdə əhaliyə həmin mərkəzlərdən istifadə tövsiyə olunub. Ən çox həyəcanı ətraf adalardakı kiçik kəndlərin vəziyyəti doğurur. Burada güclü daşqınlar və torpaq sürüşmələri baş verib.

Fici hökuməti fövqəladə vəziyyət və komendant saatı elan edib. Hazırda “Uinston” Ficinin əsas ada arxipelaqından qərb istiqamətində uzaqlaşır. Qasırğanın yolu üzərində Ficinin Yasava adalar qrupu dayanır. Ficinin paytaxtında bütün günü yağışın davam etdiyi və küləyin sürətinin saatda 50 kilometrə çatdığı bildirilir. Fici ilə beynəlxlaq hava əlaqəsi hələ fevralın 19-da dayandırılıb və onun yaxın vaxtlarda bərpa ediləcəyi gözlənilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm