Əsəd ən böyük hücumuna başladı – HƏLƏB YOLU
Bizi izləyin

Dünya

Əsəd ən böyük hücumuna başladı – HƏLƏB YOLU

Suriyanın hökumət qoşunları Hələb şəhərinin cənubunda hücum əməliyyatına başlayıb.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Dəməşq strateji əhəmiyyətli “Tel Al-Eys” yaşayış məntəqəsini “üsyançı qruplaşmalar”dan almağa çalışır.

Əməliyyatın əsas məqsədi Dəməşqlə Hələbi bağlayan strateji yolu kəsməkdir. Agentlik söhbətin məhz hansı qruplaşmalardan getdiyini dəqiqləşdirməyib.

Hələbin azad edilməsi əməliyyatına Suriya ordusu ilə yanaşı Rusiya hərbi qüvvələri, əsasən də aviasiya, həmçinin “Hizbullah” döyüşçüləri və İranın xüsusi təyinatlılarının qatılacağı barədə məlumatlar yayılıb. Lakin Rusiya ordusunun Baş Qərargahı yanında Baş Əməliyyat Dairəsinin rəisi Sergey Rudskoy bu məlumatı təkzib edib. O, Moskvada təşkil edilən mətbuat konfransında verdiyi açıqlamada atəşkəs razılaşmasına sadiq qalacaqlarını və bu razılığın şərtlərinə əməl edən qruplara qarşı hava hücumu həyata keçirməyəcəklərini vurğulayıb.

Bununla belə, gələn xəbərlərdən məlum olur ki, bu, son illərin ən böyük əməliyyatlarından biri olacaq.

Hələb böyük şəhər olması ilə yanaşı, əsas üstünlüyü yerləşdiyi coğrafiyadır. Hələbdən Türkiyə sərhədinə - şimala doğru Kilis istiqamətində 68, qərbə doğru, yəni Hatay vilayətinə isə 52 kilometr yol var. Eyni zamanda, Hələb Dəməşqdən gələn və Türkiyə sərhədinə gedən əsas magistral yolun üzərində yerləşir. Bu baxımdan, Hələbə sahib olmaq Suriyanın “ikinci yarısına” sahib olmaq anlamına gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm