Vaşinqtonun “B” PLANI – Putin və Əsəd tələyə salınır
Bizi izləyin

Dünya

Vaşinqtonun “B” PLANI – Putin və Əsəd tələyə salınır

ABŞ Suriyada atəşkəs razılaşmasının elan olunmasından dərhal sonra “B” planının olduğunu bəyan etdi.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, razılaşmanın uğursuzluğa düçar olacağı halda işə salınacaq ehtiyat plana Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar da daxildir.

Vaşinqtondakı anti-putinçilər fəallaşır

Senatın xarici əlaqələr komitəsində sualları cavablandıran ABŞ dövlət katibi Con Kerri bildirib ki, Suriya dövlət başçısı Bəşər Əsəd müvəqqəti hökumətin qurulması istiqamətində lazımi addımları atmalıdır.

“Əgər bu olmazsa və atəşkəs pozularsa, şübhəsiz ki, B planımız olacaq”, - Kerri deyib.

O, bəzi ölkələrlə də bu istiqamətdə müzakirələrin aparıldığını qeyd edib. Amma dövlət katibi plan çərçivəsində hansı addımların nəzərdə tutulduğunu və hansı ölkələrlə müzakirələrin aparıldığını dəqiqləşdirməyib.

Daha əvvəl öz mənbələrinə istinadən Amerikanın “The Wall Street Journal” nəşri bildirib ki, ABŞ administrasiyasının bir sıra yüksək vəzifəli əməkdaşları Moskvaya təzyiqin gücləndirilməsinin yollarını axtarırlar. “Çünki onlar əmindir ki, Rusiya Suriyada atəşin dayandırılması haqqında sazişə riayət etməyəcək”, - nəşr yazıb.

Amerika səlahiyyətlilərinin bir hissəsi Rusiyanın hava zərbələrindən qorunmaq və daha effektiv hücum əməliyyatlarını həyata keçirmək üçün Suriya müxalifətinə kəşfiyyat məlumatlarının verilməsini təklif edirlər. İkinci variant Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqini nəzərdə tutur.

“Wall Street Journal” nəşrinin yazdığına görə, ABŞ müdafiə naziri Eşton Karter, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan prezident Barak Obamanı Rusiyaya təzyiqi gücləndirməyə çağırırlar. Nəşr qeyd edir ki, ABŞ-ın güc strukturları Rusiyanın atəşkəs rejiminə riayət edəcəyinə əmin deyillər və Suriya rejimi ilə vuruşan üsyançılara dəstəyin genişləndirilməsini təklif edirlər.

Təklif edilən ölçülər arasında Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların qəbulu xatırlanır. Ancaq administrasiyadakı yüksək vəzifəli məmurlar Avropa dövlətlərinin bu təklifi dəstəkləyəcəyinə şübhə edirlər.

Razılaşmanın icrasında iki mane

Kerrinin “B planı” bəyanatına Moskvadan cavab gecikməyib. Rusiyanın “İnterfaks” xəbər agentliyinə danışan Rusiya Xarici İşlər Nazirliyinin səlahiyyətlisi “Moskvanın “B” planından xəbərinin olmadığını bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da hazırda Moskvanın diqqətinin “A” planının icrasına yönəldiyini deyib.

Eyni zamanda Moskvada etiraf edirlər ki, Suriya böhranının sülh yolu ilə nizamlanması haqqında razılaşmanın icrası yolunda kifayət qədər manelər qalır.

"Suriya üzrə razılaşmanın icrasında iki mane var. Razılaşmaya Suriya müxalifətinin yekdil dəstəyi yoxdur. Bundan başqa, ABŞ daxilindəki müqavimət bu razılaşmaya mane olur. Təsssüf ki, ABŞ-ın güc strukturları ölkə diplomatları ilə işləmirlər”, - Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Konstantin Kosaçev deyib.

Kimə sərfəlidir?

Ekspertlər həmçinin hesab edirlər ki, Suriyada sülh haqqında razılaşmanı yerinə yetirmək olduqca çətin olacaq.

Ali İqtisad Məktəbindən Leonid İsayevin fikrincə, amerikalılar və onların müttəfiqlərinin qorxularını anlamaq olar: “Çünki Moskvanın özündə də yüz faiz zəmanət yoxdur ki, Əsədin özü atəşkəs rejiminin şərtlərini yerinə yetirəcək. Aydındır ki, müxalifət atəşkəs dövründə möhkəmlənəcək və öz resurslarını artıracaq. Əlbəttə, bu Əsəd üçün əlverişsizdir. Atəşkəsin pozulması onun üçün sərfəlidir”.

Digər tərəfdən, o, qeyd edib ki, Rusiya və ABŞ-ın müttəfiqlərinin razılaşmadan razı qalacağını söyləmək mümkün deyil. Ekspertin sözlərinə görə, bu, ilk növbədə Səudiyyə Ərəbistanı və Türkiyəyə aiddir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm