“Brejnevin teleqrafçısı”, yaxud Rusiyanın Ukrayna barəsində üç ssenarisi
Bizi izləyin

Dünya

“Brejnevin teleqrafçısı”, yaxud Rusiyanın Ukrayna barəsində üç ssenarisi

“Brejnevin teleqrafçısı”, yaxud Rusiyanın Ukrayna barəsində üç ssenarisi

ABŞ tərəfinin təşəbbüsü ilə dünən dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. “İnterfaks” xəbər agentliyinin məlumatında deyilir ki, Kerri rusiyalı həmkarını Ukraynanın cənub-şərq vilayətlərində hər hansı gün tətbiqindən çəkinməyə çağırıb.

Ukrayna cəbhəsindən həyacanlı xəbərlər

Lakin Kiyevdən səslənən bəyanatlar Rusiyanın heç də sakit oturmadığını və belə bir niyyətdə olmadığını göstərir. Dünən Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin başçısı Evgeniy Perebiynis keçirdiyi brifinqdə Rusiya Federasiyasının Krımı separatizm və diversantların koordinasiyası qərargahına çevirdiyini bildirib. O, seperatçılar və diversantların cinayətkar hərəkətlərinin Krımdan əlaqələndirildiyini, həmçinin silahların buradan çatdırıldığını bildirib. Diplomatın sözlərinə görə, bu cür hərəkətlər Rusiya hərbçiləri və texnikanın sayının Ukrayna sərhədləri yaxınlığında artması fonunda baş verir.

Rusiyanın diversant qrupları ilə bağlı başqa bir açıqlama Ukrayna Dövlət Sərhəd Xidmətindən gəlib. Məlumatda deyilir ki, Herson vilayətində diversant silahlı qrupla birlikdə strateji obyektlərin, o cümlədən Kaxavski Su Elektrik Stansiyasının tutulmasını planlaşdırmışdı. Məlumata görə, 1960-ci il təvəllüdlü vilayət sakini Rusiyanın köməyi ilə qrup yaradıb. Onun “Krımın özünümüdafiə” qüvvələrinin rəhbərlərindən birinin vasitəsilə silah almağa hazırlaşırdığı bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, saxlanılan şəxs Rusiya Federasiyası hərbi kəşfiyyatın tapşırığını müntəzəm yerinə yetirərək Krım və Herson vilayəti ərazisində yerləşən Ukraynanın Silahlı Qüvvələrinin yerdəyişməsi haqqında informasiya toplayıb.

Dünən daha bir həyacanlı xəbər isə Ukrayna Müdafiə Nazirliyinin Krım media mərkəzinin rəhbəri Vladislav Seleznyovdan gəldi. “Rusiya Federasiyası Krımın şimalında ”Uraqan" reaktiv yaylım atəş sistemlər və artileriya ilə qoşunları möhkəmləndirir. Bu silahlar Krımın şimalına, Ukraynanın materik hissəsinə tuşlanıb”, - Vladislav Seleznyov vəziyyətin ciddi olduğunu dilə gətirib.

Putinin sözləri və əməlləri

Rəsmi Moskvanın bu iddiaları təkzib etməsinə baxmayaraq, Ukraynanın şərq sərhədlərində Rusiya qoşunlarının toplanması inkaredilməzdir. ABŞ və Avropanın çağırışlarına baxmayaraq, sərhəddəki rus hərbçilərinin sayı on minlərlədir. Bir müddət əvvəl Almaniya kansleri Angela Merkellə danışan Rusiya prezidenti Vladimir Putin qoşunlara geri çəkilməyi əmr etdiyini bildirib. Amma bu baş vermədi. Qərb mətbuat orqanlarının yazdığına görə, geri çəkilən hərbçilərin sayı bir neçə yüzdür və aldadıcı xarakter daşıyır.

“Hərbi hissələr həqiqətən də hərəkətə gəldilər, amma burada geri çəkilməkdən söhbət gedə bilməz. Yalnız yerdəyişmədən danışmaq olar”, - Fransanın “Slate.fr” nəşri yazıb.

Təsadüfi deyil ki, Almaniya kansleri də sonradan Putinin verdiyi “əmr”in yerinə yetirilməməsindən məyusluğunu gizlətməyib.

“Slate.fr” yazır ki, bu cür faktlar Ukrayna böhranında ilk dəfə deyil ki, baş verir. A.Merkel hadisələrin kuliminasiya nöqtəsinə çatdığı fevral ayında söylədi ki, Rusiya prezidenti Ukrayna böhranının həlli üçün koordinasiya qrupunun formalaşması ilə bağlı onun təklifini qəbul edib. “Əslində belə bir təklifin qəbul edilməsi Rusiya prezidentinin maraqlarına tamamilə cavab vermirdi. Çünki, belə bir qrupun yaradılması Krımın zəbt edilməsi üzrə onun planlarına maneə olardı”, - Fransa nəşri qeyd edir.

“Brejnevin teleqrafçısı”

“Slate.fr” Moskva rəhbərliyinin ikili davranışlarının SSRİ dövründə də adi iş olduğunu bildirir:

“1979-cu ilin dekabrında Əfqanıstana müdaxilədən sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Leonid Brejnev Fransa prezidenti Valeri Jiskar d'Estenə telefonla söhbətində söylədi ki, qoşunları tezliklə çıxarmaq fikrindədir. Fransız lideri sovet lideri ilə yaxşı şəxsi münasibətlərinin olmasından lovğalanaraq böyük yeddiliyin Venesiyada keçirilən sammitində “diplomatik müvəffəqiyyət”dən xəbər verdi. Bundan sonra isə Fransua Mitteran Valeri Jiskar d'Esteni istehza ilə "Brejnevin teleqrafçısı" adlandırdı. Sovet qoşunları da 1989-cu ilə qədər Əfqanıstanda qaldı”.

Fransa nəşri bildirir ki, Almaniya kanslerinin Rusiya prezidentinin əlində alət olmaq arzusu yoxdur, amma Barak Obama və onun avropalı həmkarları Putinin həqiqi niyyətlərindən xəbərdar deyil.

Ukraynanın şərq sərhədində Rusiya silahlı qüvvələrinin cəmləşməsi davam edir. Eyni zamanda ölkənin şərqində yerləşən üç böyük şəhərdə - Donetsk, Xarkov və Luqanskda Rusiya tərəfdarları müstəqillik şüarları səsləndirir. “Rusiya tərəfdarlarının yaratdığı qarışıqlıq Ukraynada qeyri-stabilliyə gətirib çıxarır. Vladimir Putinin prioritet məsələsi Ukraynanın Qərbin əlinə düşməsinə imkan verməməkdir”, - Fransa nəşri adıçəkilən şəhərlərdəki qarışıqlığın arxasında Rusiyanın olduğuna işarə edir.

Üç ehtimal

“Slate.fr” hazırkı vəziyyətdə proseslərin üç istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırır.

Birinci ehtimal odur ki, Rusiya müstəqilliyini elan etmiş vilayətlərin “yardım müraciətinə” cavab olaraq rusdilli regionlara hərbi müdaxilə edəcək. Bu isə həmin regionların Rusiyaya birləşdirilməsi yolunda addım ola bilər. Daha az radikal variant Ukraynanın cənubunda xüsusi dəhlizin yaradılmasıdır. Bu dəhliz Krımı SSRİ-nin dağılmasından sonra Rusiyanın 14-cü ordusu tərəfindən işğal edilən Dnestryanı ərazi ilə birləşdirəcək.

Bu ciddi provokasiya olardı və Qərb tərəfindən sərt qarşılanacağı şübhəsizdir.

İkinci ehtimal beynəlxalq danışıqların keçirilməsini ehtiva edir. Rusiya Ukraynanın federasiya halına salınmasını israr edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə Parisdə amerikalı həmkarı Kerri ilə görüşdə bu ideyanə səsləndirsə də, istənilən cavabı almadı.

Moskvada artıq Ukraynanın yeni dövlət quruluşunun layihəsini hazırlayıb. Layihəyə görə, Ukrayna federal dövlətə çevrilməli, federasiyaların qonşu dövlətlərlə bağlı müstəqil siyasət yürütmək hüququ olmalıdır. Başqa sözlə, rusdilli regionlar Rusiya ilə imtiyazlı əlaqələr qura biləcək. Bu işğal olmasa da, ondan biz az fərqlənəcək.

Üçüncü ehtimal isə hərbi təlimlərlə sərhəddəki hazırkı qeyri-stabilliyin, rusdilli regionlardakı nümayişlərin, dövlət binalarına hücumların, təbii qaz qiymətləri ətrafındakı şantajın, Ukrayna məhsullarının Rusiyaya idxalına qadağanın davam etdirilməsidir.

“Qeyri-stabil vəziyyət isə 25 May tarixinə nəzərdə tutulmuş prezident seçkisinin keçirilməsinə, Kiyevdə qanuni hakimiyyətin möhkəmlənməsinə imkan verməyəcək. Nəticədə isə Ukrayna slavyan dünyasında, ən əsası Rusiya sərhədlərində əsl demokratiyanın nümunəsi ola bilməyəcək”, - sonda “Slate.fr” qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm