ABŞ “Yuqoslaviya ssenarisi”ni işə salır? – Məktubun mətni yayıldı
Bizi izləyin

Dünya

ABŞ “Yuqoslaviya ssenarisi”ni işə salır? – Məktubun mətni yayıldı

ABŞ Dövlət Departamentinin əməkdaşları idarənin rəhbərliyinə yazdığı məktubda Suriyanın hökumət qoşunlarının “Yuqoslaviya ssenarisi” üzrə bombalanmasını təklif ediblər.

Publika.az xəbər verir ki, məktubun mətnini “New York Times” nəşri əldə edib.

Xatırladaq ki, “The Wall Street Journal” nəşri ABŞ Dövlət Departamentinin 51 əməkdaşının Vaşinqtonu Suriya prezidenti Bəşər Əsədə qarşı hərbi hərəkətlərə başlamağa çağıran idarədaxili məxfi sənəd imzaladığını yazıb. Müraciətdə bildirilir ki, atəşin dayandırılması haqqında saziş pozulduğu üçün dərhal Suriya hökumətinə qarşı məqsədyönlü hərbi zərbələrə başlamaq lazımdır.

Məktubun müəlliflərinin fikrincə, bu, Suriyada sülhün əldə edilməsi üçün tək üsuldur.

“Biz uzaqdan idarə edilən və havadan istifadə olunan silahlardan ağıllı istifadə edilməsi əsasında ABŞ-ın Suriyada daha aktiv hərbi rolunun əhəmiyyətini görürük. Bu, ABŞ-ın rəhbərliyi altında daha məqsədyönlü və aqressiv diplomatik prosesə kömək edə bilər”, - “New York Times” nəşri məktubdan sitat gətirir.

Sənədi şərh edən nəşr bildirir ki, söhbət uzaq məsafəyə buraxılan qanadlı raketlərdən gedir. Qeyd edilir ki, qanadlı raketlərlə zərbələr Suriyanın hökumət qoşunlarına cavab zərbəsi vurmağa imkan verməyəcək. Məhz 1999-cu ildə Yuqoslaviyada əməliyyat zamanı ABŞ-ın başçılıq etdiyi NATO koalisiyası bu cür zərbələrlə ölkə hakimiyyətini Kosovonun müstəqillik bəyannaməsi ilə bitmiş siyasi dialoqa başlamağa məcbur edib.

Məktubun müəllifləri hesab edir ki, ABŞ-ın zərbələri Suriyanın hökumət qoşunlarının müxalifət güclərinə hücumlarını dayandıracaq və əsas diqqət İŞİD-lə mübarizəyə yönələcək.

“New York Times”in şərhçisi Maks Fişer isə bildirir ki, bu təklif Suriya üçün çox risklidir. Onun sözlərinə görə, müxalifətin ayrı-ayrı qruplaşmaları bu vəziyyətdə ölkədə hakimiyyət üçün mübarizəyə başlaya bilər.

“Bu, 1992-ci ildə Əfqanıstanda baş verdi. Üsyançılar hakimiyyətə gələrək öz aralarında çoxillik vətəndaş müharibəsinə başladılar. Eyni hadisələr 2011-ci ildə Liviyada başladı və hazırda da davam edir”, - Fişer bildirir.

O, həmçinin Suriyada uçuşa qadağan zonanın yaradılması ilə bağlı məktubun müəlliflərinin təklifini qiymətləndirir. “Məktub bu suala cavab vermir ki, Rusiya təyyarələri üçün uçuşa qadağan zonanı tətbiq etmək mümkün olacaqmı”, - Fişer bildirir.

Məktuba Moskvadan da reaksiya verilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Suriyada hakimiyyətin zorakılıqla devirməsi regionda xaosun səbəbi ola bilər.

Rusiyanın Xarici İşlər Nazirliyində isə öz növbəsində ümid edirlər ki, Vaşinqton İraq və Liviyada etdiyi səhvləri təkrarlamayacaq.

“ABŞ-ın iştirakı ilə yaradılan BMT Təhlükəsizlik Şurasında qəbul edilən sənədlərdə deyilir ki, Suriya məsələsinin həlli üçün heç bir güc ssenarisi nəzərdə tutulmur. Yalnız sülh yolu, yalnız siyasi dialoq”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib.

Dünən isə ABŞ-ın dövlət katibi Con Kerri Suriyada müharibəyə başlamağa çağıran diplomatlarla görüşüb. Söhbət yarım saata yaxın davam edib. Əvvəlcə Kerri Dövlət Departamentinin Suriya ilə bağlı siyasətində əsas məqamlardan danışıb. Daha sonra o, “müharibə partiyası”nın üzvlərinin arqumentlərini dinləyib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi isə vurğulayıb ki, Vaşinqtonun Suriya ilə bağlı siyasətində hər hansı ciddi dəyişikliklər gözlənilmir. Kirbi qeyd edib ki, ABŞ əvvəlki kimi Suriya məsələsinin hərbi həllinin olmadığı qənaətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm