Beş il sonra gələn qisas anı - Putin Hillariyə niyə nifrət edir?
Bizi izləyin

Dünya

Beş il sonra gələn qisas anı - Putin Hillariyə niyə nifrət edir?

ABŞ Demokratlar Partiyasının Milli Komitəsinin elektron poçtunun qırılmasında Rusiyanın iştirakı haqqında iddiaların arxasında Rusiyada seçkilərin şəffaflığını şübhə altına qoyan Klintona Kreml liderinin qəzəbi gizlənir.

Publika.az xəbər verir ki, bu nəticəyə ABŞ-ın “Politico” nəşrində Maykl Kroul və Culiya Yoffe gəliblər.

“Putin Hillariyə niyə nifrət edir?” başlıqlı məqaləni ixtisarla təqdim edirik.

2011-ci ilin dekabrında Moskvada Rusiya prezidenti Vladimir Putinə qarşı kütləvi etirazlar başlandı. Putinin fikrincə, etirazların arxasında dövlət katibi Hillari Klinton dayanırdı. Həmin vaxt etiraz aksiyalarının iştirakçıları Putini seçkilərin nəticələrinin saxtalaşdırılmasında ittiham edirdilər. Klinton da eyni fikirdə idi.

“Klinton dedi ki, seçkilərin nəticələri ədalətsizdir”, - Putin deyirdi. O, iddia edirdi ki, Klinton “ABŞ Dövlət Departamentinin dəstəyi”ni ifadə edərək nümayişçilərə “siqnal” vermişdi.

“Biz özümüzü daxili işlərimizə bu müdaxilədən qorumalıyıq”, - Putin bildirirdi.

Tamamilə ola bilər ki, Putin beş il sonra Klintondan qisas almaq istəyir. Ən azından, məhz kibertəhlükəsizlik sahəsində çalışan bəzi ekspertlər ABŞ Demokratlar Partiyasının Milli Komitəsinin elektron poçtunun qırılmasında Rusiyanın iştirakının mənasını görürlər. Demokratların Milli Qurultayında təlaş və fikir ayrılıqları yarandı, partiyanın birləşməsi üzrə Klintonun planlarına zərbə vurdu.

Vladimir Putinlə Klintonun rəqibi respublikaçı namizəd Donald Trampın dostluğu haqqında hamıya yaxşı məlumdur. Hər ikisi bir-birinin ünvanına dəfələrlə komplimentlər səsləndirib və Vaşinqton və Moskva arasında münasibətlərin yaxşılaşmasına çağırışlar ediblər.

Rusiya barəsində siyasi kursun üzərində işləmiş Klintonun keçmiş əməkdaşları deyirlər ki, 2011-ci ilin dekabrında Rusiyada parlament seçkilərinin Klinton tərəfindən pislənilməsi Putinə fövqəladə dərəcədə toxunub və Rusiya prezidenti bilavasitə öz narazılığını ABŞ prezidenti Barak Obamaya çatdırıb. Onların sözlərinə görə, Putin Klintona Rusiyada rejimin dəyişdirilməsi siyasətinin qatı tərəfdarı kimi baxır və Rusiya lideri onu özü üçün ciddi təhlükə hesab edir.

“Klintonun mövqeyi onu çox məyus etdi. Putin incikliyini həmişə saxlayırdı. Fərz etmək olar ki, Putin nəhayət hesablaşmaq üçün vaxtını seçib”, - 2009-2011-ci illərdə ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının Rusiya bölməsinin direktoru, daha sonra 2014-cü ilin əvvəlinə kimi Rusiyada səfir işləyən Maykl Makfol deyib.

Bəzi ekspertlər əmindirlər ki, Putinin hakimiyyəti demokratların elektron poçtunun qırılmasını təşkil edib. CNN-nin Robbi Muk haker hücumunda Rusiyanın iştirakı haqqında versiyanı təsdiq edib. “Güman edirəm ki, aşkar və etibarlı sübutlar Moskvanın Klinton həmahəng olmadığını göstərir”, - Beynəlxalq Sülh üzrə Karneqi Fondunun əməkdaşı, Milli Kəşfiyyat Şurasının Rusiya və Avrasiya bölməsinin keçmiş əməkdaşı Yudcin Rumer deyib.

2012-ci ilin yanvarında Makfol Moskvaya gələndə ciddi təzyiqlərlə üzləşdi. Kremlin nəzarəti altında olan telekanal müxbiri hər yerdə onu izləyirdi. Rusiyanın xüsusi xidmət orqanları hətta onun uşaqlarını məktəbdə izləyirdi.

Bir gün Klinton ABŞ-ın Rusiya səfirliyinə - hirsləndirilmiş Makfola diplomatik protokolun Rusiya tərəfindən pozulmasına görə öz qəzəbini ifadə etmək üçün zəng etdi. Makfol heyrətlənmişdi ki, Klinton açıq əlaqə üzrə zəng edib. Nəzərə alsaq ki, onlar yaxın vaxtlarda görüşməyi planlaşdırırdılar. “Mən istəyirəm ki, onlar bilsinlər ki, mən bilirəm”, - Klinton səfirə deyib.

2012-ci ilin sentyabrında Klinton Vladivostokda Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Forumunun kuliarlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyə hazırlaşırdı. Lavrov keçmiş sovet diplomatik məktəbinin ləyaqətli şagirdi kimi böyük məmnuniyyətlə Klintona qulluq edirdi. Lavrov Vladivostokda Klintonun mehmanxana nömrəsi üçün gülləri şəxsən seçmişdi. Amma onlar görüşəndə Lavrov Klintona gözlənilməz xəbəri çatdırdı: Rusiya ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyini (USAID) ölkəsindən çıxarır və təşkilatın Rusiyanı tərk etməsi üçün 30 gün vaxt verirdi. Heyrətlənmiş Klinton ayağa qalxaraq görüşün keçirildiyi otaqdan çıxdı. Görüşün gedişatından məlumatlı olan insanların sözlərinə görə, Lavrov onu qalmağa və söhbəti davam etməyə inandırmağa çalışırdı, amma Klinton yenilməz idi. Klinton onun tərəfindən hazırlanmış mətni atdı və dedi ki, əgər Lavrov danışmaq istəyirsə, onları oxuya bilər.

Amma Putini 2011-ci ilin dekabrında Rusiyada keçirilən parlament seçkiləri haqqında Klintonun bəyanatı qədər heç nə hirsləndirmədi. Klinton Litvada konfransda bildirdi ki, rus insanları azad və şəffaf seçkilərə, ədalətli liderlərə layiqdirlər. Əlbəttə, bu, Putinin ürəyincə olmadı.

Putin inanırdımı ki, Klinton onun devrilməsini hazırlayır? Bu artıq başqa məsələdir. Amma Kreml lideri ABŞ-ın “rejimlərin dəyişdirilməsi” siyasətini dəfələrlə tənqid edib. Hansı ki bu siyasət Klinton tərəfindən dəstəklənilirdi. 2011-ci ildə humanitar əməliyyat adı altına həyata keçirilən və Klinton tərəfindən də müdafiə olunan ABŞ və Avropanın hərbi əməliyyatı de-fakto Müəmmər Qəddafiyə qarşı kampaniyaya çevrildi.

Klinton hökumətdən getdikdən sonra Putinin ünvanına demək olar ki, xüsusi sərt ifadələr səsləndirir. Bu. xüsusilə 2014-cü ildə Krımın zəbt edilməsindən sonra özünü daha açıq göstərir. 2014-cü ilin mart ayında Klinton Putinin hərəkətlərini “Hitlerin 1930-cu illərdə etdikləri” ilə müqayisə etdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm