Xamneyi: “Bu, dələduzluqdur”
Bizi izləyin

Dünya

Xamneyi: “Bu, dələduzluqdur”

“ABŞ Ali Məhkəməsinin İranla bağlı qərarı dələduzluqdur”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali lideri ayətullah Seyid Əli Xamneyi deyib.

“İranın nüvə proqramının ətrafında yaranan problemin nizama salınması üzrə “altılıq”la Tehran arasında imzalanan razılaşmalardan sonra bu qərarı qəbul etmək dələduzluqdur. Onlar kağız üzərində razılaşmadan danışırlar, amma təcrübədə İranofobiya siyasətini həyata keçirirlər”, - dini lider vurğulayıb.

Qeyd edək ki, aprelin 20-də ABŞ Ali məhkəməsi İranın apellyasiyasını rədd edib. Ali Məhkəmə 1983-cü ildə Beyrutda ABŞ-ın hərbi kazarmalarının partlayışı zamanı həlak olan Amerika dəniz piyadaçılarının qohumlarına 2,65 milyard dollar kompensasiyanın ödənilməsinə qərar verən aşağı instansiya məhkəməsinin qərarını təsdiq edib. Məhkəmənin iddiasına görə, partlayış İranın vəzifəli şəxslərinin aktiv dəstəyi ilə Livanın “Hizbullah” şiə təşkilatı tərəfindən törədilib.

Qərar təzminatın İran Mərkəzi Bankının dondurulan vəsaitin hesabına ödənilməsini nəzərdə tutur. Həmin vəsait “Citibank”da saxlanılır.

Dünən isə ABŞ-ın İrandakı diplomatik missiyanı icra edən İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. İsveçrə səfirinə ABŞ Ali Məhkəməsinin qəbul etdiyi qərara görə etiraz olunub.

İranın Xarici İşlər Nazirliyindən verilən açıqlamada qərarın beynəlxalq qanunlara və ikitərəfli razılaşmalara zidd olduğu vurğulanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm