İŞİD-dən yeni vergilər - “Büdcə” doldurulur
Bizi izləyin

Dünya

İŞİD-dən yeni vergilər - “Büdcə” doldurulur

İŞİD terror qruplaşmasının gəlirləri 2015-ci ilin ortalarından sonrakı dövrdə 30 faiz azalıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə “IHS Global Inc” konsaltinq şirkətinin məruzəsində deyilir.

Şirkətin məruzəsinə əsasən, İŞİD-in gəlirlərinin azalması neft qiymətlərinin kəskin düşməsi ilə bağlıdır. Sənədə görə, keçən ilin ortalarında təşkilatın aylıq gəlirləri 80 milyon dollar təşkil edirdi. Halbuki, hazırda həmin rəqəm 56 milyon dollardır. Bundan başqa, İŞİD-in nəzarətində olan ərazilərdə neft hasilatının səviyyəsi gündəlik 33 min bareldən 21 min barelə qədər azalıb.

Şirkətin böyük analitiki Lyudoviko Karlino bildirir ki, İŞİD-in regionda təsiri əvvəlki kimi güclüdür. Lakin onun fikrincə, gəlirlərin səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi uzunmüddətli perspektivdə İŞİD-ə tutduğu ərazilərin idarə olunmasında çətinliklər yaradacaq.

Həmçinin bildirilir ki, 2014-cü ildən ekstremistlərin nəzarətində olan ərazi 22 faiz azalıb.

Məruzədə qeyd edilir ki, İŞİD-in gəlirlərinin yarısı vergilər və tutulmuş ərazilərdə əhalinin mülkiyyətinin müsadirəsi ilə formalaşır. Neftin satışı İŞİD-in “büdcə”sinin formalaşmasında 43 faizlik paya sahibdir. Terror təşkilatının digər gəlirləri narkotik qaçaqmalçılığı, elektrik enerjisinin satışı və ianələr təşkil edir.

Agentliyin məlumatına görə, hazırda fiziki cəzalara məhkum edilənlərin pul qarşılığında azad edilməsi təşkilatın maliyyə çətinliklərini göstərir. Bundan başqa, İŞİD-in döyüşçüləri yeni vergiləri tətbiq ediblər. Peyk antenalarını quraşdıranlar və şəhərin hüdudlarından çıxanlar vergi ödəməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm