Obama nöqtəni qoydu: “Suriyada müharibə dayanmayacaq”
Bizi izləyin

Dünya

Obama nöqtəni qoydu: “Suriyada müharibə dayanmayacaq”

ABŞ prezidenti Barak Obama Rusiyanın Suriya böhranında mövqeyini uzun müddət sonra ilk dəfə sərt tənqid edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ağ Evin başçısı təşkil etdiyi mətbuat konfransında Rusiyanın hərbi müdaxiləsinin Bəşər Əsəd rejimini gücləndirdiyini deyib.

Obama Suriyada əldə olunan atəşkəs razılaşmasının taleyinin hər şeydən əvvəl Bəşər Əsəd rejimi ilə Rusiyanın davranışlarından asılı olacağını vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın Suriyaya müdaxiləsi humanitar yardımların çatdırılmasını daha pis vəziyyətə gətirib.

Obama Əsədin gələcək siyasi taleyi ilə bağlı Vaşinqtonun mövqeyini dəqiqləşdirib: “Suriyanın gələcəyində Bəşər Əsədin yeri ola bilməz. Əsədin öz xalqına qarşı həyata keçirdiyi barbar bir müharibədən sonra bu mümkün ola bilməz. Bir çox suriyalı Əsəd kreslosunu buraxana qədər onunla döyüşməkdən imtina etməyəcək”.

Ağ Evin başçısı Əsədin gələcəyi mövzusunda Rusiya, İran və bölgədəki bəzi digər oyunçularla ABŞ arasında ciddi fikir ayrılıqlarının olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri dünən Konqresin Nümayəndələr Palatasının xarici işləri üzrə komitəsində etdiyi çıxışında da Vaşinqtonun Əsədlə bağlı mövqeyini açıqlayıb. Dövlət katibinin sözlərinə görə, Suriyada müharibənin dayandırılması yalnız prezident Bəşər Əsədin gedişi ilə mümkündür.

“Əgər Əsəd qalarsa, müharibəni dayandırmaq imkanları yoxdur”, - Kerri bildirib.

O, həmçinin qeyd edib ki, Suriyada atəşkəsin təmin edilməsi mexanizmi yaxın günlərdə hazırlanacaq.

Xatırladaq ki, Suriyada atəşkəsin təmin edilməsi ilə bağlı fevralın 22-də Rusiya və ABŞ arasında razılaşma əldə edilib. Atəşkəs fevralın 27-dən başlanır. Con Kerri bəyan edib ki, razılaşmanın uğursuzluğa düçar olacağı halda “B” planı işə salınacaq.

Con Kerri “B” planı ilə bağlı bəzi ölkələrlə də müzakirələrin aparıldığını qeyd edib. Amma dövlət katibi plan çərçivəsində hansı addımların nəzərdə tutulduğunu və hansı ölkələrlə müzakirələrin aparıldığını dəqiqləşdirməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm