“Təkqol” İstanbul terrorçusu Saakaşvilinin agenti olub? - QALMAQAL BÖYÜYÜR
Bizi izləyin

Dünya

“Təkqol” İstanbul terrorçusu Saakaşvilinin agenti olub? - QALMAQAL BÖYÜYÜR

İstanbulun Atatürk Hava Limanında terror aktını planlaşdırmaqda şübhəli bilinən Rusiya vətəndaşı, “Təkqol” ləqəbli Əhməd Çatayev gürcü xüsusi xidmət orqanlarının agenti olması barədə iddialar bir-birini əvəz edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə növbəti iddianı Gürcüstanın qaçqınlar və məcburi köçkünlərin işləri üzrə naziri Sozar Subari bildirib.

“Bu məşhur terrorçu Saakaşvilinin agenti idi və onun tərəfindən maliyyələşdirilirdi. Saakaşvili onun pasportunu dəyişdirirdi. Təbii ki, müvafiq orqanlarda sübutlar mövcuddur”, - Subari deyib.

Nazir qeyd edib ki, keçmiş prezidentin cavabını eşitmək çox maraqlı olardı. Məmur həmçinin Tiflisin Çatayevi niyə azad etdiyinə aydınlıq gətirib: “Əvvəlki hakimiyyətinin şahidləri bildirdilər ki, onda silah var idi. Onlar sonradan öz ifadələrini dəyişdilər və bu informasiyanı təkzib etdilər. Beləliklə, onun həbsi qanunsuz olardı”.

Əhməd Çatayevin gürcü xüsusi xidmət orqanlarının agenti olması barədə iddia ilə daha əvvəl “Rustavi 2” telekanalın efirində Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili çıxış edib.

“Təəssüf ki, Əhməd Çatayev Saakaşvilinin hakimiyyəti dövründə xüsusi xidmət orqanlarının agenti idi. Onda Gürcüstan vətəndaşı pasportu var idi. O, müxtəlif ölkələrə gedir, operativ tapşırıqları yerinə yetirir və bunun üçün maaş alırdı”, - Sesiaşvili deyib.

Gürcüstan parlamentinin komitə sədrinin məlumatına görə, Çatayevdən çeçen döyüşçüləri ilə danışıqlar zamanı istifadə olunurdu. Sesiaşvilinin sözlərinə görə, keçmiş gürcü hakimiyyəti (Saakaşvili hakimiyyətindən söhbət gedir – red.) Çatayevin Ukraynadan ekstradisiyasından sonra ondan Pankisi Dərəsindən olan terrorçularla danışıqlar üçün istifadə edib. Deputatın versiyasına görə, Çatayevə qarşı qanunsuz silah daşınması barədə cinayət işi açıldıqdan sonra o həbs olunduğu üçün nəzarətdən çıxıb.

Xatırladaq ki, Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili iyulun 1-də “Facebook”da yazdığı şərhində Əhməd Çatayevin bir neçə ay Gürcüstanda həbsdə qaldığını bildirib. Onun sözlərinə görə, Çatayev 2012-ci ildə azad edilib. Saakaşvili qeyd edib ki, Çatayev məhz hazırda Odessa şəhərinin polisinə rəhbərlik edən general Qeorqi Lordkipanidzenin rəhbərliyi ilə keçirilən anti-terror əməliyyatı zamanı həbs edilmişdi.

“2012-ci ildə hakimiyyətə gələn Bidzina İvanişvilinin başçılıq etdiyi yeni hökumət Çatayevi azad etdi. Çünki o, siyasi məhbus hesab edilirdi”, - Saakaşvili qeyd edib.

Qeyd edək ki, Georgi Lortkipanidze də Əhməd Çatayevlə bağlı analoji bəyanatla çıxış edib. O, Çatayevin onlara pulla işləyən xəbərçi olduğunu və hökumətə terrorçularla əlaqədar məlumat verdiyini deyib.

Bu ilin yanvarında Rusiya Milli terrorçuluğa qarşı Komitə xəbərdarlıq edib ki, Çatayev Rusiya və Avropada terror aktlarının hazırlığı üzrə İŞİD-in xüsusi bölməsinin komandiridir. Məlumata görə, Çatayev (1980) 2008-ci ildən federal axtarışdadır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, bir neçə il əvvəl Avropaya mühacirət edib. Çatayev “Qafqaz Əmirliyi” qruplaşmasının lideri Doku Umarovun ölümündən sonra İŞİD-ə qoşulub.

Dünən Türkiyə “Təkqol” ləqəbi daşıyan Çatayevin axtarışları üçün ABŞ xüsusi xidmət orqanlarından kömək istəyib.

Qeyd edək ki, iyunun 28-də Atatürk Hava Limanında 3 kamikadze tərəfindən törədilən terror aktında 45 nəfər həyatını itirib, 240 nəfər yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm