“Tək qurd” strategiyası? –ŞOK PLAN
Bizi izləyin

Dünya

“Tək qurd” strategiyası? –ŞOK PLAN

Ötən gecə dünya daha bir qanlı terror aktına şahidlik etdi. Fransanın Nitsa şəhərində Bastiliyanın alınmasının ildönümü ilə əlaqədar keçirilən bayram şənliyində iştirak edən izdihamın içinə yük avtomobilin girməsi nəticəsində 84 nəfər həyatını itirdi, 100-dən çoxu yaralandı.

Fransa mediasının yazdığına görə, terror hücumu Tunis mənşəli 31 yaşlı Məhəmməd Buhlel tərəfindən törədilib. Buhlel daha əvvəllər silah daşıma və başqa cinayətlərə görə məsuliyyətə cəlb edilib. Lakin bu cinayətlər terrorizmlə bağlı olmayıb. Şübhəlinin evli və 3 uşaq atası olduğu bildirilir.

İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. Baxmayaraq ki, İŞİD-ə yaxın sosial şəbəkə hesabları terror hücumunu təqdir edib.

Fransanın “Le Figaro” nəşri isə bu fikirdədir ki, terror aktı İŞİD terror təşkilatının təlimatlarını xatırladır. Nəşr xatırladır ki, İŞİD-in “mətbuat katibi” Abu Məhəmməd əl-Adnani terror qruplaşmasının tərəfdarlarını “düşmənlər”in məhv edilməsi üçün əl altında olan istənilən vasitələrdən istifadə etməyə çağırıb.

“Əl-Adnani deyirdi ki, Fransa və ya Amerika allahsızlarını xüsusi halda, avtomobillə də məhv etmək olar. O, həmçinin vurğulayırdı ki, qurbanların hərbi və mülki olması əhəmiyyət daşımır: onların ikisi də düşməndir və qanının tökülməsinə icazə verilir”, - “Le Figaro” terrorçunun sözlərini xatırladır.

Fransanın “El Mundo” qəzeti də qeyd edir ki, İŞİD öz tərəfdarlarını dəfələrlə mülki əhaliyə hücumlar təşkil etmək üçün bütün əlçatan metodları tətbiq etməyə çağırıb.

Ekspertlər məhz İŞİD-in “Tək qurd" taktikası üzərində dayanırlar. “Tək qurd” öz-özünə radikallaşan və İŞİD-in “Bura gəlməyin (İraq və Suriyaya –red.), olduğunuz yerdə qətliam törədin!” çağırışına əməl edən şəxslərə deyilir.

Ötən ayın əvvəlində ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubuna edilən və 50 nəfərin ölümünə səbəb olan hücumun da “Tək qurd” xarakteri daşıdığı bildirilmişdi. Qeyd olunmuşdu ki, “Tək qurd” İŞİD-in strategiyasının bir parçasıdır.

“New York Times” qəzetinin İŞİD və “Əl-Qaidə” üzrə mütəxəssisi Rukmini Kallimaçi bildirib ki, İŞİD-in son iki ildə ABŞ kimi okeanın o tərəfində olan ölkələrdə təşkil etdiyi hücumlar “Tək qurd” strategiyasına söykənir.

Kallimaçi qeyd edir ki, İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Adnanı 2014-cü ildə “Tək qurd” hücumlarını təşviq edərək təşkilatın tərəfdarlarına kimsədən icazə almağa ehtiyac olmadığını söyləmişdi. Onun sözlərinə görə, bu qanlı təbliğat “Twitter” və “Facebook” kimi sosial şəbəkə saytlarının köməyilə geniş kütlələrə çatdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm