Ağ Evin “B” planı – Kremli “cəzalandırmaq” üçün iki variant
Bizi izləyin

Dünya

Ağ Evin “B” planı – Kremli “cəzalandırmaq” üçün iki variant

Suriyada atəşkəs üçün razılaşan ABŞ ilə Rusiya arasında fikir ayrılıqları artıq özünü göstərməyə başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ atəşkəsin pozulması halında “B” planının işə salınacağını bildirib.

Senatın xarici əlaqələr komitəsində sualları cavablandıran ABŞ dövlət katibi Con Kerri bildirib ki, Suriya dövlət başçısı Bəşər Əsəd müvəqqəti hökumətin qurulması istiqamətində lazımi addımları atmalıdır.

“Əgər bu olmazsa və atəşkəs pozularsa, şübhəsiz ki, B planımız olacaq”, - Kerri deyib.

Kerrinin “B planı” bəyanatına Moskvadan cavab gecikməyib. Rusiyanın “İnterfaks” xəbər agentliyinə danışan Rusiya Xarici İşlər Nazirliyinin səlahiyyətlisi “Moskvanın “B” planından xəbərinin olmadığını bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da hazırda Moskvanın diqqətinin “A” planının icrasına yönəldiyini deyib.

Daha əvvəl öz mənbələrinə istinadən Amerikanın “The Wall Street Journal” nəşri bildirib ki, ABŞ administrasiyasının bir sıra yüksək vəzifəli əməkdaşları Moskvaya təzyiqin gücləndirilməsinin yollarını axtarırlar. “Çünki onlar əmindir ki, Rusiya Suriyada atəşin dayandırılması haqqında sazişə riayət etməyəcək”, - nəşr yazıb.

Amerika səlahiyyətlilərinin bir hissəsi Rusiyanın hava zərbələrindən qorunmaq və daha effektiv hücum əməliyyatlarını həyata keçirmək üçün Suriya müxalifətinə kəşfiyyat məlumatlarının verilməsini təklif edirlər. İkinci variant Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqini nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm