“Krım qələbəsi”nin əks effekti: NATO qapıda
Bizi izləyin

Dünya

“Krım qələbəsi”nin əks effekti: NATO qapıda

“Krım qələbəsi”nin əks effekti: NATO qapıda yaxınlaşır

Krımın Rusiyaya birləşməsindən sonra ilk dəfə NATO üzvü ölkələrinin xarici işlər nazirləri Brüsseldə bir araya gəldilər. İyirmi səkkiz dövlətin diqqət mərkəzində olan əsas məsələ ittifaqın Şərqi Avropadakı üzvlərinə dəstəyin göstərilməsi idi. Bu tədbirlərin sırasına Baltikyanı ölkələri ərazisində NATO-nun daimi hərbi bazalarının yerləşdirilməsi də daxildir.

Publika.Az ın xarici mətbuata istinadən verdiyi məlumata görə, toplantıda Ukraynaya təcavüz etdiyi üçün Rusiya ilə bütün mülki və hərbi münasibətlərin dayandırması haqqında qərar qəbul olunub.

Yaxın tarix Rusiyayanın yadından çıxıbmış

NATO-nun qərargahında keçirilən toplantıda hərbi alyansın son illər Şərqə tərəf genişləndiyi xatırlanıb.

Toplantıda bildirildi ki, 1999-cu ilin martında sosializm düşərgəsinin və Varşava Müqaviləsinin keçmiş üzvləri Macarıstan, Polşa və Çexiya , 2004-cü ilin aprelində keçmiş sovet respublikaları Latviya, Litva və Estoniya, həmçinin Bolqarıstan, Rumıniya, Slovakiya və Sloveniya, 2009-cu ilin aprelində isə Albaniya və Xorvatiya NATO-ya qoşulub. Belə bir xatırlanma Rusiya nəşri “Nezavisimaya gazeta”nın diqqətindən qaçmayıb. Qəzet yazır ki, Avropanın nə Qərbi, nə də Şərqində bu yubiley tarixləri xüsusi olaraq qeyd olunmurdu. “Amma NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə buna yarımsaatlıq təntənəli mərasim həsr edilmişdi”, - qəzet qeyd edir.

Çıxış edənlər ittifaqın Şərqə doğru irəliləyişini müsbət qiymətləndirdilər. NATO-nun “açıq qapı” siyasətinin real müvəffəqiyyət gətirdiyini dilə gətirən natiqlər bildirdilər ki, Krımın Rusiyaya birləşməsi hərbi alyansın seçdiyi strategiyanın məqsədəuyğunluğunu bir daha təsdiqlədi. “Çünki, ittifaqa üzvlüyə dövlət müstəqilliyinin zəmanəti kimi baxılır. Məsələn, Polşa, Rumınıya və Baltikyanı ölkələrdə NATO-ya üzvlük Avropa İttifaqına üzvlükdən daha əhəmiyyətli hesab edirlər”, - toplantıda vurğulanıb.

Brüsseldə Ukrayna böhranın fonunda təsdiqlədilər ki, ittifaqın Şərqi Avropa ölkələri hesabına genişlənməsinin prosesi davam edəcək. ABŞ-ın dövlət katibi Con Kerri NATO-nun qapılarının istənilən Avropa ölkəsi üçün açıq olduğunu bildirib. Dövlət katibi bunun üçün həmin ölkələrin bir sıra öhdəlik və üzvlük şərtlərini qəbul etməli, həmçinin avroatlantik regionun təhlükəsizliyi işinə öz töhfəsini verməli olduğunu vurğulayıb.

Qapını kimlər döyür?

Hərbi alyansın qapısını döyənlərdən birincisi Çernoqiyadır. Onu Makedoniya ilə Bosniya və Herseqovina izləyir. Gürcüstan da çoxdandır ki, NATO-a daxil olmaq istəyir. Amma 2008-ci ilin beşgünlük avqust müharibəsi onu bu istəyindən xeyli uzaqlaşdırdı. “Nezavisimaya gazeta” qeyd edir ki, Abxaziya və Cənubi Osetiya problemləri də Tiflisin NATO-ya gedən yolunu çətinləşdirdi. Ukraynada baş verənlər heç şübhəsiz ki, Tiflisi daha tələsik davranmağa vadar edəcək. Gürcüstanın NATO-ya üzvlüyü bu gün NATO Komissiyasının iclasında, həmçinin sentyabr ayının əvvəlində Uelsdə keçiriləcək NATO sammitində da müzakirə olunacaq. Həmin sammitdə Tiflisə “Yol xəritəsi”nin təqdim olunacağı gözlənilir.

Dünən isə günün ikinci yarısında Ukrayna xarici işlər naziri vəzifəsini icra edən Andrey Deşitsanın iştirakı ilə NATO Komissiyasının iclası olub. Danışıqların nəticələri barədə məlumat verilməsə də, Ukrayna nümayəndə heyətinin bir təmsilçisi “Nezavisimaya gazeta”ya açıqlamasında Ukrayna qanunvericiliyinin ölkənin ittifaqa inteqrasiyasını nəzərdə tutmadığı üçün yeni hakimiyyətin NATO-ya üzvlüyü hədəfləmədiyini söyləyib.

NATO-nun baş katibi Anders Foq Rasmussen hazırkı mərhələdə birgə hərbi təlimlərin keçirilməsi və orduda islahatların aparılması da daxil olmaqla təhlükəsizlik sahəsində Ukrayna ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Rusiyalı jurnalistlər qrupu ilə görüşən baş katib Rusiya və NATO-nun hərbi qarşıdurması ehtimallarını dəyərləndirib. O, ittifaqda Ukrayna böhranının həlli üçün hərbi ssenarinin müzakirə edilmədiyini, Moskva və Kiyev arasında siyasi və diplomatik dialoqu dəstəklədiklərini vurğulayıb. O, bildirib ki, hərbi alyansın bundan sonrakı addımları Rusiyanın necə hərəkət edəcəyindən, NATO-ya rəqib, yoxsa strateji partnyor kimi baxacağından asılı olacaq. NATO-nun baş katibi kollektiv müdafiənin prioritet elan olunduğunu və ittifaqın döyüş hazırlığının yüksəldilməsi barədə qərar qəbul etdiklərini deyib. Rasmussen xüsusi olaraq Polşa, Rumınıya və Baltikyanı ölkələrdə qırıcıların patrul xidmətinin genişləndirildiyini və müxtəlif hərbi təlimlərə hazırlaşdığını ifadə edib.

NATO bazaları Rusiya sərhədinə yaxınlaşa bilər

İttifaqın başqa bir yüksək vəzifəli diplomatı Şərqi Avropa, ilk növbədə Baltikyanı ölkələrinin ərazisində NATO-nun daimi bazalarının yaradılmasını istisna etməyib. “1990-cı illərdə Şərqi Avropadakı müttəfiqlərimizin ərazisində NATO bazalarının yerləşdirilməməsi barədə öhdəlik götürdük. Bir halda ki, Rusiya NATO ilə əməkdaşlığın əsas sənədlərində əks olunan öhdəliklərə riayət etmir, biz şəxsi məhdudiyyətləri yenidən gözdən keçirə bilərik”, - NATO səlahiyyətlisi bildirib.

Lakin Şərqi Avropada NATO-nun daimi hərbi bazalarının yerləşdirilməsi fikrinə ehtiyatla yanaşanlar da var. Norveç xarici İşlər naziri Berq Markanın fikrincə, Baltikyanı ölkələrin ərazisində NATO-nun daimi bazaların yaradılması əlavə gərginliyə gətirib çıxara bilər. “Vəziyyət çox ciddidir, amma bizə əlavə gərginliyin yaradılması, təzyiqin artırılması lazım deyil”, - norveçli nazir deyib. O, həmçinin Krım işğalının “Soyuq müharibə” dövründən sonra Şərq və Qərb arasında ən ciddi böhranı yaratdığını bildirib.

Norveçli nazir vəziyyəti daha da gərginləşdirməyin əleyhinə olsa da, NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında səslənən əksər fikirlər bu yöndə idi ki, Rusiya ilə münasibətlərin bütün komplekslərinin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. NATO baş katibi də bildirib ki, ittifaq sanki heç nə olmamış kimi Rusiya ilə münasibətləri davam etdirməyə hazırlaşmır.

Artıq ilk addım olaraq ABŞ-ın “Cape Ray” gəmisinin dəniz müşayiəti əməliyyatında Rusiyanın iştirakı dayandırılıb. Həmin gəmi kimyəvi silah arsenalının Suriyadan çıxarılması işini yerinə yetirirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm