“Hizbullah” lideri öldürüldü - 241 amerikalı, 58 fransalı hərbçinin qatili idi
Bizi izləyin

Dünya

“Hizbullah” lideri öldürüldü - 241 amerikalı, 58 fransalı hərbçinin qatili idi

Livanın “Hizbullah” təşkilatının hərbi lideri Mustafa Bədrəddin İsrailin təşkil etdiyi hava hücumunda öldürülüb.

Publika.az“Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Hizbullah”ın yazılı açıqlamasında deyilir.

Agentliyin məlumatına görə, Mustafa Əmin Bədrəddin mayın 10-u Dəməşq aerodromu yaxınlığında öldürülüb.

“Mustafa Əmin Bədrəddin 1982-ci ildən bu yana islami müqavimət əməliyyatlarının çoxunda iştirak edib”, - təşkilatın açıqlamasında bildirilir.

Bədrəddin 2008-ci ildə Dəməşqdə təşkil edilən hücumda ölən “Hizbullah” komandiri İmad Muğniyenin qohumu və xələfi idi. İddiaya görə, Muğniye və Bədrəddin 1983-cü ilin oktyabr ayında Beyrutda ABŞ dəniz piyada komandalarına qarşı hücumu birlikdə təşkil edib. 1983-cü ilin oktyabrın 23-də Livanın paytaxtı Beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransalı hərbçi həlak olub.

Livanın keçmiş baş naziri Rafik Haririyə qarşı 2005-ci ildə təşkil edilən sui-qəsdi araşdıran BMT-nin Xüsusi Məhkəməsi baş nazirin qətlində Mustafa Əmin Bədrəddini ittiham edib. O, barəsində beynəlxalq sanksiya qərarı qəbul edilən “Hizbullah” üzvləri arasında idi.

1961-ci ildə dünyaya gələn Bədrəddin “Hizbullah” lideri Həsən Nəsrullahdan sonra təşkilatın ikinci lideri və Nəsrullahın məsləhətçisi olaraq tanınırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm