305 milyon il yaşı olan böcək tapıldı - FOTO
Bizi izləyin

Dünya

305 milyon il yaşı olan böcək tapıldı - FOTO

Alimlər xəbər verirlər ki, qazıntı zamanı tapılmış 305 milyon il yaşı olan böcək müasir hörümçəklərin ən qədim qohumudur, hərçənd onun özü tam mənada hörümçək deyil.

Hələ dinozavrlardan əvvəl yaşamış bu 1, 5 santimetrlik həşərat müasir hörümçəklərin elmə bəlli ən qədim əcdadır, lakin hazırda kökü kəsilib.

Bu qalıqlar Fransada onilliklər öncəsi aparılmış qazıntı zamanı aşkar olunsa da, onun hansı növə aid olduğu müəyyənləşdirilməyib. Beləki böcəyin qabaq hissəsi daşlaşaraq süxurun içində qalıb.

İndi isə alimlər kompüter tomoqrafiyasından istifadə edərək yeni rekonstruksiya görüntüsü əldə ediblər.

Onların yekun hesabatı Journal Proceedings of the Royal Society B dərgisində çap olunub.

Əsas müəllif - Manchester Universitetindən professor Russell Garwood yazır ki, qazıntı həşərat, hörümçəklərin ən qədim əcdadı olsa da, özü hörümçək deyil.

Ayaqlar və ənglər

Hörümçəkkimilər ailəsinə mənsub Idmonarachne brasieri adlı bu həşəratın qalıqları doktor Garwood-un həmmüəllifi, ABŞ-dakı Kansas Universitetinin professoru Paul Selden-ə aid “bir qutu qazıntı qalığının” arasında olub. Selden onu 1980-ci illərdə Parisdəki Milli Təbiət Tarixi Muzeyindən (Museum National d'Histoire Naturelle) almışdı.

Bu qalıqları Fransanın şərqindəki süxurlarla zəngin Montsye le Mins regionundan gətirmişdilər.

"Kompüter tomoqrafiyası bu həşəratın süxurun içərisindəki ön hissəsini tam göstərir” – deyib doktor Garwood BBC News proqramına.

Alimlər hər şeydən əvvəl hörümçəyin 8 ayağını müəyyən ediblər. Bundan sonra əng aşkar olunub. Bunun əsasında belə bir nəticəyə gəlinib ki, bu həşərat müasir hörümçəklərin “əmoğlusu” yox, yeni növdür.

Bu həşəratda həmçinin 80 milyon il bundan əvvəl yaşamış Atterkopusun da daxil olduğu hörümçəkkimilər ailəsində olan quyruğabənzər ətraf tapılmayıb. Bu erkən canlılar da tor buraxa bilirdilər, amma bu tor onlara yuvalarının ağzını “suvamaq” və ya yuvaya yolu işarələmək üçün lazımmış. Onlar ifraz etdikləri liflərdən müasir hörümçəklər kimi tor hörmürdülər.

Beləliklə doktor Garwood yeni növün tapıldığını başa düşüb: Hörümçək ayaqları və çənələr var, lakin tor ifraz edən orqan yoxdur.

"Bizim həşərat, belə görünür ki, hörümçəklərlə qeyri-hörümçəklərin inkişafında yol ayrıcı olub. O ilk hörümçəkkimi həşərat – Atterkopusdan sonra, lakin həqiqi hörümçəklərdən əvvəl yaşayıb” – deyir alim.

"Ən qədim hörümçəyin qalıqları da eyni qazıntıdan tapılıb, lakin onlarda tor mayesini ifraz edən orqanlar saxlanıb” – deyir alim.

O bu qənaətə gəlir ki, hazırda öyrənilən həşərat çox güman torlu və torsuz hörümçəklərin 305 milyon il bundan əvvəl bir-birindən ayrıldığını göstərir. Başqa sözlərlə bu həşərat əsl hörümçəklərlə bir müddət paralel yaşaya bilərdi.

Tədqiq edilən həşəratın tor mayesi orqanlarının olmamasının dəqiqləşdirilıməsi üçün adi laboratoriya skanerindən, daha güclü rentgen şüalarından istifadə edən Diamond sinxrotronuna keçilib.

"Biz ehtimal edirdik ki, tor mayesi orqanları qopub düşmüş ola bilər və bu halda hörümçəyin qarnında deşiklər qalmalı idi – deyib doktor Garwood, - Bunu isə yalnız çox güclü görüntü verən skanerdə aşkar etmək olardı”.

Bütün dəlillər əldə edildikdən sonra həşərata ad da verilib. Alimlər bu yaxınlarda yol qəzasında həlak olmuş həmkarları – Oxford paleobioloqu Martin Brasier-in xatirəsini əbədiləşdirmək qərarına gəliblər.

“O çox çalışqan alim idi” – deyib Garwood.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm