İrəvan kulislərində xaos: Qarabağın taleyində ciddi dönüş
Bizi izləyin

Dünya

İrəvan kulislərində xaos: Qarabağın taleyində ciddi dönüş

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın “Birlik” adlı yeni partiya yaratması bir çox ekspertlər tərəfindən ölkədə ciddi dəyişikliklərin anonsu kimi qiymətləndirilir.

Publika.az xəbər verir ki, Ermənistan mediası isə məsələni bir qədər də genişləndirərək, bunu keçmiş prezident Robert Koçaryanın yenidən siyasi meydana atılması və “dördgünlük müharibə”nin acı nəticələrindən Sarkisyanı devirmək üçün istifadə etməsi kimi təqdim edib.

Siyasi analitik Musa Mikaelyan yazır ki, yeni partiyada Robert Koçaryanın da payı olacaq: “O da gözləniləndir ki, Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasındakı Koçaryan tərəfdarları partiyadan ayrılacaqlar”.

Müəllif yeni partiyanın fəaliyyət istiqamətlərinə də toxunub.

“Maraqlıdır ki, partiyanın fəaliyyət istiqamətində Avrasiyaya inteqrasiya haqda heç bir söz edilmir, daha çox Avropa dəyərlərindən bəhs olunur. Bu Vardan Oskanyanın partiyasının ölkəni Qərbə qarşı aparması demək deyilmi? Hesab etmək olar ki, partiya ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması üçün çalışacaq”, - deyə erməni müəllif bildirir.

Ermənistan daxilində baş verənlər və məhz qərbyönümlü siyasi partiyanın meydana çıxması fərqli cığır açır. Oskanyan 10 il müddətində xarici işlər naziri olduğu dövrdə Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesində əsas fiqurlardan biri olub. Onun nazir postunu təhvil verdikdən sonra, “Rəsmi İrəvan Qarabağla bağlı həqiqətləri gizlədir” açıqlaması Ermənistanın siyasi tarixində öz izini qoyub.

Oskanyanın siyasi meydana çıxması Ermənistan daxilində siyasi intriqaların bəhrəsi olmaqla yanaşı, burada diqqət çəkən xüsusi bir məqam var. Oskanyan Sarkisyan və Koçaryandan fərqli olaraq Qarabağ əsilli deyil. Yəni onun hazırda sadə ermənilərə qan udduran, həmçinin, Dağlıq Qarabağda işğalçı siyasəti hakimiyyətdə qalmaq üçün istifadə edən “Qarabağ klanı” ilə bağlılığı yoxdur.

Digər tərəfdən, yeni partiyanın əsas xətti qərbyönümlüdür. Bu amil Qərbin Oskanyan üzərindən İrəvanda Rusiyayönümlü qüvvələri məğlub etmək siyasətinə işarə edir. İrəvanda mövcud hakimiyyətin yerinə qərbyönümlü siyasi elitanın gəlməsi Dağlıq Qarabağ münaqişəsində də irəliləyişə səbəb ola bilər. Oskanyanın ölkənin düşdüyü iqtisadi vəziyyəti açıq şəkildə tənqid etməsi də bu ehtimalı gücləndirir.

Erməni müəllif Yeqiazar Ayntabsinin şərhi də bu istiqamətdədir. Onun fikrincə, Qərb yeni partiya ilə Ermənistanı Rusiyanın təsirindən çıxara bilər: “Bu, Qarabağ münaqişəsində də kəskin dönüş ola bilər. Hansı ki, bu münaqişə nəticəsində Ermənistan Türkiyə və Azərbaycan tərəfindən illərdir blokadada saxlanılır. Qərb münaqişənin həllinə nail olaraq Türkiyə ilə sərhədlərin açılmasına, daha sonra isə Ermənistanın Avropaya inteqrasiyasına nail ola bilər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm